Azərbaycan Respublikasının Gənclər Fondunun aprelin 14-dən mayın 15-dək keçirdiyi 17-ci qrant müsabiqəsinin qalibləri ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, müsabiqənin məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin reallaşdırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə yönəlmiş layihələri dəstəkləmək, habelə gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən gənclər təşkilatlarının layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib, onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır.
Gənclər Təşkilatlarının Resurs Mərkəzində təşkil edilən görüşdə 77 qalib gənclər təşkilatının sədr və nümayəndələri qatılıb.
Görüşdə iştirak edən Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov qalib gənclər təşkilatlarını təbrik edərək həyata keçirəcəkləri layihələrin ölkə gənclərinin və vətəndaş cəmiyyətinin inkişafında birbaşa faydalı olacağına və icra olunacaq layihələrin davamlı xarakter daşıyacağına inandığını dilə gətirib.
Tədbirdə iştirak edən gənclər təşkilatları ilə icra edəcəkləri layihələrin gənclər üçün faydalılıq əmsalının yüksəldilməsi istiqamətində müzakirələr aparılıb, fikirləri dinlənilib və ünvanlanan suallar cavablandırılıb.
Fondun Müşahidə Şurasının qərarına əsasən 17-ci qrant müsabiqəsinin nəticəsi olaraq yerli layihələr üzrə 71, beynəlxalq layihələr üzrə isə 6 layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilib.




