“Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiası üzrə qərarını açıqlayıb. Məhkəmə İrəvanın əsas iddiası və məqsədi olan Azərbaycanda saxlanılan erməniəsilli şəxslərin dərhal və qeyd-şərtsiz geri qaytarılmasına dair iddiasını təmin etməyib. Həmçinin Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası da cavabsız qalıb. Beləliklə, İrəvan beynəlxalq müstəvidə növbəti dəfə ifşa olunub. Bu, Brüssel görüşü ərəfəsində əlimizi gücləndirən fakt oldu”.
Bu sözləri Editor.az-a açıqlamasında siyasi analitik Kənan Novruzov deyib.

Onun sözlərinə görə bundan sonra Ermənistanın havadarlarının, o cümlədən Fransanın mövqeyinin dəyişəcəyini düşünmək doğru deyil:
“Çünki onlar İrəvanı haqlı olduğuna görə dəstəkləmirlər. Özləri də hər şeyi görür, anlayırlar. Sadəcə Ermənistan bir çoxları üçün sadəcə “maşa”dır. Beynəlxalq Ədalət Məhkəməsinin əsas qərarlarından biri də Ermənistanda hakimiyyətin radikal qüvvələrlə daha ciddi mübarizə aparması ilə bağlıdır. Bu, hər şeydən əvvəl mövcud iqtidarın kifayət qədər güclü olmadığını, daxildə ikitirəliyin hökm sürdüyünü göstərən məqamdır. Əsas məsələ isə başqadır: baş nazir Nikol Paşinyan sözügedən öhdəliyi yerinə yetirə biləcəkmi? Özü bilsin. Hər halda radikal qruplaşmaları neytrallaşdırmaq hər kəsdən çox elə Paşinyanın özünə lazımdır. Biz istənilən halda işimizi görəcəyik. Geri çəkilməməli, əksinə, hücum mövqeyində daha qətiyyətli addımlar atmalıyıq”.
K. Novruzov hesab edir ki, beynəlxalq hüquqi platformalarda Ermənistanın sıxışdırılması prosesi bundan sonra da davam etdirilməlidir:
“Məlumdur ki, otuz il ərzində yığılan məsələləri bircə məhkəmə ilə həll etmək mümkün deyil. İkinci bir tərəfdən isə biz hüquqi-siyasi meydanda irəlilədikcə İrəvan həm tədricən təklənəcək, həm də normal, konstruktiv mövqe sərgiləməyə məcbur qalacaq”.
//Gülnarə Abasova, Editor.az

