“Zəngəzur dəhlizi tezliklə reallaşacaq. O cümlədən, həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı razılıq əldə olunub”. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında deyib.
Milli Məclisin deputatı Ramil Həsən Editor.az-a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizi həm strateji, həm siyasi, həm də ölkəmizin milli maraqları baxımından xüsusi əhəmiyyət kəsb edir:
” Tarixə qısa bir nəzər yetirdikdə görərik ki, əslində Zəngəzur dəhlizi dediyimiz ərazi Qərbi Azərbaycan, mənim doğulduğum boya-başa çatdığım və bütün nəsil- nəcabətimin də yaşadığı qədim Oğuz yurdu, ata-baba torpaqlarımızdır. 1921-ci ildə təəssüf ki, bu yerlər Sovet hökuməti tərəfindən ermənilərə hədiyyə edilib. Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandanımızın “Dəmir Yumruğ”u və inanılmaz diplomatik uğurlu addımları nəticəsində Ermənistan hərbi-siyasi müstəvidə Azərbaycanın qarşısında diz çöküb. Məlumdur ki, artıq sərhədlərin müəyyənləşdirilməsi, delimitasiya və demakrasiya məsələləri üzrə hökumətlərarası komissiyaların formalaşması prosesi Brüsseldə əldə olunmuş razılaşmaya əsasən qısa zamanda həyata keçiriləcək və cənab Prezident İlham Əliyevin qardaş ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da telefon danışığında ifadə etdiyi kimi Zəngəzur dəhlizi ən yaxın zamanda reallaşacaq. Prezidentimiz bunu vurğulayırsa demək ki, belə də olacaq. Ölkə başçısının söylədiyi tarixi bir kim kəlam var: “Nəyi necə nə zaman həll olunacağının mən çox gözəl bilirəm”. Prezidentin dediyi bu fikrin ciddi əsası var. Bu baxımdan da koridorun açılması türk dünyası və türk dövlətlərinin strateji, iqtisadi, bir çox layihələrin birgə reallaşdırılması nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb etməkdədir. Belə bir dəhlizin həm dəmir yolu, həm quru nəqliyyatın yaratdığı avtomobil vasitəsilə mövcudiyyəti eyni zamanda, gələcəkdə burdan iri miqyaslı enerji layihələrin həyata keçirilməsinə də geniş imkanlar yaradacaq. Bundan da Türk Dövlətləri Təşkilatına üzv olan Qazaxıstanın, Türkmənistan, Azərbaycan, Türkiyənin və digər qardaş ölkələrimiz faydalana biləcək”.
Ramil Həsənin sözlərinə görə, yalnız türk dövlətləri deyil, region, hətta Ermənistanın özü üçün belə bu dəhlizin fəaliyyət göstərməsi xüsusi önəm kəsb edir:
“Ermənistan tranzit bir ölkə kimi heç bir iş görmədən oradan gələn milyonlarla sərmayədən öz əhalisinin rihafını yaxşılaşdıra bilər. Bu baxımdan da Ermənistan dövləti ağlını başına toplayıb mövcud hakimiyyəti ilə birlikdə reallıqları qəbul edərək Azərbaycan qarşısında məğlub olduğunu birdəfəlik dərk etməlidir. Bu dəhlizin açılması ilə bölgəyə sülh, sabitlik, əmin-amanlığın gəlməsi Türk dünyasının daha sıx inteqrasiya prosesinə töhfə vermiş olacaq. Həmçinin Qərbi Şərqə, Şərqi Qərbə, Asiyanı Avropa, Avropanı Asiyaya bağlayan yeni bir alternativ enerji və nəqliyyat koridorunun ortaya çıxması Türk dövlətlərinə böyük imkanlar yaradacaq iqtisadi layihə kimi qəbul olunacaq”.
//Gülnarə Abasova, Editor.az

