“30 il ərzində ermənilər Azərbaycan xalqına qarşı həmişə riyakar, mundar siyasət yürüdüb. Uşaqdan böyüyə hər bir azərbaycanlı erməni məkrinin nə olduğunu bilir. Bizim erməni faşistləri ilə 30 il apardığımız mübarizə öz nəticəsini 44 günlük Vətən müharibəsində verdi. Ermənistan öz havadarlarının gücündən istifadə edərək Azərbaycan torpaqlarının 20 faizini işğal etmişdi. Bir milyon insan qaçqın və köçkün həyatı yaşayırdı. Bütün bunlar geridə qaldı. Lakin bu gün də səngimək bilməyən erməni təxribatları onu göstərir ki, Azərbaycan dövləti, xalqı düşmənin mundar əməllərini, qəddarlığını, amansızlığını unutmamalı və bu acı tarix nəsildən-nəslə ötürülməlidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qələbəmizdən sonrakı çıxışlarında dönə-dönə tövsiyə etdiyi fikir də bundan ibarət idi. Bu acı tarixi biz heç zaman yaddan çıxartmamalı, baş verənləri malalamamalıyıq”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov deyib.
Millət vəkili bildirib ki, məğlub olan Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycanın möhtəşəm qələbəsini qəbul edə bilmirlər:
“Onlar həzm edə bilmirlər ki, Azərbaycan qısa müddət ərzində öz torpaqlarını işğaldan azad etdi və düşməni danışıqsız, şərtsiz kapitulyasiya aktını imzalamağa məcbur etdi. İlk baxışdan elə görsənirdi ki, Ermənistan bu acını dərk edib ən azından imzaladığı sənədə hörmət edərək öhdəliklərini icra edəcək. Lakin tarixə nəzər salsaq görərik ki, erməni xisləti deyilən bir şey var. Ermənistan hətta imzaladığı sənəddən belə boyun qaçıra bilər. Son günlər həm şərqi Zəngəzur, həm də Qarabağda ermənilər tərəfindən törədilən təxribatlar və düşmənin atdığı hər bir təxribatçı addıma Azərbaycan Ordusunun verdiyi tutarlı cavab onu göstərir ki, “Dəmir Yumruq” hər zaman yerindədir. Əgər düşmən “Dəmir Yumruq”dan nəticə çıxarmayıbsa, Azərbaycan hər an öz torpaqlarında antiterror əməliyatı keçirməyə hazırdır”.
Anar İsgəndərov vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü möhtəşəm qələbəsi ilə təmin etdi və bütün dünyaya sübut etdi ki, artıq 30 il əvvəlki Azərbaycan yoxdur:
” İndi heç kəsin hünəri çatmaz ki, erməniləri silahlandırıb Azərbaycanın üzərinə göndərsin. Bu gün Azərbaycanın güclü, qətiyyətli Prezidenti, Ali Baş Komandanı, müzəffər Ordusu, güclü siyasəti, iqtisadiyyatı və nəhayət bir yumruq kimi birləşən yenilməz milləti var. Artıq güclü və öz sözünü deyən Azərbaycana heçkəs bata bilməz. Bu gün dünyanın haqq ədalət tərəfdarı olan dövlətləri Azərbaycanı müdafiə edir. Azərbaycan haqlı mübarizəsini davam etdirir və mübarizənin gücü ilə üçtərəfli bəyanatın bütün bəndləri icra olunacaq. Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə türk dünyası üçün də geniş imkanlar açılacaq. Türk dünyası Zəngəzur dəhlizində birləşəcək. Artıq Ermənistanın son çırpınışlarıdır. Düşdüyü suda çabalayan Ermənistan daha da dibə batır. Dağılmış iqtisadiyyatını, böhran içərisində olan erməni xalqını yalnız Ermənistan hakimiyyəti xilas edə bilər. Bu Azərbaycanın uzatdığı sülh əlini geri çevirməməklə ola bilər. Əgər onlar getdikləri yoldan geri dönməsələr düşdükləri vəziyyətdən illər boyu çıxa bilməyəcəklər. Haqq, ədalət uğrunda mübarizə aparan Azərbaycan qələbənin şirinliyini daddı. Azərbaycan xalqı bu yolda 3 min şəhid verdi. Nə şəhidlərin ruhu, nə qazilərin yarası imkan verməz ki, biz Ermənistana nədəsə güzəşt edək”.
Millət vəkilinin sözlərinə görə, ermənilərə kənardan müdaxilə olmasa xalq olaraq kiminsə qoltuqaltında rahat yaşaya bilirlər:
” Artıq “Dağlıq Qarabağ” deyilən bir anlayış yoxdur. Orada yaşayan əhali Azərbaycan vətəndaşıdır. Onlar əgər orada yaşamağa davam edəcəksə, bu və ya digər şəkildə Azərbaycan vətəndaşlığını qəbul edib, qanunlarına əməl etməlidir. Azərbaycan xalqı hər zaman islami dəyərləri üstün tutub. Həm qanunlarımız, həm adət-ənənələrimiz, həm də mental dəyərlərimiz imkan verir ki, biz Qarabağ erməniləri ilə birgə yaşayaq. Əgər onlar Azərbaycan qanunları altında yaşamaq istəməsələr Laçın koridoru hər zaman açıqdır. Qanunlarımıza tabe olmayacaqlarsa, bizim torpaqlarımızda nə işləri ola bilər? Düşünürəm ki, erməni lobbisi, erməni diasporu və Ermənistana havadarlıq edən dövlətlər müdaxilə etməsə, Qarabağ erməniləri gəlmə xalq olaraq azərbaycanlılarla sülh və dinc şəraitində birgə yaşayacaqlar. Necə ki 1828-ci il Türkmənçay, 1829-cu il Ədirnə sülh müqavilələrinə əsasən torpaqlarımızda məskunlaşıblar, indi də istədikləri vaxt gedə bilərlər. 1828-ci ildə ermənilərin köçürülməsi zamanı erməni polkovnik Lazarev ermənilərə müraciətdə demişdi ki, sizin üçün təzə vətən tapmışıq. İndi onlar da köçdükləri vətəndə-Azərbaycanda, Azərbaycan qanunlarına tabe olaraq yaşamaq istəmiyəcəklərsə, yolları hər zaman açıqdır. Azərbaycan çox nadir ölkələrdəndir ki, burada ayrı-ayrı dinə mənsub millətlər sülh və qarşılıqlı anlaşma şəraitində yaşaya bilir. Azərbaycan xalqı nəinki, ermənilərə dinindən, irqindən, dilindən, millətindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün şəxslərə qarşı ayrı-seçkilik etməyib. Eyni vəziyyət Qarabağda da yaşanacaq”.
//Gülnarə Abasova, Editor.az

