2023-cü il necə YADDA QALDI?- Baş redaktorlar ŞƏRH EDİRbackend

2023-cü il necə YADDA QALDI?– Baş redaktorlar ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2023-cü il müstəqil Azərbaycan tarixinin ən məzmunlu illərindən biridir”.

Bu sözləri Editor.az-a ilin yekunları ilə bağlı danışarkən “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu ili baş vermiş hadisələrin mahiyyəti nöqteyi-nəzərindən, dövlət müstəqilliyinin elan olunduğu 1991-ci il ilə müqayisə etmək mümkündür:

“Hətta daha mühüm məzmuna malik hadisələr məhz bu il baş verdi. 2023-cü ili 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə də müqayisə aparmaq olar. Necə ki, həmin ildə də cəmiyyətin bütün təbəqələrini əhatə edən şəxslər Ulu Öndərin ətrafında sıx birləşdilərsə, 2023-cü ildə də bütün xalq Prezident İlham Əliyevin ətrafında birləşməklə sözün əsl mənasında dövlət-xalq birliyini nümayiş etdirdilər. 2023-cü il ölkəmizin böyük diplomatik, siyasi uğurlar ilidir. Məhz bu il Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olundu, ölkənin suverenliyi özünün real məzmununa qayıtdı.

2023-cü ilin aprelində Laçın yolunun tam nəzarətə götürülməsi ilə Xankəndində ki, separatizm yuvası tam şəkildə xaricdən təcrid olundu. Sentyabr ayında isə antiterror tədbirlərinin keçirilməsi nəticəsində ölkəmizin suverenliyi bərpa olundu. Noyabrın 8-də Xankəndində paradın keçirilməsi isə Azərbaycanın suverenliyinin dünya miqyasında bəyan olunması kimi mühüm hadisəyə çevrildi.
2023-cü il Azərbaycan tarixinin böyük diplomatik uğurlar ilidir”.

Məsələ ilə bağlı “Yeni Çağ” Media Qrupun baş redaktoru Aqil Ələsgər də fikirlərini bizimlə bölüşüb:

“Hər ilin mənfi və müsbət hadisələri olur. 2020-ci ili biz mənfi olaraq qiymətləndirsək də, ilin sonunda biz Qarabağa qovuşduq. Bu baxımdan 2020-ci il bütün dünyada mənfi çalarla yadda qalsa da, bizim üçün qızıl səhifə oldu. Bu baxımdan 2023-cü ilin sentyabr ayı Azərbaycan dövləti və xalqı üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, 24 saat davam edən antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyini bütün ərazilərində bərpa etdi. Bu mənada 2023-cü il Azərbaycan üçün ən əlamətdar illərdən biridir. Eyni zamanda media sahəsində, vətəndaş cəmiyyətinin yenilənməsi ilə bağlı mühüm işlər görüldü, qanuna dəyişikliklər edildi. Bütün bunlar üçün Ölkə Başçısına təşəkkürümüzü bildiririk ki, 2023-cü ildə xalq olaraq bütün arzularımızı çin etdi”.

Məsələ ilə bağlı “Azxeber.com”un baş redaktoru Hacıbəy Heydərli də fikirlərini bölüşüb:

“2023-cü il Azərbaycan üçün ən önəmli illərdən biri kimi tarixə həkk olundu. Çünki məhz bu il Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Azərbaycan bütün əzəli və əbədi torpaqlarında Azərbaycan bayrağını dalğalandırdı və dünyada növbəti dəfə qalib xalq kimi öz imzasını atdı. Bu baxımdan Azərbaycan üçün Vətən müharibəsindən sonra 2023-cü il də qələbə ili kimi tarixə həkk olunur.

2024-cü ildən də böyük gözləntilərimiz var. Düşünürəm ki, 2024-cü il də ölkəmiz üçün önəmli bir il olacaq. Çünki 2024-cü ildə ilk dəfə olaraq Prezident seçkiləri bütün Azərbaycan ərazilərində keçiriləcək”.

//Səbinə Hüseynli, Editor.az