Əksər gənclərin dövlət qulluğuna marağının olmamasına səbəblər NƏLƏRDİR?- vakant iş yeri azlığı, yoxsa..?-Ekspertlərdən AÇIQLAMAbackend

Əksər gənclərin dövlət qulluğuna marağının olmamasına səbəblər NƏLƏRDİR?- vakant iş yeri azlığı, yoxsa..?-Ekspertlərdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə son bəyanatında bildirib ki, Azərbaycanda məzunlar üçün kifayət qədər vakant iş yerləri var. Lakin mövcud olan vakansiyalar dolmur və insanlar işsiz qalır. Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin məzunlarının az qismi əmək bazarında olan tələbləri ödəyə bilir.

Məsələ ilə bağlı Editor.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, DİM-in dövlət qulluğuna keçirdiyi imtahanlar tamamilə şəffaf, ədalətli və obyektivdir:

“Lakin bunun ancaq test mərhələsində şahidi oluruq ki, həqiqətən də imtahan iştirakçılarının bilikləri obyektiv olaraq qiymətləndirilir. Test imtahanından sonra müsahibəyə buraxılanlar isə bu mərhələdə ciddi problemlər yaşayırlar. Belə ki, bir sıra dövlət qurumlarında gənclərin dövlət qulluğu imtahanından keçməsinə baxmayaraq onlar müsahibə mərhələsindən kəsilərək ehtiyat kadrlar siyahısına yerləşdirilir. DİM test mərhələsində imtahanları şəffaf keçirir, ancaq müsahibə və işə qəbul prosesində ciddi problemlər var. Bunu da gənclər çox yaxşı bilir. Hörmətli Məleykə xanımın kifayət qədər vakant yerlərin olması ilə bağlı fikri sənəd üzərində həqiqətləri əks etdirir. Realda isə o yerlərin heç biri vakant deyil və bəziləri nazirliklərdə, dövlət qurumlarda dövlət qulluğu imtahanlarından keçə bilməmələrinə baxmayaraq tanışlıq əlaqələri ilə əvəzedici qaydada boş görsənən vakant yerləri tutub. Məhz buna görə də hansısa gənc dövlət qulluğu imtahanından sonra müsahibə mərhələsindən də keçir ehtiyat kadr kimi iki il qaldıqdan sonra onu işə təyin etmirlər. Məsələn, tanıdığım çox istedadlı bir gənc Təhsili Nazirliyinə dövlət qulluğu imtahanından həm test mərhələsini, həm də müsahibə mərhələsini yüksək balla keçmişdi, ancaq iki il ehtiyat kadr kimi saxlanıldıqdan sonra ona hər hansı bir təyinat verilmədi. Lakin hal- hazırda təhsil nazirinin öz yaxın adamlarının nazirlikdə vəzifələrə təyin olunduğunun şahidi oluruq”.

Təhsil eksperti hesab edir ki, bu gün gənclərin dövlət qulluğuna imtahan verməmələrinin səbəbi müsahibə mərhələsindəki qeyri-şəffaflıqdır:

” Eyni zamanda, ali təhsil müəssisələrinin böyük əksəriyyəti əmək bazarının tələblərinə və müasir standartlara cavab verən kadr hazırlığını həyata keçirə bilmirlər. Bu gün universitetlərdə bu istiqamətdə işlər çox zəif aparılır. Hazırladıqları kadr əmək bazarının tələblərinə uyğun deyil. Abituriyentlər məktəbdən sonra bakalavr pilləsinə qəbul olur və 4 il ərzində əldə etdikləri bilik və bacarıqlar onlara demək olar ki, lazım olmur. Bu ciddi bir problemdir. Hesab edirəm ki, ali təhsilin keyfiyyəti artmalıdır”.

Təhsil eksperti Elçin Əfəndi Editor.az-a bildirib ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dediyi fikirlərdə tam haqlıdır:

” “Çünki tələbələrin özlərində ilk növbədə müvafiq ixtisaslar barədə müfəssəl məlumat olmadığı üçün onlar kortəbii formada seçimlərə üstünlük verərək mütəxəssis rəyi almırlar. Abituriyentlər ixtisas seçimindən əvvəl əmək bazarında konkret olaraq hansı ixtisaslar üzrə kadr tələbinin daha çox olduğunu araşdırmalıdır. Belə olmadıqda diplomlu işsiz ordu formalaşır, hansı ki onlar müvafiq olaraq bakalavr pilləsinə və yaxud da magistr pilləsinə qəbul olarkən araşdırmadan kor təbii formada ixtisasları seçirlər. Bununla paralel olaraq ali təhsil müəssisələri əmək bazarına keyfiyyətli kadr hazırlaya bilmir və yaxud universitetlərdə tədris olunan bəzi ixtisaslara ümumiyyətlə ehtiyac yoxdur. Xarici ölkələrdə və beynəlxalq sistemdə daha çox tələbat olan ixtisasları ölkənin ali təhsil müəssisələrinə gətirməli və bunları tətbiq etməliyik. Son dövrlər bu istiqamətdə işlər aparılır, daha çox informasiya və texnologiya yönümlü ixtisaslar demək olar ki, ölkədə tətbiq olunur. Ancaq hesab edirəm ki, bəzi vacib ixtisaslar hələ də ali təhsil müəssisələrində tədris olunmur”.

E. Əfəndi onu da diqqətə çəkib ki, Azərbaycanda təhsil müəssisələrində daha çox nəzəri biliklərin öyrədilməsinə üstünlük verilir və təcrübi bilik çox az tədris olunur:

“Təcrübi bilik üçün yalnız son kursun ikinci semestrində iki üç aylıq bir təcrübə müddəti olur və bundan da effekt əldə etmək mümkün deyil. Hansı ki, Avropa ölkələrində tələbələr ən azı iki üç il təcrübə keçirlər və nəzəri bilikləri birbaşa praktikaya köçürərək xeyli təcrübə əldə edirlər. Bunun nəticəsində kifayət qədər ixtisaslı kadr kimi formalaşa bilirlər. Bu metodun tətbiqi isə əmək bazarında ixtisaslı kadrların çox olmasına gətirib çıxara bilər. Biz ali təhsil müəssisələrində infrastrukturu inkişaf etdirməli, mövcud əlverişli proqramları tətbiq etməli, universitetlərin şəraiti yaxşılaşdırılmalıdır. Belə olduqda əmək bazarında kadr çatışmazlığı məsələsi tədricən aradan qalxar”.

//Gülnarə Abasova, Editor.az