Ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər gücləndirilməlidir: “Bu sahədəki mövcud boşluqlar YOLVERİLMƏZDİR”backend

Ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər gücləndirilməlidir: “Bu sahədəki mövcud boşluqlar YOLVERİLMƏZDİR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şübhəsiz ki,2020-ci ildə pandemiya bütün dünya ölkələrinin iqtisadiyyatları kimi Azərbaycan iqtisadiyyatının da kiçilməsinə səbəb oldu. Ancaq rəsmi rəqəmlər göstərir ki, 2021-ci ildə ümumi daxili məhsul göstəricisi üzrə iqtisadiyyat 2019-cu ildəki səviyyəsini bərpa edə bilmişdir. Şübhəsiz ki, bir çox sahələrdə problemlər ortaya çıxdı və Azərbaycanın da bütün dünya ölkələri kimi bu qlobal problemə qarşı hazırlıq fürsəti olmadı”.

Bu sözləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Elşən Bağırzadə deyib.

Onun sözlərinə görə, pandemiya dövründə ölkədə qıtlıq, aclıq və digər humanitar fəlakətlərin qarşısının alınması yönündə atılan addımlar təqdirlə qarşılanmalıdır:

“Xüsusilə də hökumətin problemlə mübarizədə qlobal əməkdaşlığa önəm verməsi və bu sahədə aktiv rol almağa çalışması doğru addım idi. Bu baxımdan Türkiyə ilə qurulan sıx əməkdaşlıq, yardımlaşma və təcrübə mübadiləsi xüsusilə vurğulanmalıdır. Azərbaycanın vaksinlərə çıxışda öncül ölkələr sırasına qoşulmasında Türkiyənin dəstəyinin əhəmiyyəti danılmazdır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan bu dövrdə bu qədər problemlərin arasında Vətən müharibəsi aparmış və qalib gəlmiş ölkədir. Ancaq pandemiya, ilk növbədə, bir daha onu göstərdi ki, Azərbaycan iqtisadiyyatında neft sektorunun rolu hələ də riskli səviyyədə qalmaqdadır. Bu baxımdan postpandemiya dövründə başda yüksək texnologiyalara əsaslanan gələcəyin sektorlarına investisiyaları artırmaqla, qeyri-neft sektorunun iqtisadiyyatdakı rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirmək əsas vəzifə kimi qarşıda dayanır. İkincisi, ölkənin ərzaq təhlükəsizliyi sahəsində tədbirlər gücləndirilməlidir. Bu sahədəki mövcud boşluqlar yolverilməzdir. Bütün bunların həlli isə yüksək məhsuldarlığa və səmərəliliyə əsaslanan aqrar sektorun formalaşdırılmasından keçir. Üçüncüsü, pandemiya göstərdi ki, Azərbaycan sürətlə modern səhiyyə sisteminin qurulması yönündə köklü işlər görməli, islahatlar aparmalıdır. Modern səhiyyə sistemi dedikdə, təkcə modern binalar və texnikalar nəzərdə tutulmur. Bura həm də müasir tibb elminə tam şəkildə inteqrasiya etmiş və yetərli sayda olan həkimlərin, tibb alimlərinin, tibbi araşdırmaların mövcudluğu və yüksək effektivliklə işləyən tibbi sığorta sistemi aiddir. Pandemiya, həyatımıza evdən işləmək, onlayn iclaslar, elektron ticarət, distant təhsil, tele-tibb, elektron ödəmələr kimi yeni vərdişləri və texnologiyaları gətirdi. Bütün bu kimi sahələrə qarşıdakı dövrdə böyük investisiyaların qoyulması artıq qaçılmaz görünür”.

İqtisadçı ekspert qeyd edib ki, Azərbaycan iqtisadiyyatında da bu sektorlara investisiyaların artırılması və hökumətin bu invesitisiyaları təşviq etməsi zəruridir:

” Pandemiya qlobal dəyər zəncirlərinin əhəmiyyətli dərəcədə dağılmasına səbəb olur və pandemiyadan sonrakı dövrdə bu zəncirlərin müəyyən dərəcədə yeni konfiqurasiyada bərpasının baş verməsi gözlənilir. Hazırda qlobal dəyər zəncirləri 3 mərkəzin – ABŞ, Çin və Almaniyanın ətrafında cəmləşib. Azərbaycan bu dəyər zəncirlərinin demək olar ki, heç birinin əhəmiyyətli dərəcədə iştirakçısı deyil. Əgər postpandemiya  dövründə bu dəyər zəncirləri yenidən fərqli konfiqurasiyada bərpa ediləcəksə, onda Azərbaycan üçün də bu yeni konfiqurasiyada öz yerini almaq imkanı ortaya çıxa bilər. Xüsusilə də nəzərə almaq lazımdır ki, Azərbaycanın neft-kimya sənayesi məhsulları və enerji innovasiyaları vasitəsilə bu dəyər zəncirlərinə inteqrasiya potensialı heç də az deyil. Onu nəzərə almaq lazımdır ki, müasir dünyada iqtisadiyyatların yüksək rəqabətliliyi, əhəmiyyətli dərəcədə bu dəyər zəncirlərində iştirakdan asılıdır”.

//Gülnarə Abasova, Editor.az