Sosial şəbəkə oyunbazlığının uğursuz nəticələri -ANALİZ

19:29 | 09.08.2018

Yaxud, belə oyunlar Azərbaycanda keçməyib və keçməyəcək də…

Artıq on ildən çoxdur ki, dünyada bir-birini əvəzləyən və mütəmadi şəkildə gündəmləri zəbt edən bir çox olaylar yaşanan proseslərin gerçək üzünü ortaya çıxarmaqdadır. Xüsusilə, internet resurslarının inkişafı dövrünə təsadüf edən hadisələrin hər birinin arxasından Qərbin çıxması isə bir sıra suallar doğurur. Bu isə belə deməyə əsas verir ki, zaman-zaman dünyaya özünə sərf edən “demokratiya” ixrac edən qoca Qərb öz müstəvisində buna dözümsüzlük göstərir. Artıq Qərbin özündə elə hadisələr baş qaldırır ki, bunun qarşısı zor gücünə, polis vəhşiliyi və s. qeyri-insani yollarla alınır. Buna misal kimi, təkcə son 10 ildə ABŞ-da, Böyük Britaniyada, Fransada, Almaniyada İspaniyada və s. Qərb ölkələrində baş verən son hadisələri xatırlatmaq mümkündür.

Maraqlısı isə odur ki, “demokratiyanın beşiyi” hesab edilən və sosial şəbəkələrin dəstəkçisi olan Qərb, bu dəfə məhz özləri tərəfindən yaradılmış sosial şəbəkələrin hədəfinə çevrilərək, necə deyərlər, onun “xeyrini” görməyə başlayıblar.

Xatırlayaq – Tottenhem olayları

Halbuki, tarixə “ərəb baharı” kimi düşən qanlı-qadalı hadisələr, yüz minlərlə insanların ölümünə, qəddarlığa səbəb olan Qərb “demokratiyasının” ixracatçı başbilənləri bu gün də eyni baxışdan çıxış edirlər. Ancaq unudurlar ki, İngiltərədə baş vermiş Tottenhem olayları dünya ictimaiyyətinin yadından çıxmayıb. Misal üçün xatırlada bilərik ki, 2011-ci ilin avqustunda Mark Duqqan adlı qaradərili ingilis gənci Tottenhem şəhərində polis tərəfindən öldürülmüşdü və bu hadisə kütləvi etirazlara səbəb olmuşdu. Qısa zaman içində Tottenhemdən qığılcım götürərək, London da daxil olmaqla, digər şəhərlərə qədər sürətlə yayılan iğtişaşlarda minlərlə mağaza soyuldu və qarət edildi, minlərlə insan ciddi xəsarət aldı. Qərb mətbuatının yaydığı məlumatlara görə, hadisələr zamanı 5 adam ölmüş, 3 mindən çox adam həbs olunmuşdu. Həbs edilənlərdən 1000 nəfəri cəza almış, bir o qədəri də axtarışa verilərək sonradan həbsxanalara atılmışdı. Maddi zərər isə 200 milyon dolları keçmişdi. Eyni zamanda 200-ə yaxın polis məmuru müxtəlif dərəcəli ağır bədən xəsarətləri almışdı.

Tottenhem hadisələrindən sonra Britaniya hökuməti 4 gün ərzində bütün sosial şəbəkələrə çıxışları dayandırmışdı!

Yeri gəlmişkən, bu gün Azərbaycana qarşı da heç bir əsası olmayan ittihamlarla çıxış edən, guya internet azadlığına məhdudiyyətlərin qoyulduğunu iddia edən bir sıra Qərb siyasi dairələri unudurlar ki, təkcə Tottenhem hadisələrindən sonra Britaniya hökuməti 4 gün (!!!-R.N.) ərzində bütün sosial şəbəkələrə çıxışları dayandırmışdı. öldürülən qaradərili Mark Duqqan üçün “R. I. P. Mark Duggan” adı ilə “Facebook” səhifəsi açıldı və səhifənin qısa müddətdə minlərlə dəstəkçisi oldu. Nəticədə isə bu səhifədə paylaşılan mesajlar ingilis polisinə qarşı “qisas” adı altında yayımlandı. Sonra isə “qisasın” yerini küçə nümayişləri, onun ardınca isə, talan və qarətlər, lap sonda isə anarxiyaçılıq əvəz etdi.

Daha sonra bu istiqamətdə müəyyən qədər irəliyə gedərək, iğtişaşçıların koordinasiya rolunu oynayan sosial şəbəkələri ölkə ərazisində bağlamaq barədə müzakirələr aparıldı və 4 gün sosial şəbəkələrinin fəaliyyəti tamamilə dayandı. Özü də ingilis hökuməti bunu sosial şəbəkələrin rəhbərlərinə müraciət edərək həyata keçirtdilər. Şəbəkə rəhbərləri isə hökumətin bu çağırışını məmnunluqla qəbul etdilər.

