Azərbaycana qarşı Fransa Senatında müzakirəyə çıxarılacaq qətnamə layihəsi hazırlanıb. 6 senatorun hazırladığı qətnamə layihəsi Bakıya təzyiq xarakteri daşıyır.
“Həmin qətnamə Azərbaycanın hüquqlarının yox, Ermənistanın ərazi bütövlüyünün pozulması ilə bağlıdır. Prezident Emmanuel Makronun qeyd etdiyi kimi, məsələ ilə bağlı 1991-ci Almatı bəyannaməsində elan edilmiş Azərbaycan və Ermənistan sərhədlərinin pozulub-pozulmamasının təyin edilib araşdırılması üçün AB-nin missiyası hazırlanacaq. Müzakirəyə çıxarılması planlaşdırılan qətnamənin başlanğıc nöqtəsi budur. Senatın bəzi üzvləri də var ki, bir qədər irəli gedərək, 2 il əvvəl müzakirə edilən bir faktı – Azərbaycanın Dağlıq Qarabağla bağlı beynəlxalq mövqeyinin dəyişdirilməsi üçün qətnamə reallaşdırmaq istəyirlər. Noyabrın 15-də təqdim olunacaq qətnamə birinci növbədə son həftələr ərzində Azərbaycanla Ermənistan arasında beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulması faktını qiymətləndirmək məqsədi daşıyır”-bu fikirləri Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun (IPSE) prezidenti, fransalı siyasi ekspert Emmanuel Düpüyün 15 noyabr 2022-ci il tarixində Fransa Senatında Azərbaycan əleyhinə müzakirəyə çıxarılacaq qətnamə ilə bağlı müsahibəsin də bildirib.
Maraqlıdır ki, bu qətnamə Fransa və Azərbaycan münasibətlərinə necə təsir edəcək?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib ki, bu kimi addımlardan sülh danışıqları ərəfəsində Azərbaycana təzyiq kimi istifadə etmək istəyirlər:
“Amma unudurlar ki, Azərbaycan daha 1990-ların Azərbaycanı deyil. Azərbaycan diqtə edən dövlətə çevrilib. Azərbaycanla heç bir dövlət, heç bir beynəlxalq təşkilat diqtə dilində danışa bilməz. Heç şübhəsiz ki, Fransanın ermənipərəst mövqeyi artıq hamımıza məlumdur. Azərbaycan bu gün Avropanın yarısını qazla təmin edən dövlətə çevrilməkdədir. Məhz Fransanın yürütdüyü yalnış siyasət nəticəsində avropa bu qışı qazsız qalmaq təhlükəsi ilə üzləşib. Görünür apardığı yalnış siyasətin faciəvi sonluğunu hələ də Fransız siyasət adamları dərk edə bilmir”.
A.Şakiroğlunun fikrincə, əgər söylənilən kimi 15 noyabrda belə bir qətnamə qəbul edilərsə, bu Azərbaycan üçün adi kağız parçasından başqa bir şey olmayacaq: “Bu kağız parçasından itirən yalnız və yalnız Fransanın özü olacaq. Düşünürəm ki, bu gün Fransanın boş-boş avanturist bəyanatlarından və “qətnamələrin”dən başqa dövlətimizə hər hansısa bir təsir və təzyiq imkanları sıfra bərabərdir. Bu tip sənət qəbul olunarsa bu Azərbaycan kimi strateji əhəmiyyətə malik bir dövləti Fransanın itirməsi olacaq. Düşünürəm ki, artıq Azərbaycan Fransa ilə münasibətlərə yenidən baxmalı və lazım olan diplomatik addımların atılması proseduruna başlamalıdır “.
//Safura Bənnayeva, Editor.az

