105 il əvvəldən bu günə: Zaman dəyişib- “Artıq Azərbaycan dövləti tarixinin ən şərəfli, güclü, inkişaf etmiş dövrünü yaşayır”backend

105 il əvvəldən bu günə: Zaman dəyişib- “Artıq Azərbaycan dövləti tarixinin ən şərəfli, güclü, inkişaf etmiş dövrünü yaşayır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.9. azərbaycançılıq ideyasının təbliği;

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 105 il ötür.

1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər.

Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ona qarşı həyata keçirilən bütün təxribatların, soyqırım aktlarının araşdırılması, gizli qalan faktların aşkara çıxarılması istiqamətində müəyyən addımlar atıb.

Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış bu soyqırım tarixin açılmamış səhifələrindən biridir.

Milli Məclisin deputatı Nəsib Məhəmməliyev Editor.az-a açıqlamasında bildirib ki, mart qırğınlarına bilavasitə rəhbərliyi üzdə bolşevik, əslində isə, qatı daşnak, Bakı kommunasının sədri Stepan Şaumyan həyata keçirmişdir:

” Tarixdən düzgün nəticələr çıxarılmadıqda daha ağır fəsadların baş verməsi labüddür. Xalqımızın unutqanlığı, sülhsevərliyi, tarixin növbəti mərhələlərində də  repressiyalarla, qətliamlarla, deportasiyalarla, torpaq itkiləri ilə nəticələndi. Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə, hər il  31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Məhz bu sərəncamdan sonra mart hadisələri, ümumiyyətlə, erməni terroru ilə bağlı müxtəlif dillərdə kitablar, arxiv materialları, rəsmi sənədlər nəşr olundu. Əhali arasında maariflənmə işləri aparıldı. Ermənistanın terror dövləti olması, ASALA və digər çoxsaylı erməni terror təşkilatlarına dəstəyi, Azərbaycanda və dünyanın müxtəlif coğrafiyalarında törətdikləri cinayətlər barədə geniş təbliğat kompaniyası aparıldı. Beynəlxalq birlik, erməni terror təşkilatlarının insanlıq əleyhinə törətdikləri cinayətlərlə məhz Azərbaycan dövlətinin apardığı sistemli siyasət sayəsində məlumatlandı”.

Millət vəkili 2001-ci ildə Balakən rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışdığı müddətdə məsələ ilə əlaqədar başına gələn bir hadisəyə də toxunub:

“Qərara aldıq ki, mart soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün rayon mərkəzində, bir zamanlar bolşeviklərin lideri Leninin adını daşıyan bağda abidə ucaldaq. O zamanlar Respublikanın heç bir bölgəsində Soyqırım abidəsi yox idi və  mart hadisələri ilə bağlı cəmiyyətdə tək-tək insanları çıxmaq şərti ilə məlumat yox dərəcəsində idi. Abidənin üzərində yazılan qeydlər, qısa müddət ərzində mart hadisələrinin mahiyyəti ilə bağlı təbliğatda əhəmiyyətli rol oynadı. İndi həmin yer, “Soyqörım bağı” adlanır. Zaman dəyişib. Azərbaycan dövləti tarixinin ən şərəfli, güclü, inkişaf etmiş dövrünü yaşayır. Qəhrəman Ordumuz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, 44 günlük müharibədə tarixi Qələbə qazandı. Erməni terroruna, dünya erməniliyinə sarsılmaz zərbə vurdu. “Böyük Ermənistan” xülyasını məhv etdi. Şəhidlərin, soyqırım qurbanlarının intiqamını aldı. Bu gün onların ruhu şaddır. Əldə olunan uğurlara baxmayaraq, daim ayıq-sayıq olmalıyıq. Tarixin acı nəticələrini unutmamalıyıq. Nə qədər ki, düşmən öz iddialarından əl çəkmək istəmir, sayıqlığımızı itirməyə haqqımız yoxdur”.

