Namiq Babayev adına 144 nömrəli tam orta məktəbdə Zəfər gününə həsr olunmuş “Can Azərbaycan ” devizi ilə tədbir keçirilib.
Editor.az xəbər verir ki, Azərbaycan dili və ədəbiyyat müəllimi Abbasova Şəhla və musiqi müəllimi Təranə Hüseynovanın təşkilatçılığı ilə hazırlanmış tədbir şəhidlərin bir dəqiqəlik sükutla anımı və Azərbaycan himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra “9c” infinin şagirdlərinə söz verildi. Şagirdlərin çıxışında şəhid Nicat Qasımzadəyə həsr olunmuş “Əsgər Nicat” və “İrəli, komandir” adlı səhnəciklər göstərildi.
Tədbirin davamında 5-ci sinif şagirdlərinin rəqsi tədbirə rəng qatdı. Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Xankəndidəki çıxışı isə alqışlarla qarşılandı. “Bütöv torpaq bütöv candır, bu can Azərbaycandır!” şüarı altında “Can Azərbaycan” mahnısı ilə tədbirin ədəbi-bədii musiqili hissəsi bitdi.
Sonda tədbirə dəvət olunmuş qonaqlar, şəhid polkovnik-leytenant Vidadi Xəlilovun anası Əminə Xəlilova, 144 nömrəli məktəbin məzunu-şəhid Murad Məmmədlinin anası Əfruzə xanım, Murad bəyin bacısı Şahnaz xanım, şəhid Nicat Qasımzadənin bacısı Fatimə müəllimə, həmçinin, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin həmtəsisçisi, jurnalist Şamil Sabiroğlu, Bakıdakı 7 Nömrəli Tam Orta Məktəb 7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzova, qazi Rahil Məmmədov, qazi Nemət Almirzəyev, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Azxeber.com saytının təsisçisi Hacıbəy Heydərli və digər şəxslər çıxış edərək II Vətən savaşında qazanılan tarixi qələbəmizdən bəhs etdilər. Məktəb tərəfindən bəzi müəllim və şagirdlər diplom, sertifikatlarla təltif edildi.


