Milli Məclisin deputatı Naqif Həmzəyev 2021-ci ilin Azərbaycan xalqı üçün necə yadda qaldığını şərh edib.
Editor.az-a açıqlama verən millət vəkili bildirib ki, 2021-ci il postmünaqişə dövrü olmaqla “Qarabağa dönüş”, Qarabağa qayıdış proqramının uğurla həyata keçirilməsi ilə yadda qaldı:

“Bu il ərzində möhtərəm cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva və ailəsi dəfələrlə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzura bir neçə dəfə səfər etdilər, xeyli sayda açılışlarda, təməlqoyma mərasimlərində iştirak etdilər”.
Millət vəkili 2021-ci ilin bir sıra tarixi anlarla yadda qaldığını da bildirib:
” Ən önəmlisi “Xarıbülbül” Musiqi Festivalı, Vaqif poeziya günləri məhz Şuşa şəhərində keçirildi. Zəfərimizi daha da gücləndirən “Şuşa bəyannaməsi”nin qardaş ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və digər türk rəsmilərinin iştirakı ilə Şuşada imzalanması və Şuşaya ilk rəsmi səfərdə məhz Rəcəb Tayyib Ərdoğanın iştirakı tarixi anlardan biri idi. Bütün bunlarla yanaşı 8 aya yaxın bir müddət ərzində beynəlxalq standartlara cavab verən Füzuli aeroportunun istifadəyə verilməsi də məhz 2021-ci ilə təsadüf etdi. Bütün dünya ölkələri, liderləri bir daha Ali Baş Komandan, Müzəffər Sərkərdə cənab İlham Əliyevin qətiyyətli siyasətinin şahidi oldu və Azərbaycanın postmünaqişə dönəmində təkidlə irəli sürdüyü humanist addımlar, xüsusilə Ermənistana sülh əlinin uzadılması bir çox dünya gücləri tərəfindən müsbət qarşılandı Artıq Ermənistan da bu reallığı qəbul etməyə başlayıb. Moskva, Soçi və Brüssel görüşləri Azərbaycanın növbəti diplomatik qələbəsi kimi yadda qaldı və tarixə həkk olundu. 2021-ci il Azərbaycan üçün çox uğurlu bir il oldu, həmçinin müstəqillik dövrünün ən bahalı büdcəsi də 2021-ci ildə imzalandı. Müstəqilliyimizin bərpasının 30 illiyi məhz 2021-ci ilə təsadüf etdi. Cənab Prezident İlham Əliyev sübut etdi ki, biz özümüz öz gücümüzlə torpaqlarımızı işğaldan azad etdik və buranı yenidən cənnət məkanına çevirəcəyik. Bu proseslərdə xalqımız, millətimiz, Prezidentimizlə birlikdə həmrəylik nümayiş etdirərək bu ağır yükün öhdəsində gələcəyik. 2021-ci ildə Qarabağda görülən işlər, 2022-ci ildə keçmiş məcburi köçkün və qaçqınların öz dədə-baba yurdlarına qaydacaqlarına zəmin yaradır. Hesab edirəm ki, 2022-ci il də Azərbaycan üçün çox yadda qalan və uğurlu il olacaq. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Gününü təbrik edir, 2022-ci ilin xalqımız, dövlətimiz üçün uğurlu, xeyirli olmasını arzu edirəm”.
Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə isə Editor.az-a bildirib ki, təxminən 30 ildən sonra biz azərbaycanlılar 2021-ci ilə qalib xalq kimi qədəm qoyduq:

“Tənədən, məzəmmətdən qurtulub ərazi bütövlüyümüzü təmin etməyin, düşmənin belini qırmağın zövqünü yaşadıq. İşğaldan azad olunmuş torpaqlarımızda quruculuq-abadlıq işlərinin aparılması bizə mənəvi güc verdi. Təbii ki, bir azərbaycanlı kimi bu qələbədən mənə də pay düşdü, qalib xalqın nümayəndəsi olmağın zövqünü doya-doya yaşadım”.
Baş redaktorun sözlərinə görə, 2021-ci il onun üçün çox uğurlu olub:
” 28 il sonra gedib ata yurdumu görə bildim. Son illər həyatımda bu qədər fərəhli hadisə olmamışdı. Hesab edirəm ki, 2021-ci ildə jurnalist fəaliyyətimi də uğurla davam etdirə bildim. Əvvəlki illədə olduğu kimi 2021-ci ildə də sözün düzünü dedim, heç vaxt haqqı nahaqqa qurban vermədim. 2022-ci ildən böyük gözləntilərim var. İnşallah, gələn ilin sonunda bu barədə ətraflı danışarıq”.
Gənc mügənni Çinarə Məlikzadə Editor.az-a açıqlamasında bildirib ki, bu il xalqımızın həyatında 2020-ci il kimi çox önəmli bir il oldu:

“Çünki biz 2021-ci ili müharibədən qalib ayrılmış xalq kimi qarşıladıq. Bu il də qısa müddət ərzində bizim işğaldan azad olunmuş ərazilərimizdə dövlətimiz tərəfindən çox böyük quruculuq-abadlıq işləri görüldü. Qarabağda musiqi, ədəbiyyat festivalı keçirildi. Bu hadisələr 2021-ci ildə qalib xalq kimi bizim üçün böyük əhəmiyyət kəsb edir. Digər yadda qalan hadisə isə koronavirusun hələ də davam etməsidir və bu il virus bir sıra çox dəyərli insanları bu dünyadan alıb apardı.
Gənc sənətçi 2021-ci ildə şəxsi həyatında baş verən dəyişikliklərlə bağlı da danışıb:
” 2021-ci ildə musiqi sahəsində cəmiyyətimizə faydalı olmağa çalışdım. Bir sıra ifalarım və kliplərim işıq üzü gördü. Eyni zamanda, 2021-ci ildə nəhayət ki, özümə ev ala bildim. Bu il ötən illərlə müqayisədə görə biləcəyimiz işləri tam çatdıra bilmədik. Amma həm ölkə daxilində, həm də xarici ölkələrdə səfərlərdə oldum, müxtəlif tədbirlərdə iştirak etdim. Düşünürəm ki, 2021-ci il ölkəmiz üçün düşərli il oldu. Mənim üçün də kifayət qədər maraqlı və yadda qalan il oldu”.
//Gülnarə Abasova, Editor.az

