Vasadze: “Gürcüstan hökuməti ictimai rəyi nəzərə alaraq Ermənistana alternativ yolun açılmasına razı olmayacaq”

14:27 | 23.05.2018

Vasadze: “Gürcüstan hökuməti ictimai rəyi nəzərə alaraq Ermənistana alternativ yolun açılmasına razı olmayacaq”

“Gürcüstan işğal altındakı ərazilərdən Ermənistana tranzit dəhlizinin açılmasına razılıq versə, bu, işğal olunmuş torpaqların iqtisadi cəhətdən qanuniləşdirilməsi sayılacaq”.

Ekspert bildirib ki, Gürcüstan dəhlizin açılması ilə bağlı addım atsa, işğal altında olan ərazilərin tanınmaması siyasəti şübhə altına alına bilər: “Bu yolun hüquqi və texniki cəhətdən açılması mümkün olsa da, bu məsələ o qədər müzakirə olunub ki, yolun hələ 10 il də açılmayacağı ilə bağlı təəssürat formalaşıb. Bu barədə qərar texniki müzakirə formatı olan Abaşidze-Karasin görüşündə deyil, Rusiya-ABŞ münasibətləri formatında qəbul olunacaq”.

G. Vasadze hesab edir ki, Vaşinqtonun razılığı olmadan Gürcüstan rəhbərliyi bu yolun açılmasına razı olmaz: “Əgər bu dəhliz açılsa, Vaşinqton və Moskva arasında region üzrə böyük sövdələşmənin bir hissəsi olacaq. Bu sövdələşmədə Vaşinqton yalnız Gürcüstan tərəfindən iştirak edəcək. Azərbaycan və Ermənistan tərəflərini isə böyük ehtimalla Moskva təmsil edəcək”.

Ekspertin fikrincə, Cənubi Qafqaz regionu ABŞ və Rusiyanın hər hansı bir güzəşt və ya nailiyyət əldə edə biləcəyi yeganə regiondur: “Yolun açılması Kreml üçün çox vacibdir. Çünki Rusiya beynəlxalq təcridə yaxındır və ondan çıxmaq üçün hər şey edir. ABŞ-a da bu “uğur hekayəsi” lazımdır, belə ki, Tramp Putinlə hər hansı bir məsələyə dair razılığa gəlməyi çox istəyir. Bu məsələ isə bizim regionla əlaqəli ola bilər. Çünki digər yerlərdə onlar hər hansı bir məsələ ilə bağlı razılığa gələ bilmirlər”.

Politoloqun sözlərinə görə, dəhlizin Ermənistanın iqtisadi inkişafına təsiri sıfır səviyyəsində olacaq: “Bu məsələ siyasi əhəmiyyət daşıyır və ona Azərbaycan və Ermənistan arasındakı münaqişə kontekstindən baxsaq, əgər yol açılarsa bu, Ermənistan üçün nailiyyət kimi təqdim olunacaq. Yəni Ermənistan üçün daha bir alternativ yol açıldı və Azərbaycanın siyasi blokadası iflasa uğradı”.

G. Vasadze Gürcüstan hakimiyyətinin yolun açılması ilə bağlı qərar qəbul edəcəyinə şübhə ilə yanaşır: “Bu məsələdə ən vacib məqam ictimai rəydir. İctimai rəy isə yolun açılması məsələsinə qəti olaraq etiraz edir. Gürcüstan əhalisi, siyasi isteblişment, KİV-in bu məsələyə münasibəti olduqca mənfidir. Buna görə də hesab edirəm ki, Gürcüstan hakimiyyəti ictimai rəyin bu cür zərbəsini qəbul edərək buna getməyəcək”.

//APA