“Son günlər bölgədə baş verən hadisələrdə Ermənistan yenə də əvvəlki ritorikadan çıxış edərək Azərbaycan mövqelərinə atəş açır. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirilmiş ərazilərdə hətta Daşkəsən, Kəlbəcər, Laçın, Xocavənd, Füzuli və Ağdam istiqamətlərində bir neçə dəfə belə cəhdlər olub”.
Bu fikirləri Editor.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib.
Onun sözlərinə görə, təxribat törətməkdə əsas məqsəd odur ki, Azərbaycanla yenidən gərginlik yaransın:
“Bunun fonunda sülh müqaviləsini imzalamaqdan müxtəlif bəhanələrlə yayınacaqlar. Rusiya sülhməramlıları da buna göz yumur. Amma onlar da özbaşına deyil. Moskvadan verilən əmri yerinə yetirirlər. Azərbaycan sülhməramlılarla bağlı fikrini dəfələrlə səsləndirib. Prezident İlham Əliyev də çıxışında bildirdi ki, müəyyən olunmuş müddətdən əlavə vaxt verilməyəcək. Düşünürəm ki, bu proses 2025-ci ilə qədər davam etməyəcək. Hətta 2023-cü ildən bu haqda müzakirələr gedə bilər. Çünki onların fəaliyyəti dövründə üçtərəfli bəyanatın bir neçə əsas şərtləri yerinə yetirilmədi. Qarabağdakı bu vəziyyət belə davam edə bilməz”.
Üzeyir Cəfərov erməni separatçılarının Qarabağ ərazilərində yerləşdirilməsinə də münasibət bildirib.Onun fikrincə, Prezident İlham Əliyevin son çıxışında Ruben Vardanyanla bağlı səsləndirdiyi fikirlər də o deməkdir ki, Azərbaycan heç bir halda separatçılarla hər hansı müzakirələr aparmayacaq: “Təxribatlar davam edəcək. Azərbaycan da bu addımlara qarşılıq verməyə tam hazırdır. Əlimizdən gəldiyi qədər əsgər və zabitlərimizi düşmən gülləsinə tuş gəlməkdən qorumalıyıq.Yaxın vaxtlarda bu məsələ həllini tapmasa 2023-cü ilin əvvəllərində Azərbaycan sonuncu antiterror əməliyyatı keçirməyə məcbur olacaq. Bundan sonra ermənilərin qarşısında 2 yol olacaq. Ya Azərbaycan ərazisində onun qayda-qanunlarını qəbul edib rahat yaşayacaqlar, ya da həmin əraziləri boşaldıb istədikləri yerə gedə bilərlər. Bundan sonra da vəziyyət gərgin olmaqda davam edəcək. Putinin KTMT-nin iclasında iştirak etmək üçün bu gün İrəvana getməsi və şirnikləndirici bəyanatlar səsləndirməsi ermənilər üçün kozur rolunu oynayacaq. Biz isə düşmənin təxribatlarına vaxtında adekvat cavab verməliyik”.
//Safura Bənnayeva, Editor.az

