“Danışıqlar əsasən üç müstəvidə Vaşinqton, Brüssel və Moskva platformalarında aparılır. Hər bir danışıqdan sonra müəyyən irəliləyiş əldə edilir. Son danışıq da Xarici İşlər Nazirləri səviyyəsində Vaşinqtonda baş tutub. Orada da müəyyən məqamlarda aydınlıq gətirilməsinə baxmayaraq bir sıra həll olunmamış məsələlər qalır. Burada da əsas məqam sərhədlərin delimitasiya və demarkasiyası, Qarabağdakı erməni icmasının təhlükəsizliyi məsələsidir. Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təminatı isə Azərbaycanın daxili işidir”.
Bu fikirləri Editor.az-a Milli Məclisin deputatı Arzu Nağıyev iyul ayının 21-ində Brüsseldə baş tutması gözlənilən lakin 15 iyulda təşkil ediləcək görüşün məqsədini və tərəflərin əsas hədəflərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı da aydın oldu ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünün tanınması, anklavlar və kommunikasiyaların açılması ilə bağlı fikirlər səsləndirsə də bunu rəsmi imza ilə təsdiqləmir:
“Həm daxili auditoriya, həm də xarici havadarlar üçün belə siyasi gedişlər edilir. Biz bir daha mesaj verdik ki, humanitar addımlar atmağımıza, sülh çağırışları etməyimizə baxmayaraq birmənalı şəkildə Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Buna görə də Ermənistan Baş naziri Nikol Paşinyan da görüşlə bağlı açıqlamalar verməyə başladı “.
Deputatın fikrincə, hələ həllini tapmamış problemlər və ya bu və ya digər səbəblərdən sabahkı görüşdə sülh müqaviləsinin imzalanacağını demək çətindir: “Bu görüşdən sonra da növbəti görüşlər üçün hansı addımların atılacağı bəlli olacaq. Belə görüşlərdən əvvəl ermənilər təxribatlara əl atıb, atəşkəsi pozurlar ki, Azərbaycanın adekvat cavablarına görə onu günahlandırsınlar. Bu da baş tutan məsələ deyil. Atılan hər güllənin cavabını verəcəyik “.
//Safura Bənnayeva, Editor.az

