100 ilin ən dəhşətli müharibəsi başlayır – Bu ölkələr ELAN ETDİLƏR Kİ…backend

100 ilin ən dəhşətli müharibəsi başlayır – Bu ölkələr ELAN ETDİLƏR Kİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

10 gün sonra Rusiya-Ukrayna müharibəsinin davam etməsinin 1 ili tamam olacaq. Hələ 1 il əvvəl müharibənin 4-5 gün davam edəcəyini proqnozlaşdıran Vladimir Putin başda olmaqla bir çox siyasət adamları ehtimallarında yanıldılar və bu günə kimi qanlı savaş davam edir. Son proseslər də deməyə əsas verir ki, tərəflər bir-birinə güzəştə getmək fikrində deyillər. 

Vladimir Putin dünən açıqlamasında “Qalib gəlməliyik və qalib gələcəyik” bəyanatı ilə bir daha geri çəkilməyəcəklərini bəyan etmiş oldu. Kreml rəhbəri Rusiyaya qarşı olan təzyiqlərin və sanksiyaların geri çəkilməsi üçün yetərli olmayacağı siqnalını verdi.

Putinin səsləndirdiyi son açıqlamalar və hadisələrin gedişi deməyə əsas verir ki, ruslar Ukraynada növbəti genişmiqyaslı hücuma hazırlaşır. Rusiya itkilərinə, hərbi texnika sarıdan imkanlarının məhdud omasına baxmayaraq ərazidə böyük qoşun birlikləri toplamaqda davam edir.

Moskva bunu gah 3 və daha çox övladı olan ailə başçılarının da müharibəyə cəlb edilməsi qərarı ilə, gah da cəzaçəkmə müəssisələrində, həbsxanalarda məhbusların müharibədə iştirak edəcəkləri şərti ilə qalan cəzalarının əfv ediləcəyi adı altında canlı qüvvə ehtiyaclarını ödəmək qərarı verərək Qərbin böyük dəstək nümayiş etdirdiyi Ukrayna qarşısında sona qədər döyüşmək iradəsi ortaya qoymağa çalışır.

Belə güman edilir ki, Kreml sahibi Vladimir Putinin əsas məqsədi bir neçə ay əvvəl saxta referendumla Rusiyaya biləşdirdiyi Ukrayna bölgələrinin administrativ sərhədlərinə qədər irəliləməkdir. Böyük ehtimalla Putin Qərbin hərbi texnikası tam şəkildə Ukrayna ordusuna təhvil verilənə qədər prosesi sona çatdırmaq barədə düşünür.

Güman ki, Qərbin və ABŞ-ın Kiyevə vəd verilən hərbi texnikası döyüş meydanına yaxın günlərdə çatdırılmasa Ukrayna ordusu üçün çox çətin olacaq.

Bunu Volodimir Zelenski də çox yaxşı bilir. Elə bu səbəbdən də Zelenski təcili olaraq Avropa turnesinə çıxmaq qərarı verdi. Təbii ki, Ukrayna Prezidentinin Avropa turnesinə çıxması ölkənin hərbi aktivlərinin alternativ axtarışlarla canlandırılması məqsədi daşıyır. Xüsusilə də Ukraynanın oktyabrda qazandığı ərazi nailiyyətinin davamının gəlməməsi, Rusiyanın Donetskdə hücumlarını davam etdirməsi Kiyevin taleyini sual altına qoymuş olur ki, belə bir vəziyyətdə Rusiyanın yeni irimiqyaslı hücuma hazırlaşdığı iddiaları Zelenskinin narahatlığını daha da artırır.

Onu da nəzərə alaq ki, Volodimir Zelenski müharibə başlayandan sonra ikinci dəfə ölkə hüdudlarını tərk etmiş oldu. Birinci dəfə o ABŞ-a səfər edərək bu ölkənin prezidenti Co Baydenlə görüşdü. Zelenskinin növbəti dayanacağı isə London oldu. Ukrayna prezidentinin ABŞ və Böyük Britaniyanı seçməsi təsadüfi deyil.

Zelenski Vaşinqton və Londona səfərlərə ona görə üstünlük verib ki, Ukraynaya geridə qalan 1 il ərzində əsas hərbi yardım bu iki ölkədən gəlir. Zelenski çox güman ki, bu səfərlərlə həmin ölkələrin rəhbərlərinə bu zamana kimi etdikləri yardımdan dolayı minnətdar olduğunu ifadə etməklə yanaşı, Ukraynaya hərbi yardımlarlının daha da intensivləşdirilməsi xahişini etmək məqsədi daşıyır.

Çünki Ukrayna münaqişəsinin yeni bir aktiv fazasının başlanılması artıq an məsələsidir. Hər iki tərəfin uzun müddətdir ki, hazırlaşdığı bu hərbi əməliyyatlarda daha çevik olacaq tərəf böyük üstünlük əldə edəcək.

Amma hətta NATO baş katibi Stoltenberq artıq bildirib ki, Rusiyanın Ukraynadakı yeni irimiqyaslı hücumu artıq başlayıb. Belə görünür ki, Ukrayna prosesi uzandıqca uzanır. Avropa elitlərinin Ukrayna müharibəsi ilə bağlı dərin narahatlıqları indi daha yaxşı başa düşülür. Şərqi Avropadakı müharibə uzandıqca Mərkəzi Avropaya sıçramaq təhlükəsi də bir o qədər artır. Hadisələrin bu cür inkişafı Avropanı yaxın aylarda həqiqətən də çox çətin periodun gözlədiyini düşünməyə əsas yaradır.

Artıq dünya mediasında yayılan müxtəlif məlumatlardan belə aydın olur ki, Ukrayna qoşunları Zaporojye vilayətindən Melitopol şəhəri istiqamətində, Rusiya qoşunları isə Donbas bölgəsində hücum hazırlığı görür. Belə görünür ki, Ukraynanın məqsədi Rusiyanın şərq və cənub cəbhəsi arasındakı bağlantını kəsmək, eyni zamanda Azov dənizinə çıxışını bərpa edərək Krıma gedən yollara nəzarəti ələ keçirməkdir.

Amma rusların hazırda məqsədini reallaşdırmaq üçün Ukraynadan bir addım öndə olduğu açıq sezilir. Rusiya Qərbin yeni hərbi yardımları, xüsusilə əsas döyüş tankları Ukraynaya çatmamış Donetsk və Luqansk vilayətinin ərazilərini bütünlüklə işğal etmək niyyətindədir. Hətta bunun üçün rusların Donbas hücumuna 300 min əsgər və 2000 tank cəlb etmək üçün hazırlıqlarını tamamladıqları da gələn məlumatlar arasındadır.

Kəşfiyyat məlumatları, müxtəlif ekspertlərin proqnozları və rəqəmlər onu deməyə əsas verir ki, bu yaz Avropada İkinci Dünya müharibəsindən bəri ən böyük döyüşlərə şahid ola bilərik.

Milli.Az