UEFA nümayəndələri “Qarabağ” üçün Bakıya gəlir

15:09 | 30.08.2017
38 dəfə oxundu

UEFA “Qarabağ”ın Çempionlar Liqasının qrupunda ev oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirmək istəyi ilə əlaqədar bu idman arenasında yoxlama aparacaq.

Ağdam klubunun müraciətinə cavab olaraq, qitənin ali futbol qurumu yaxın günlərdə Bakıya öz nümayəndələrini göndərəcək.

Onlar BOS-un Çempionlar Liqasının qrup matçlarını qəbul edib-etməməyə nə dərəcədə hazır olduğunu yoxlayacaqlar. Məhz bundan sonra UEFA “Qarabağ”ın müraciəti ilə bağlı qərar verəcək.

Qeyd edək ki, konkret bu məsələyə görə UEFA nümayəndələrinin Bakıya səfərinin vaxtı hələ bilinmir. Amma sentyabrın 11-də qitənin ali futbol qurumunun başqa ekspertlərinin “Avro-2020”-nin final mərhələsi ilə əlaqədar Azərbaycana əvvəlcədən nəzərdə tutulan səfəri olacaq. Səfər zamanı onlar Olimpiya Stadionu ilə növbəti dəfə tanış olacaq, özlərinin təklif və tövsiyələrini bildirəcəklər. İstisna deyil ki, məhz elə həmin nümayəndələr BOS-un ÇL-nin oyununu qəbul etməyə hazır olub-olmaması ilə bağlı UEFA-ya rəylərini bildirsinlər.

Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ” Bakıda ilk oyununu sentyabrın 27-da “Roma”ya qarşı keçirəcək. Ağdam klubu bu matç da daxil olmaqla, rəqiblərini Olimpiya Stadionunda qəbul etmək üçün UEFA-ya müraciət edib.

///qol.az