Türkiyəli professor: “Yanlış iqtisadi siyasət ölkəni bu vəziyyətə gətirdi” – MÜSAHİBƏ

14:51 | 23.05.2018

Türkiyənin məşhur iqtisadçısı, professor Esfender Korkmazın müsahibəsi:

– Türk lirəsinin sürətlə dəyərini itirməsinin səbəbi nədir? Bunun qarşısı niyə alınmır və ya alına bilmir?

– Hal-hazırda dollar öz nominal dəyərindən 25-26% daha dəyərlidir. Mərkəzi Bankın 2003-cü real məzənnə indeksinə görə, tarazlıq məzənnəsi kimi 1 dolların 3,60 Türkiyə lirəsinə bərabər olması lazımdır. Türk lirəsinin dəyər itirməsi AKP iqtidarının 16 ildən bəri davam etdirməyə çalışdığı “isti” pula və xarici borca əsaslanan böyümə və günlük pul siyasətinin nəticəsidir. Bu siyasət iqtisadiyyatı “sınmağa” çox meylli hala gətirdi. Xarici faktorlardan müstəqil şəkildə birja və məzənnə çox sürətli hərəkət edir.

“Türk lirəsinin dəyər itirməsi iqtidarın 16 ildən bəri davam etdirməyə çalışdığı “isti” pula və xarici borca əsaslanan böyümə və gündəlik pul siyasətinin nəticəsidir”

Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatlarına görə, banklardakı hesabların faizləri sıfırdan aşağıdır. Bu şərtlərdə əlində pulu olan adamlar o pulu inflyasiya qarşısında əriməkdən xilas etmək üçün ya hərəkətsiz əmlak, ya qızıl, ya da valyuta alır. Saxlama və başqa yerə göndərmək baxımından valyuta daha konvertabl investisiya vasitəsidir. Bu vəziyyət valyutaya olan tələbi artırır. Və nəhayət, iqtisadiyyatın təməli olan infrastruktur da pozuldu. Türkiyə hüququn üstünlüyü sahəsində beynəlxalq standartların gerisinə düşdü. Məhkəmələrin müstəqilliyi mübahisə mövzusuna çevrildi. İnsan haqlarına, mətbuat azadlığına və siyasi azadlıqlara məhdudiyyətlər qoyuldu. Dövlətin imkanları ilə “tərəfdar” media yaradıldı. Fövqəladə vəziyyət davam edir, bu şəraitdə qəbul edilən qərarların məzmunu Konstitusiyanın sərhədlərini aşıb keçdi. Bunun nəticəsində siyasi iqtidara qarşı etimadsızlıq yarandı.

Bu iqtisadi və siyasi infrastruktur problemləri valyutanın məzənnəsinin artmasına səbəb olur.

– Prezidentin aşağı faiz təzyiqi Türkiyə iqtisadiyyatını haraya aparar? Bu durumda Mərkəzi Bank öz müstəqilliyini itirmirmi?

– Mənfi real faizin ilk təsiri məzənnələrin artmasıdır. Bu vəziyyət qənaət meylinin aşağı düşməsinə, istehlakın artmasına, inflyasiyaya səbəb olur və valyutaya olan tələbin artmasına yol açır. Ümumi qənaətə mənfi təsir göstərir. Elə buna görə də Türkiyə iqtisadiyyatı əcnəbi maliyyə mənbələrinə və xaricdən alınan borclara bağlı olaraq böyüyür. Mərkəzi Banka müdaxilə etmək Bankın fəaliyyətini tənzim edən qanuna ziddir. Onsuz da siyasi iqtidar Mərkəzi Bankın müstəqilliyini tanımır və bu yanaşması ilə hüquqa zidd hərəkət edir.

– Qısa müddətdə təxminən 240 milyard dollar borc ödənməsindən söhbət gedir. Türkiyə bu qədər pulu haradan tapacaq?

– Türkiyə qısamüddətli xarici borclarını ödəməkdə çətinlik çəkir.

“Hal-hazırda Yunanıstandan başqa xarici borcları riskli vəziyyətdə olan digər ölkə Türkiyədir”

Hal-hazırda Yunanıstandan başqa xarici borcları riskli vəziyyətdə olan digər ölkə Türkiyədir. Elə buna görə də xarici borcun sığorta ödəməsi 288%-ə çıxıb ki, bununla da Türkiyə dünyanın o biri ölkələrindən çox qabaqdadır. Dünya bazarında 3% ilə borc almaq mümkün ikən, Türkiyə 6% və daha yüksək faizlərlə borc pul tapa bilir.

– Beynəlxalq kredit qurumlarının yenidən Türkiyənin etibarını aşağı salmasından söhbət gedir. O qurumların Türkiyəyə qarşı hər hansı şəxsi-qərəzi varmı?

– Qısa müddət əvvəl beynəlxalq kredit dərəcələndirmə qurumu “Fitch” Türkiyəni, Argentinanı və Ukraynanı “sınmağa” ən yaxın ölkələr kimi göstərdi.

“Türkiyə BVF ilə müzakirəyə başlamaq məcburiyyətində qalacaq”

Ukrayna Beynəlxalq Valyuta Fondu ilə 14-18 milyard dollarlıq kredit sazişi imzaladı. Argentina BVF-dən 30 milyard dollar kredit istədi. Türkiyə də BVF ilə müzakirəyə başlamaq məcburiyyətində qalacaq. Əgər kredit dərəcələndirmə qurumları bir ölkəyə, bir dövlətə və ya banka qarşı qərəzli hərəkət edərsə, məlumat verdiyi müştərilər baxımından etibarı sarsıdar, müştərisi qalmaz və iflas edər.

//APA