Yuri Maksimov Ukrayna mətbuatına: “Bu, Azərbaycan üçün mənfi haldır”

14:46 | 04.06.2018

“Keşlə”nin baş məşqçisi Yusi Maksimov Ukraynada ua-football.com saytına müsahibə verib.

Azərbaycan Premyer Liqasındakı mübarizədən məmnun qalan mütəxəssis yeni müqavilə üçün klub rəhbərliyinin qarşısına şərt qoyduğunu söyləyib.

– Ötən ilin dekabrında “Keşlə”nin “sükanı arxası”na keçdikdən sonra rəhbərlik qarşınıza hansı tələblər qoymuşdu?

– Hədəf avrokuboklara vəsiqə idi. Lakin mənim də şərtlərim oldu. Qarşıya qoyulan məqsədə çatmaq üçün heyət keyfiyyətli futbolçularla gücləndirilməli idi. Avropa Liqasına vəsiqə qazandıqsa, deməli, tələb yerinə yetirilib.

– Azərbaycan Kubokunun finalında “Qəbələ” üzərində 1:0 hesablı qələbə qazandığınız matç barədə danışardınız…

– Final görüşünü səfərdə keçirdik. “Qəbələ” bizi öz meydanında qəbul edirdi və azarkeşlərinin onlara güclü dəstəyi var idi. Onlara kuboku qazanmaq nüfuz üçün lazım idi. Lakin biz də özümüzü sübut etmək istəyirdik və bu, alındı. Finala çıxmaq çox çətin oldu. Final bizim üçün daha asan oldu, çünki futbolçular rahat idilər, üzərlərində təzyiq yox idi. “Sumqayıt”la yarımfinal görüşləri çox ağır keçdi. İlk oyunda evdə 1:0 hesabı ilə qalib gəldik, cavab matçında bərabərə (1:1) qaldıq. Bu oyunlarda 2 qol vuran Sezar Meza Kolli bizi finala çıxardı. Sezar əvvəllər “İnter”də oynamış, sonra bir ilə yaxın futbolsuz qalmışdı. Menecerlər vasitəsilə yenidən komandaya dəvət edildi və özünü yaxşı tərəfdən göstərdi.

– Gələcəklə bağlı planlarınız nələrdi? Sizə yeni müqavilə təklif edilibmi?

– Rəhbərlik yeni birillik müqavilə bağlamağımı istəyir. Mən də razılıq vermişəm. Ancaq o şərtlə ki, komandadakı futbolçular da qalsın. Üstəlik, heyəti gücləndirə də bilərik. İyunun 20-də Bakıya gedəcəm. Həmin vaxt rəhbərliklə danışıq aparıb, yekun qərarı verəcəyik.

– Klubun idman infrastrukturu hansı vəziyyətdədi?

– Baza və stadion bir yerdədi (gülür). Futbol meydançamız süni örtüklüdü. Orda həm məşq edir, həm də oyun keçiririk. Vəziyyət çox da yaxşı deyil. Belə meydanda futbolçular tez-tez zədələnirlər. Premyer Liqada 8 komanda var ki, onlardan 4-ü süni, 4-ü isə təbii örtüklü meydanda oynayır. Bu, isti iqlimli ölkə üçün mənfi haldı. Ancaq çempionat çox maraqlıdı. Asan oyun yoxdu – ən vacib məqam da budu. 8 klub 4 dövrəli sistemlə çıxış edir və çempionatda istənilən komanda sürpriz edə bilir.

//apasport.az