Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa liderləri ilə görüşləri davam edir. Avropa İttifaqının Baş katibi Şarl Mişeldən sonra ötən gün Fransa prezidenti Emmanuel Makronla da görüşüb. Görünür, Ermənistan Qərbdən əlavə dəstək umur.
Politoloq, sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Editor.az-a açıqlamasında bildirib ki, Ermənistanın niyyəti siyasi və maddi yardımı Qərbdən, təhlükəsizliyin təmin edilməsi ilə bağlı dəstəyi isə Rusiyadan əldə etməkdir:
Bu cür istəklər və geopolitik maraqların qarşıdurması Ermənistan siyasətində hər zaman problemlər yaradıb. Hesab edirəm ki, bu siyasətin davamı yenə də çətinliklərin yaranmasına gətirib çıxaracaq. Ermənistanın işğalçı siyasətindən əl çəkməməsi təhlükəsizlik dəstəyi tələb edir. Lakin Rusiya bu dəstəyin verilməsində maraqlı deyil. Çünki rəsmi Kreml yaxşı başa düşür ki, Ermənistanın özünü xilas etməyi üçün ona ciddi şəkildə iqtisadi, maddi kömək lazımdır. Bu köməyi o, qərbdən ala bilər. Bu baxımdan Ermənistan siyasətindəki qarşıdurma davam edəcək”.
Sabiq nazir Ermənistanın Qərbyönümlü siyasətinin də səbəblərini diqqətə çəkərək qeyd edib ki, Avropa İttifaqına növbəti 6 ay ərzində Fransa sədrlik edəcək:
“Əlbəttə ki, bu, Ermənistan üçün sevindirici məqamdır. Digər tərəfdən Fransada gələn ilin aprel ayında baş tutacaq prezident seçkiləri də Makronu məcbur edir ki, 1 faiz seçiciləri olan ermənipərəst fransızlardan dəstək alsın. Bu baxımdan hər iki tərəf öz maraqlarını həyata keçirməkdədir. Bu maraqların birləşməsi isə bir tərəfdən Ermənistana əlavə maliyyə və iqtisadi yardımla təmin edəcək, digər tərəfdən Rusiya ilə böhranda olan əlaqələri daha da dərinləşəcək”.
//Gülnarə Abasova, Editor.az

