20 milyon hindu, 3 milyon vyetnamlı, 300 min yapona genosid edən dövlət – ABŞ qətliamları…backend

20 milyon hindu, 3 milyon vyetnamlı, 300 min yapona genosid edən dövlət – ABŞ qətliamları…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Öz ordusu haqda az qala fateh obrazı yaradan amerikalı siyasətçilər onların törətdiyi cinayətləri, qətliamları ört-basdır etmək üçün həmişə spekulyasiyalara əl atıblar. Başqa dövlətləri asanlıqla ittiham etməkdə, bəyanatlar verməkdə, qətnamələr qəbul etməkdə mahir olan ABŞ hökumətləri öz gözündəki tiri görmədən rəqiblərində çöp axtarıblar.

Amerika o dövlətdir ki, öz torpağında heç bir müharibənin olmasına şərait yaratmadan ordusu bəhanələrlə başqalarının ərazisinə soxulub. İraqda kimyəvi silah axtaran amerikalılar 2003-cü ildən bunu tapa bilmirlər, amma törətmədikləri hərbi cinayətlər qalmayıb. 20 ildir Əfqanıstanda yerləşən, indi çıxmağa hazırlaşan ABŞ ordusunun bu Şərq ölkəsində etmədiyi pisliklər qalmayıb. Hələ bir neçə il əvvəl ABŞ hərbçilərinin və Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Əfqanıstanda müharibə cinayətləri törətməsinə dair dəlillər olduğunu Beynəxalq Arbitraj Məhkəməsinin hakimi Fatou Bensouda açıqlamışdı.

“Yeni Müsavat” xatırladır ki, hakim ABŞ Silahlı Qüvvələrinin və CİA üzvlərinin Əfqanıstanda müharibə cinayəti sayılan işgəncə, pis davranış, insanın şərəf və ləyaqətini alçaldan və zorlama kimi əməllər törətdiyini bildirmişdi. Bu yaxın tarixlə yanaşı 76 il əvvələ də qayıda bilərik.

1945-ci ildə ABŞ Yaponiyanın Xirosima şəhərini, 3 gün sonra isə Naqasaki şəhərini atom bombası ilə məhv edərək, ümumilikdə 300 minə yaxın insanın ölümünə yol açmışdı. Bu, genosid deyil, nədir? Əgər bu atom bombasını ABŞ-ın əzəli rəqiblərindən İran, Rusiya, indi itirməkdə olduğu müttəfiqi Türkiyə həmin şəhərlərə atsaydı, Obama, Buş, Bayden bir həşir qoparmışdılar, gəl görəsən…

Amma 200 min insanı məhv edən amerikalıların bu hərbi cinayətinə nə soyqırımı deyən var, nə də ABŞ siyasətçiləri bu tarixdən utanırlar. 76 il əvvəl 200 min əliyalın adamı tələf edən Baydenin dövləti 106 il qabaq Osmanlı imperiyasında baş verənlərin təəssübünü çəkir.

Bəşəriyyət əleyhinə ilk dəfə olaraq atom bombasından istifadə edən Amerika bu günə kimi törətdiyi cinayətə görə üzr istəməyib və bu dəhşətli cinayətin daha artıq insanın ölməməsi üçün zəruri olduğunu iddia edərək, öz çirkin əməlini əsaslandırmağa çalışır. Yaponiyaya atılan bu 2 atom bombası hələ uzun illər can almaqda davam edərək, insanlar arasında bir çox xəstəliklərin yayılmasına səbəb olmuşdu.

 

 

Bayden 106 il qabaq uydurulmuş “erməni soyqırımı”nı dilə gətirirsə, onda daha da keçmişə gedərək amerikalıların hindu qətliamından danışsın. Sonradan adı nüvə başlıqlı raketlərə verilən, “Blək Cek” ləqəbli ordu generalı Con Cozef Perşinq “Ən yaxşı hindu, ölü hindudur” deyirdi. Bu soyqırım nəticəsində bir irq tamamilə yox olub və 20 milyona yaxın hindu müxtəlif işgəncələrə, zorakılıqlara, xəstəliyə, aclığa və sürgünə məruz qoyularaq vəhşicəsinə qətlə yetirilib.