H. Əliyev adına Hərbi İnstitutun professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Ramid Hüseynov Editor.az-a bildirib ki, Cənubi Qafqazda ermənilər və onların himayədarları tərəfindən etnik azərbaycanlılara qarşı planlı formada məqsədli şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti xalqımız üçün tarix-siyasi-sosial nəticələrə səbəb olub:

“Ermənilərin məqsədyönlü formada regionda dövlətlərinin yaradılması Azərbaycanın tarixi torpaqlarının işğalı hesabına baş vermişdir. Məhz XIX əsrin əvvəllərindən müasir dövrümüzə kimi davam etmiş bu siyasətin ən böyük himayədarı qismində Rusiya dövləti çıxış etmişdir. Vaxtilə I Pyoturdan başlamış Qafqaz siyasəti, bu regionda möhkəmlənmək, geosiyasi-geoiqtisadi maraqları təmin etmək XIX əsrdə daha geniş formada davam etmişdir. Heç şübhəsiz ki, bu siyasətin arxasında həm də etnik münasibətlərin tənzimlənməsi məqsədi daşıyırdı. Belə ki, Cənubi Qafqazda əsasən azərbaycanlıların yaşadıqları ərazilərə digər yerlərdən gətirilmiş erməniləri yerləşdirməklə onların xeyrinə demokrafik dəyişikliyə nail olmaq siyasəti həyata keçirilmişdir”.

R. Hüseynovun sözlərinə görə, müstəmləkəçilik siyasətinin tərkib hissəsi olaraq 1813 və 1828-ci il müqavilələrindən başlayaraq köçürülmə prosesinə himayədarlıq etmiş Çar Rusiyası erməniləri Azərbaycan ərazilərində yerləşdirməklə süni surətdə onların çoxaldılmasına rəvac vermişdir:

“Daha sonra 1905-1906-cı illər erməni-müsəlman iğtişaşlarından məqsədyönlü formada istifadə etməklə əsl niyyətlərini həyata keçirmişlər. Çar məmurları Qafqazda güclənən narazılıq dalğasının hökumət əleyhinə istiqamətlənəcəyindən qorxduqlarından, ermənilərin müsəlmanların yaşadığı ərazilərdə törətdikləri qırğınlara biganə qalmış, bəzi hallarda isə onların tərəfini saxlamaqla hər iki tərəfin gücünün etnik toqquşmalara sərf edilməsinə nail olmuşdular. Çar Rusiyasının, daha sonralar isə Sovet rəhbərliyinin birbaşa dəstəyi və himayədarlığı ilə ermənilər vaxtaşırı olaraq etnik azərbaycanlılara qarşı milli və dini zəmində ayrıseçkilik fəaliyyətini davam etdirmişlər. Məhz 1918-ci ilin 31 mart və 3 aprel tarixlərdə törədilmiş soyqırımın statistikası bu cinayətin dəhşətləri haqqında kifayət qədər aydın mənzərə yaradır. Təkcə Bakıda ermənilər tərəfindən vəhşicəsinə öldürülənlərin sayı 30 minə çatmışdır. Müasir dövrümüzdə də Ermənistanın işğalçılıq, separatçılıq və terrorçuluq siyasətinə Rusiyanın geosiyasi maraqlar kontekstində dəstək verməsi, proseslərdə dolayı iştirakı bir daha o siyasətə sadiqliyin qorunub saxlandığını nümayiş etdirir. Formaca fərqli olsa da məzmun və mahiyyətdə heç bir dəyişiklik yoxdur. İstər 1992-ci ildə Xocalı soyqırımının, 2020-ci ildə Gəncə və Bərdədə terror aktlarının törədilməsi eyni məqsədlərə qulluq edən bu “həmrəyliyin” əsl mahiyyətini açıq şəkildə nümayiş etdirdi.Beləliklə o qənaətə gəlmək olur ki, İkinci Qarabağ Müharibəsindən sonra “sülhməramlı” niyyəti ilə Azərbaycan ərazilərində yerləşən rus qüvvələrinin dolayısı ilə erməni separatçılarına dəstəyi də məhz tarixi ənənələrin hələ də davam etdiyini deməyə əsas verir”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.