Əlavə təhsilə qəbul qaydaları TƏKMİLLƏŞDİRİLİR: Nə kimi dəyişikliklər gözlənilir?- Ekspertlər AÇIQLADIbackend

Əlavə təhsilə qəbul qaydaları TƏKMİLLƏŞDİRİLİR: Nə kimi dəyişikliklər gözlənilir?- Ekspertlər AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali təhsil və orta ixtisas təhsili müəssisələrində əlavə təhsilə qəbul qaydaları təkmilləşdiriləcək. Bu barədə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında qeyd olunub. Sənədə əsasən, ali və orta ixtisas təhsili müəssisələrində əlavə təhsilə qəbul prosesi ilə bağlı mövcud vəziyyət təhlil edilməli və qiymətləndirilməli, qəbul prosesində şəffaflığın təmin edilməsi məqsədilə müvafiq layihələr hazırlanmalı, proses elektronlaşdırılmalı, sonda qaydalar təkmilləşdirərək bu sahədə qəbul edilən normativ hüquqi aktların icrası təmin edilməlidir.

Mövzu ilə bağlı Editor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki,  məlum olduğu kimi ali və orta ixtisas təhsil müəssisələrinə əlavə qəbul respublika və dünya olimpiyada qalibləri, həmçinin müvafiq olaraq idman yarışlarında nailiyyətlər qazanmış şəxslər üçün ikinci əlavə təhsil qəbul keçirilir:

” Bu istiqamətdə qaydaların təkmilləşdirilməsi ilə bağlı Prezident tərəfindən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair  2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”da dövlət proqramında tələbələrin qəbulunun şəffaf şəkildə aparılması nəzərdə tutulub. Bəzən bu prosesdə neqativ hallarla rastlaşırdıq. Kiminsə müvafiq nailiyyəti olmasa da və ya xarici ölkədə təhsil alıb diplomunu burada təsdiqlədən şəxsin ikinci ali bağlı müraciəti hansısa rüşvət və ya tanışlıq qarşılığında qəbul edilirdi. Və ya bəzən dövlət qulluğu üzrə işləyən müvafiq şəxslər idarəetmə sahəsini öyrənmək müvafiq universitetlərdə sırf idarəetmə sahəsi üzrə ali təhsil alırdılar. Bu zaman hər hansı bir uğursuzluq aşkarlananda bəziləri müvafiq prosedur qaydalarını pozaraq korrupsiya faktına yol açırdılar. Bu halların qarşısının alınması məqsədilə isə artıq elektronlaşmış qaydada prosesin həyata keçirilməsi nəzərdə tutulur. Sırf bu istiqamətlərdə tələbə qəbulunun aparılmasında obyektivliyin təmin olunmasına çalışılır. Hesab edirəm ki, bu qərarın tətbiqi özünü doğruldacaq və yalnız həqiqətən də əlavə təhsilə ehtiyacı olan şəxslər ali və ya orta ixtisas təhsili qazana biləcəklər”.

Təhsil eksperti İlqar Orucov Editor.az-a bildirib ki, 2022-2026-ci illərdə ali və orta ixtisas təhsili müəssisələrində əlavə təhsilə qəbulla bağlı qaydaların təkmilləşdirilməsi ilə bütövlükdə prosesin elektronlaşdırılması nəzərdə tutulur:

“Bu istiqamətdə görülən işlər ali təhsil və orta təhsil ixtisas müəssisələrinə əlavə təhsilə qəbul prosesinin şəffaşlaşdırılmasına, bu istiqamətdə vətəndaş məmnunluğunu, korrupsiya hallarının minimuma endirilməsini təmin edəcək. Hesab edirəm ki, Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının tərkib hissəsi olaraq məhz ali və orta ixtisas təhsil müəssisələrinə əlavə təhsilə qəbul qaydalarının elektronlaşdırılması ölkəmizdə son illərdə korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən işlərin davamıdır. Əvvəlki qaydaların dəyişməsi və təkmilləşməsinə ehtiyac var idi. Təkcə əlavə qəbulla bağlı qaydaların deyil, ümumilikdə bütün qaydaların zaman-zaman təkmilləşməsinə zərurət yaranır. DİM, Təhsil Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də bu işə məsuldur. Prosesdə yeni baxışların ortaya qoyulmasını müsbət qiymətləndirirəm”.

Təhsil ekspertinin sözlərinə görə, son illər Azərbaycanda əlavə təhsil almaq istəyən şəxslərin sayında artım var:

“Prosesin həyata keçirilməsində şəffaflığın təmin olunması bu baxımdan çox önəmlidir. Qəbul prosesində insan faktorunun minumuma endirilməsi, qaydaların beynəlxalq standartlar çərçivəsində yenilənməsi, ayrı-ayrı dünya ölkələrinin bu istiqamətdə təcrübəsinin əsas götürülməsi olduqca vacibdir. Vətəndaşlarımızın təhsilalma imkanlarının genişləndirilməsinə xidmət edəcək qaydalar mütləq təkmilləşməlidir. Onu da bildirim ki, son illər Azərbaycanda ümumi tələbə qəbulu prosesi də şəffaf şəkildə həyata keçirilir”.

//Gülnarə Abasova, Editor.az