“Qarabağda hadisələrin son inkişafı və oranın tamamilə Azərbaycanın nəzarətinə keçməsi, de-yure və de-fakto ərazilərimizde mövcud olan sülhməramlıların fəaliyyətini yenidən gündəmə gətirir. Belə ki, Azərbaycan tərəfindən müxtəlif instansiyalarda səsləndirilir ki, 2025-ci ilə qədər sülhməramlıların oradan çıxarılmasında Azərbaycan maraqlı deyil”.
Bu fikirləri Editor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

Politoloq bildirib ki, 2025-ci ilə qədər rus sülhməramlıların Qarabağdan çıxarılması gözlənilmir:
“Bu, təbii ki, bundan sonra onların ərazilərimizdə özlərini necə aparmasından da aslıdır. Qarabağda birgə yaşayış bərpa edildikdən sonra sülhməramlıların fəaliyyəti yenidən gündəmə gətirilə bilər. Hesab edirəm ki, Rusiya Azərbaycanın bu barədə xəbərdarlığını gözləmədən öz sülhməramlısını geri çəkə bilər. Azərbaycan tərəfi 2025-ci ilə qədər sülhməramlıların çıxması ilə bağlı ciddi məsələ qaldırmayacaq. Regionda və Ermənistanda proseslərin gedişatından asılı olaraq sülhməramlıların Ermənistana köçürülməsi, 102-ci rus hərbi bazası ilə birləşdirilməsi məsələsi gündəm ola bilər. Hesab edirəm ki, onların xidmətinə tələbat azaldıqca 2025-ci ilə qədər çox böyük ehtimalla sayları azaldılacaq”.
//Gülnarə Abasova, Editor.az

