“18 oktyabr Azərbaycanda müstəqilliyin bərpası günüdür. Məlum olduğu kimi, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. 18 oktyabr Müstəqillik Günü adlandırılsa da Konstitusiya Aktının preambulası mahiyyət etibarilə müstəqilliyin bərpası ideyası üzərində qurulub. Yəni, faktiki Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib. Prezident sərəncamında da qeyd olunduğu kimi, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyətinə uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, üç il əvvəl – 2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ilində xalqımız 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd etdi:
“44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatlarından sonra varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyəti dövründəki milli sərhədlərimizin bərpasına nail olmuşuq. Azərbaycanın Vətən müharibəsində tarixi ədaləti bərpa etməsi SSRİ dövründə süni şəkildə ortaya atılmış “Dağlıq Qarabağ” ifadəsinin siyasi leksikondan çıxarılması, tarixi torpaqlarımızda qurulmuş Ermənistan Respublikası ərazisindəki yaşayış məntəqələrinin Azərbaycanın milli toponimləri ilə təqdim olunması kimi vacib məsələləri də aktuallaşdırdı. Yeni inkişaf mərhələsində, həmçinin dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunmasına ehtiyac yarandı. 1991-ci il oktyabrın 18-nin müstəqilliyin bərpası günü elan edilməsinə dair düzəlişlər uyğunsuzluğa son qoydu. Biz bu gün müstəqil ölkə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik. Bizim üçün əsas müstəqillik bayramı 28 May günüdür, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür”.
Millət vəkili bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib:
“Bu, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə qorunması istiqamətində mühüm addımlar atılmışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib.
Bir sözlə, oktyabrn 18-nin Müstəqilliyin bərpası günü elan edilməsi ölkəmizin tarixində baş verən mühüm siyasi hadisələrə düzgün, obyektiv qiymət verilməsini özündə ehtiva edir”.
//Gülnarə Abasova, Editor.az

