İSTİQAMƏT: 6.3.9. azərbaycançılıq ideyasının təbliği;
20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycanın tarixi yaddaşına həkk olunub. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.
Bu tarixi günü Editor.az- şərh edən Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, 20 Yanvar Azərbaycan tarixinin qanlı qəhrəmanlıq səlnamələrindən biridir:

” Çünki SSRİ kimi böyük bir dövlətin ordusu qarşısına əliyalın çıxmaq, öz hüquqları uğrunda mübarizə aparmaq, candan keçmək hər xalqın işi deyil. Hər bir xalqın milli azadlıq tarixində xilaskar rolunu oynayan insanlar var. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsindən bir gün sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşdü və sovet hakimiyyətinin ölkəmizdə həyata keçirdiyi faciəyə qarşı etiraz etməsi ilə xalqımıza o ağır günlərdə köməksiz olmadığını hiss etdirdi. O gün ölkəmizi blokadaya alaraq insanlarımızı vəhşicəsinə öldürdülər. Bu, hərbi cinayətdir. Bu faciənin arxasında duran hər kəs tarix qarşısında cavab verəcək”.
V. İskəndərov bildirib ki, 20 Yanvar faciəsində həlak olan insanların övladları, nəvələri İkinci Qarabağ Müharibəsində qəhrəmanlıq göstərdilər:
” Hesab edirəm ki, başımıza gələn faciələrdən nəticə çıxartmalıyıq. Bu tarixin mayasında xalqımızın yenilməz ruhu dayanır. Heç bir qüvvə bu xalqın əzmini, ruhunu qıra bilmədi. 20 Yanvar faciəsi heç zaman unudulmamalı, gələcək nəslə bu tarix öz qanı, canı ilə çatdırılmalıdır”.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, Heydər Əliyev adına Hərbi İnstitutun professoru Ramid Hüseynov isə qeyd edib ki, hər bir xalqın formalaşması üçün onun azadlıq ruhu, milli mənlik şüuru və müstəqillik düşüncəsi olması vacibdir:

” Dünyada olan xalqların az qismi bu dəyərlərin mövcudluğu sayəsində öz dövlətlərini qurmaq fürsətini qazanmışlar. Amma heç şübhəsiz ki, suverenliyin əldə olunması, müstəqil dövlətlərin qurulması asanlıqla başa gəlməmişdir. Aparılmış mübarizə, nümayiş olunan cəsarət, əzmkarlıq və verilmiş qurbanlar nəticə etibarilə müstəqil dövlətlərin meydana gəlməsinə səbəb olmuşdur. Unutmaq olmaz ki, bir xalq ki azad və müstəqil yaşamağı özünə layiq bilirsə, totalitarizm, diktaturanın ən sərt formasının mövcud olduğu, hər cür vasitələrlə onun keçmişini, özünəməxsus milli dəyərlərini unutdurmağa çalışdığı imperiyalar, dövlətlər və hakimiyyətlər belə onun qarşısında sona qədər dözüm gətirmədi. Təsadüfi deyil ki, şovinist, millətçi, ateist düşüncəsinin hakim olduğu, qorxu və zor gücünə xalqları əsarətdə saxlamağa çalışan SSRİ belə 70 ildən artıq yaşaya bilmədi. XX əsrin əvvələrində qazanılmış demokratiya, azadlıq, suverenlik ruhu ağır əzablara, iztirablara baxmayaraq əsrin sonunda yenidən dirçəldi və müstəqilliyin bərpası üçün milli birliyin, özünüdərkin, hüquq və azadlıq uğrunda həmrəyliyin formalaşmasına gətirib çıxardı. Bu da nəticə etibarilə ümumilikdə SSRİ-nin süqutunu labüd etdi”.
R.Hüseynovun sözlərinə görə, özlərinin diktatura hakimiyyətlərinin itirilməsindən qorxan “Böyük qardaşlar” 1990-cı ildə 20 yanvar günündə azadlıq uğrunda mübarizə aparan “doğma vətəndaşlarına” qarşı “Qızıl Ordu” ilə cinayət törətdilər:
“Dinc və əliyalın vətəndaşlara qarşı ən sərt və dözülməz faciədən belə çəkinmədilər. İnsanlığa qarşı belə amansız olmaları onların necə böyük hakimiyyət hərisi olduqlarını, hakimiyyətlərini qoruyub saxlamaları üçün hər şeyə hazır olduqlarını bariz nümayiş etdirdi. Amma unutmuşdular ki, zülmün hakim olduğu istənilən hakimiyyət məhvə məhkumdur. Hətta silah və hərbi texnika belə vətənpərvər, qeyrətli xalqın cəsarəti və mübarizliyi qarşısında çox acizdir. Milyonların yaşaması üçün Yüzlərin, Minlərin belə şəhid olmasına hazır olan xalqı nələrləsə qorxutmaq, susdurmaq, öz iradəsinə tabe etdirmək qeyri-mümkündür. Məhz 20 yanvar günü xalqımız necə bir böyük və üstün dəyərlərə, tarixi keçmişə və milli dövlətçilik ənənələrinə malik bir xalq olduğunu ona şovinist münasibət bəsləyənlərə bir daha anlatdı. SSRİ imperiyasını, diktaturasını, şovinizmini diz çökdürməyi, özünün azadlıq və müstəqillik şərtlərinə məcbur etdirməyi bacardı. Deməli, 20 yanvar heç də hüzn günü kimi deyil, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizə apardığı şərəfli bir tarixdir. Bu tarixi daim xatırlamaq, onun siyasi mahiyyəti müasir gəncliyimizə doğru izah və təbliğ etmək və hərbi-siyasi dərslərindən nəticə çıxarmaq vacibdir”.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