Çikaqo hadisələri – ABŞ-ın ayrı-ayrı ştatlarında sosial şəbəkələrə giriş qadağası bir neçə müddət boyunca tətbiq edilməklə yanaşı, hadisələri işıqlandıran jurnalistlər saxlanılaraq təcridxanalara salınmışdı

Bənzər hadisə ABŞ-da da baş vermiş və qaradərili gəncin öldürülməsi kütləvi iğtişaşlara, həbslərə, hətta polis tərəfindən jurnalistlərin təqibinə səbəb olmuşdu. Bu hadisədən öncə isə “Çikaqonu zəbt et” şüarı ABŞ şəhərlərini bürümüşdü, Amerika “demokratiyasının” iç üzü ifşa olunmuşdu. ABŞ-ın ayrı-ayrı ştatlarında sosial şəbəkələrə giriş qadağası bir neçə müddət boyunca tətbiq edilməklə yanaşı, hadisələri işıqlandıran jurnalistlər saxlanılaraq təcridxanalara salınmışdı.

Beləliklə, hadisələrin bu qədər sürətlə yayılmasına, vəziyyətin bu qədər acınacaqlı həddə çatmasına təbii ki, ərəb ölkələrində baş verən inqilablar, iğtişaşlar “törədən” “Facebook” , “Twitter” və bu kimi digər sosial şəbəkələri səbəb olmuşdu desək, heç də yanılmarıq.

İkili standart olan yerdə düzgünlük, dürüstlük və ədalətli mövqenin olması qətiyyən mümkün deyil

Söz yox ki, bəlli dairələr müstəqil və qətiyyətli siyasət yürüdülən Azərbaycana da diş atmağa çalışıblar. Bu kimi hadisələr Azərbaycanda da göstərilməyə cəhd edildikdə, istər radikal və dağıdıcı ölkə müxalifəti, istərsə də bir sıra Qərb dairələri tamamilə fərqli münasibət göstərirlər, demokratiyanın, insan hüquqlarının pozulması kimi qiymətləndirirlər. Onu da qeyd edək ki, Qərb siyasətinin ikili standartları dəfələrlə Azərbaycana tətbiq edilib. Belə ki, müxalifətin dağıdıcı qanadının hələ 2010-2012-ci illərdə müxtəlif adda, yəni sifarişlərlə keçirdikləri icazəsiz aksiyaları zamanı, insanların asayişinin, rahatlığının, istirahətinin pozulduğu üçün dövlət tərəfindən qanunsuz hərəkətlərin alınmasını “anti-demokratik” addım kimi qimyətləndirdilər. Halbuki həmin aksiyalar zamanı onlarla avtomobillərə, mağazalara, iaşə obyektlərinə, ofislərə külli miqdarda maddi ziyan dəymişdi, insanlar xəsarət almışdı.

Qıcanan dişlərin də fəsada uğrayıb qırılan zamanı olur, həm tibbi, həm də fiziki nöqteyi-nəzərdən…

Ancaq digər maraqlı məqam Azərbaycan hakimiyyətinin radikallara icazəli mitinqlər, toplantılar keçirmək üçün müvafiq yerlər ayırdıqdan sonra belə, yenidən Qərb dairələrinin eyni mövqedən ittihamlar irəli sürməsidir. Buna isə açıq-aşkar siyasi həyasızlıq deyirlər. Bu əsnada bir çoxları belə bir sual edirlər: bəs, görəsən Qərb öz daxilində baş verənləri görmürmü? Təbii ki, ikili standartların olduğu yerdə bu sualın verilməsi heç də düzgün sayılmaz. Çünki ikili standart olan yerdə düzgünlük, dürüstlük və ədalətli mövqenin olması qətiyyən mümkün deyil.

Qaldı ki, social şəbəkələrdəki “söyüş müxalifətinin” bəlli əməllərinə, çox yəqin ki, istər nüfuzlu, istərsə də sadə insanların ailələrinə, şəxsiyyətlərinə qarşı tərbiyəsizlik edənlər bu əməllərinə görə cavablarını alacaqlar. Yəqin ki, onda da ikili standartlara sadiqliyini nümayiş etdirən qərbli başbilənlər yenidən yaxa-başlarını yırtaraq, “demokratiya” deyib, diş qıcıdacaqlar. Amma qıcanan dişlərin də fəsada uğrayıb qırılan zamanı olur, həm tibbi, həm də fiziki nöqteyi-nəzərdən…

//SİA