Xəbər verildiyi kimi, ötən ilin iyununda ABŞ-də Azərbaycan vətəndaşı Sevindik Hüseynov saxlanılıb. Ona qarşı iri miqyaslı maliyyə fırıldağı ittihamı irəli sürülüb.
Musavat.com xəbər verir ki, ABŞ-nin Federal Məhkəməsində Sevindik Hüseynovun işi üzrə məhkəmə prosesi keçirilib.
ABŞ Baş Prokurorluğunun Şimali Kaliforniya Dairəsi üzrə Ofisinin yaydığı rəsmi məlumata görə, Sevindik Hüseynov “Medicare Advantage” vasitəsilə 137 milyon dollar həcmində səhiyyə fırıldağı sxemində iştirak etdiyini etiraf edib.
Məhkəmə sənədlərində qeyd olunur ki, Sevindik Hüseynov “Vonyes Inc.” adlı tibbi avadanlıq şirkətinin baş icraçı direktoru (CEO) vəzifəsində çalışıb. O, minlərlə saxta ödəniş tələbinin “Medicare Advantage” Təşkilatlarına (MAO) təqdim olunmasını təşkil edən sxemin əsas fiqurlarından biri olduğunu bildirib.
İttiham aktına əsasən, Hüseynov “Vonyes Inc.” şirkəti vasitəsilə pasiyentlərə heç vaxt təqdim edilməyən, onların reallıqda ehtiyacı olmayan, hər hansı səlahiyyətli tibb işçisi tərəfindən təyin edilməyən tibbi avadanlıqlara görə MAO-lardan ümumilikdə ən azı 137 milyon dollar məbləğində saxta ödəniş almağa cəhd göstərib. Aparılan fırıldaqçılıq nəticəsində “Vonyes” şirkətinin hesabına ən azı 2,8 milyon dollar məbləğində ödəniş çekləri daxil olub. Sevindik Hüseynov bu çekləri şəxsən açdığı bank hesablarına yatırdığını və vəsaitlərin böyük hissəsini izləri itirmək məqsədilə Honkonqdakı bank hesablarına köçürdüyünü etiraf edib.
Qeyd edək ki, Sevindik Hüseynov 17 iyun 2025-ci il tarixində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və hazırda ABŞ Federal Həbsxanasında saxlanılır.
ABŞ Cinayət Məcəlləsinin 18 U.S.C. § 1347 maddəsi (səhiyyə sahəsində fırıldaqçılıq) üzrə təqsirli bilinən Hüseynovu qanunvericiliyə əsasən maksimum 10 il azadlıqdan məhrumetmə və 250 000 dollar cərimə cəzası gözləyir. Federal hakim həmçinin dəymiş ziyanın ödənilməsi və qanunsuz yolla əldə edilmiş vəsaitlərin müsadirəsi barədə də qərar çıxara bilər.
Sevindik Hüseynov barəsində yekun hökm 2 fevral 2027-ci il tarixində ABŞ Dairə Məhkəməsinin hakimi Noel Vays tərəfindən elan olunacaq. İş üzrə istintaq ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyinin Baş Müfəttişlik Ofisi (HHS-OIG) və Federal Təhqiqat Bürosu (FTB/FBI) tərəfindən aparılır.

