“Xəzər-Lənkəran”ın kapitanı: “Payızdan Rusiya çempionatında çıxış edəcəyik”

14:48 | 19.07.2018

“Burdan bütün “Xəzər-Lənkəran” fanatlarına səslənirik. Bizə dəstək olduqları üçün onlara təşəkkür edirik! Qoy elə daim yanımızda olsunlar.

Biz də söz veririk ki, onları gözəl oyunumuz və qələbələrimizlə sevindirəcəyik. Lənkəranımızın və Azərbaycanımızın adını her yerdə uca edək – bu formanı geyinən hər kəs bunun üçün meydanda sonadək mübarizə aparmalı, hətta vuruşmalı və onun haqqını verməlidir”.

Bunu açıqlamasında Rusiyanın paytaxtı Moskvada yeni yaradılan “Xəzər-Lənkəran” komandasının kapitanı Elnur Babayev bildirib.

Onun sözlərinə görə, komandanın yaradılmasında məqsəd Azərbaycanı Rusiyada layiqincə təmsil və təbliğ etməkdir: “Moskvadakı “Xəzər-Lənkəran” futbol komandası mən və yaxın dostum Ruslan Hüseynov tərəfindən yaradılıb. Mən özüm – Babayev Elnur Siyavuş oğlu Lənkəran rayonunun Boladi kəndində doğulmuşam. Dostum Hacıyev Ruslan Roman oğlu isə Masallının Mahmudavar kəndindəndir. Məqsədimiz burda Azərbaycanımızı layiqincə təmsil etmək və tanıtmaqdır. Çalışırıq biz də ölkəmiz, vətənimiz üçün əlimizdən gələni, bacardığımı edək. İnanırıq ki, bu yolda uğurlar qazanacağıq”.

E.Babayev qeyd edib ki, qarşılarına böyük məqsədlər qoyan komanda payızda Rusiya çempionatında çıxış etməyi planlaşdırır: “Hələlik əsas komandamız təlim-məşq toplanışındadır. İkinci komandamız isə “Urban Cup” Kuboku uğrunda mübarizə aparır. İki oyun keçirmişik. İlk oyunda 5-0, ikinci oyunda isə 2-0 hesabı ilə qələbə qazanmışıq. “Xəzər-Lənkəran” 7 komandanın çıxış etdiyi “B” qurupunda 6 xalla hələlik ilk pillədədir. Məqsədimiz kuboku qazanmaq və daha sonrakı planlarımızın icrasına daha yaxşı əhvali-ruhiyyədə başlamaqdır. Qarşımıza böyük məqsədlər qoymuşuq. İnşallah, sentyabrdan bizi Rusiya çempionatı gözləyir. Böyük ehtimalla ya 3, ya da 4-cü liqada oynayacağıq. Bunu hələ dəqiqləşdirməmişik. Çünki bu məsələ komandamızın büdcəsindən asılıdır. Hələlik komandanın heç bir rəsmi sponsoru yoxdur. Komanda hələ ki, öz gücünə qabağa gedir. Düzdür, bizə burdakı yerlilərimizdən də maddi dəstək olanlar var. Lakin çempionatda çıxış etmək üçün bundan daha çox vəsait lazımdır. İnanırıq ki, sponsor işi də düzələr və komandamız daha güclü liqada yer alar”.

Komandanın kapitanı əlavə edib ki, geyim formasının üzərində “Palmali” sözü həmin şirkət komandanın sponsoru olduğuna görə deyil, başqa səbəbdən yazılıb: “Geyim formamız ənənəvi olaraq vaxtilə Azərbaycanda fəaliyyət göstərən “Xəzər-Lənkəran”ın geyim formasına uyğun olaraq ağ-yaşıl rəngədir. Klubun emblemi də həmin “Xəzər-Lənkəran”ın embleminə oxşayır, sadəcə cüzi dəyişiklik etmişik. Formanın qabağında “Palmali” yazılmasına baxmayaraq, əslində bu şirkət hələlik bizim sponsorumuz deyil. Sadəcə “Xəzər-Lənkəran”a və onun sahibi, tanınmış iş adamı, vətənpərvər yerlimiz Mübariz Mənsimova hörmət əlaməti olaraq şirkətin adını formanın üstündə saxlamışıq”.

Xatırladaq ki, “Xəzər-Lənkəran” (Moskva) komandası bu il iyun ayının əvvəlində yaradılıb. Onun təsisçiləri əslən Azərbaycandan olan və hazırda Rusiyada yaşayan Elnur Babayev və Ruslan Hüseynov adlı gənclərdir.
Hazırda “Urban Cup” Kubokundan çıxış edən “Xəzər-Lənkəran” (Moskva) “B” qrupunda keçirdiyi ilk iki oyunun hər ikisində qalib gəlib. Rəqiblərin qapısına 7 qol vuran “XL” öz qapısından bir top belə buraxmayıb.

Qeyd edək ki, “Urban Cup” Kuboku Moskvanın ən genişmiqyaslı həvəskar turnirlərindən biri hesab edilir və turnirdə “Urban Cup” çempionatının yüksək, 1-ci və gənclər liqalarından olan 52 komanda iştirak edir.

Oyunlar Moskvada neytral meydançalarda keçirilir. Bu yarış müxtəlif liqalardan olan komandaların bir turnirdə qarşılaşması üçün unikal imkan və əlavə həvəs yaradır.

//Milli.Az