Hindu soyqırımı ABŞ-ın rəsmi dövlət siyasəti olub. ABŞ arxivlərini araşdıranlar bu barədə çoxlu sayda sənədi asanlıqla əldə edə bilərlər. Amerika rəsmi orqanları hər bir qırmızıdərili kəlləsi üçün 5 dollar ödəyib. Həmin dövrdə dövlətə məxsus binaların zirzəmiləri qırmızıdərili kəlləsi ilə ağzınacan dolurmuş. Hindu soyqırımları Xristofor Kolumbun 1492-ci ildə Amerikanı kəşf etməsindən keçən beş əsr boyunca gəlmə avropalılar və amerikalılar tərəfindən qitənin yerli sakinləri olan hindulara qarşı həyata keçirilən soyqırımlardır. İlk bioloji silah da amerikalılar tərəfindən hindular üzərində tətbiq olunub.

 

 

Amerikalılar hindulara qarşı ümumilikdə 65-dən artıq qətliam həyata keçiriblər. Son qətliam isə 1911-ci ildə baş verib. Aparılan əməliyyatın da adı “Last Massacre” (“Son qətliam”) olub. ABŞ-ın banisi hesab olunan Corc Vaşinqton yerliləri xalq olaraq görmürdü. O, hinduları vəhşi canavarlara bənzədirdi və “Bu vəhşi heyvanların (qırmızıdərililər nəzərdə tutulur) tamamilə məhv edilməsi lazımdır”, – deyirdi. 8 sentyabr 2000-ci ildə ABŞ-da Hindu İşləri Bürosunun sədri gəlmələrin yerlilərə qarşı həyata keçirdiyi soyqırımlar üçün hindulardan rəsmi şəkildə üzr istəyib. Amma çi fayda?! ABŞ dövləti bu utancverici hərəkətlərinə görə heç zaman xəcalət çəkməyib. Əvəzində Bayden “erməni soyqırımı” dərdini çəkir.

 

Azad Məsiyev

 

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin “Yeni Müsavat”a dediyinə görə, ABŞ öz keçmişinə, bu gününə və gələcəyinə baxsa daha məqsədəuyğun olardı: “ABŞ-ın uzaq keçmişdə törətdikləri soyqırım cinayətləri az deyil. Hindu xalqının başına gələnləri tarix unutmayıb, qırmızıdərililərin qətliamı barədə ABŞ-ın Texasdakı Hindu Soyqırımı Muzeyində kifayət qədər faktlar saxlanılmaqdadır. 1945-ci ildə Yaponiyanın iki böyük şəhərinə – Xirosima və Naqasakiyə atılan atom bombasından 500 min insan ziyan çəkib, bu insanlar arasında azyaşlı uşaqlar, qocalar, qadınlar var idi.

Onlardan təxminən 300 minə qədəri ölmüş, 200 mindən artıq insan yaralanmış, eyni zamanda insanların şəxsi mülkləri dağıdılmışdı və bu günə kimi həmin şəhərlər radiolakasiyadan əziyyət çəkməkdədir.

Bundan başqa, ABŞ-ın Vyetnamda, Koreyada, Kambocada və Laosda, İraqda törətdiyi qətliamlar barədə faktlar dünya ictimaiyyətinin yadından çıxmayıb”.

A.Məsiyev hesab edir ki, Baydenin erməni lobbisi tərəfində maliyyələşdirilməsi, himayə edilməsi sirr deyil: “Baydenin ”soyqırım” açıqlaması bir daha göstərdi ki, ABŞ prezidenti erməni lobbisinin əlində alətə çevrilib. 44 günlük müharibənin nəticəsi Paşinyan hakimiyyətinə böyük zərbə vurdu, bu zərbə dolayısı ilə ABŞ-a dəydi. Belə ki, Paşinyanı hakimiyyətə gətirən ABŞ-ın planlarını pozdu və nəticədə Ermənistanda siyasi böhran yarandı.

Bu gün Ermənistanda yaranan siyasi böhranın bir səbəbi də ABŞ-da yaşayan erməni lobbisi ilə Rusiyada yaşayan erməni lobbisinin qarşıdurmasından qaynaqlanır. ABŞ prezidenti Baydenin “soyqırım” açıqlaması Ermənistanda keçiriləcək parlament seçkilərinə hesablanıb.

Bu seçki prosesində ABŞ-da yaşayan erməni lobbisinin dəstəklədiyi siyasi qüvvələrə dəstək nümayişidir. ABŞ-da yaşayan erməni lobbisinin namizədinə elə ABŞ-ın namizədi deyə bilərik”.