“2023-cü ildə dünyada ən azı 183 regional münaqişə baş verib”- ŞƏRHbackend

“2023-cü ildə dünyada ən azı 183 regional münaqişə baş verib”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Böyük Britaniyanın Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesabatına görə, 2023-cü ildə dünyada ən azı 183 regional münaqişə baş verib və bu, son 30 ilin ən yüksək göstəricisidir”.

Bu sözləri Editor.az-a 2023-cü ildə dünyada baş verən münaqişələrlə bağlı danışarkən politoloq Rəşad Bayramov deyib.

 

Onun sözlərinə görə, təkcə 2022-ci illə müqayisədə münaqişə qurbanlarının sayı 14 faiz, zorakılıq hallarının sayı isə 28 faiz artıb:

“Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, dünyada yerli və ya regional dominantlıq edən 459 silahlı qrup var. Onların tam, ya qismən nəzarətində isə 195 milyon insan var. BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk isə Cenevrədə keçirdiyi brifinqdə hazırda dünyada 55 silahlı münaqişənin davam etdiyini bildirib. Onun sözlərinə görə, bu rəqəm İkinci Dünya müharibəsindən bəri rekorddur. Göründüyü kimi münaqişələrin siyahısı olduqca böyükdür. Buraya Serbiya-Kosova arasındakı gərginlikdən, Şərqi Konqodakı döyüşlərdən, Sudandakı münaqişədən tutmuş Qırğızıstan və Tacikistan arasındakı sərhəd toqquşmalarına, Suriyada davam edən müharibəyə, Rusiya Ukrayna müharibəsinə və İsrail-Həmas qarşıdurmasına qədər bir çox münaqişələr daxildir.

Təbii ki, bizim üçün 2023-cü il ilk növbədə sentyabr ayında həyata keçirilən antiterror tədbirləri və Azərbaycanın öz suverenlyini təmin etməsi ilə yadda qaldı. Bir günlük əməliyyat tədbirləri nəticəsində Qarabağdakı qeyri-qanuni hərbi birləşmələr ərazilərimizdən çıxarıldı, separatçı xunta rejimi süqut etdi və nəticədə ölkəmizin Konstitusiya quruluşu bərpa edildi. Artıq ölkəmizin hər bir ərazisində müqəddəs üçrəngli bayrağımız dalğalanır.

Ən çox yadda qalan münaqişələrdən biri də sözsüz ki, Rusiya və Ukrayna arasında baş verən müharibədir. 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə hələ də davam edir. Ukrayna ərazilərinin təqribən beşdə biri işğal altındadır. BMT baş katibinin müavini Rozmari DiKarlo Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclasında bildirib ki, hər iki tərəfdən həlak olan mülki şəxslərin və hərbçilərin ümumi sayı yarım milyonu keçib.

Nəhayət oktyabrın 7-də İsrail ərazilərinin Qəzza zolağındakı Həmas tərəfindən raket atəşinə tutulması ilə başlayan münaqişə artıq üçüncü aydır ki, davam edir. Hərbi əməliyyatlar nəticəsində təkcə Qəzza zolağında həyataını itirmiş insanların sayı 21 min nəfəri ötüb. Buraya İsrail ərazisində həyatını itirən dinc insanları, İsrail hərbçilərini və HƏMAS qruplaçmasının ölən silahlılarını da əlavə etdikdə mənzərənin nə qədər ağır olduğunu görmək olur”.

Politoloq bildirib ki, münaqişələrin çoxluğu və uzun müddət davam etməsinin ən birinci səbəbi isə istənilən münaqişlərədən kənar qüvvələrin də öz məqsədləri üçün istifadə etməsidir:

“Kənar oyunçuların münaqişələrdə öz maraqlarını təmin etmək üçün tərəflərdən hər hansı birinə dəstək verməsi bu münaqişələrin miqyasını da artırır. Biz buna Ruisya –Ukrayna savaşında da, İsrail-Həmas qarşıdurmasında şahidlik edirik. Beynəlxalq təşkilatların acizliyi də münaqişələrin davam etməsinə şərait yaradır. BMT-nin təsiri təşkilat daxilindəki ölkələr arasında gərginlik səbəbindən zəifləyib. Təhlükəsizlik Şurasında böyük dövlətlər bir-birinin qətnamələrinə veto qoyur və bir sıra məsələlərdə ümumi qərara gələ bilmirlər. Nəticədə isə münaqişələrin sayı artır və bundan ən çox əziyyət çəkən də günahsız, dinc insanlar olur”.

//Səbinə Hüseynli, Editor.az