“Sülh sazişinin imzalanması üçün Ermənistan iki şərti qəti şəkildə yerinə yetirməlidir. İlk növbədə Ermənistan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Konstitusiyasını dəyişməlidir. İkinci şərt isə ondan ibarətdir ki, Ermənistan Azərbaycanla ortaq şəkildə ATƏT-in Minsk qrupunun ləğv olunması ilə bağlı müraciət etməlidir. Eyni zamanda, bunlara paralel olaraq Ermənistan Azərbaycanla sərhəddə üçüncü tərəfin təmsilçilərinin olmaması ilə bağlı da öhdəlik götürməlidir. Ancaq Ermənistan hələ ki, bu şərtlərdən heç birini yerinə yetirməyə meylli deyil. Çünki Ermənistan Qərbin geopolitik müstəmləkəsidir və Qərbdən gələn təlimatları yerinə yetirir”.
Bunu Editor.az-a açıqlamasında siyasi analitik Elçin Xalidbəyli deyib.
Onun sözlərinə görə, Qərb hələlik Cənubi Qafqazda sülh sazişinin imzalanmasını istəmir:
“Eyni zamanda, Ermənistanın daxilində də bəzi radikal, revanşist qüvvələr mövcuddur ki, sülh sazişinə ciddi şəkildə qarşıdırlar. Nəticədə gərginlik son həddə çatır. Hətta sülh sazişi ilə bağlı müzakirələr Ermənistanda daxili, siyasi mübarizənin istiqamətlərini müəyyən edir. Radikal, revanşist erməni müxalifəti Paşinyana qarşı ittihamları məhz sülh prosesi üzərindən yönəldir. Nikol Paşinyan hakimiyyəti isə Qarabağ hərəkatından imtina olunması ilə bağlı çağırışlarla öz prioritetlərini müəyyənləşdirir. Üstəlik Paşinyan hakimiyyəti Azərbaycana qarşı ərazi iddiaları olan Ermənistan Konstitusiyasının da dəyişdirilməsinə meyilli olduğunu biruzə verir. Son məlumatlara görə, Ermənistan Konstitusiyasının yeni layihəsi bu ilin sonlarına qədər hazır olacaq və növbəti parlament seçkilərində paralel səsverməyə çıxarıla bilər. Bu baxımdan belə anlaşılır ki, Paşinyan hakimiyyəti 2026-cı ilin parlament seçkilərindən öncə sülh sazişini imzalamağa hazır deyil. Həm daxili müqavimət, həm xarici təzyiqlər Paşinyan hakimiyyətinə belə bir imkan vermir”.
E. Xalidbəylinin sözlərinə görə, sülh sazişinin imzalanmasının vacibliyini anlasa belə Paşinyan hakimiyyəti də müəyyən siyasi manipulyasiyalara meyillidir:
“Hələ də Paşinyan hakimiyyəti ümid edir ki, Cənubi Qafqazda geopolitik proseslər Ermənistanın xeyrinə dəyişə bilər. Ancaq artıq müşahidə olunur ki, Ermənistan üçün qara günlər başlayıb və himayədarlarının vəziyyəti getdikcə çətinləşir. Ermənistanın həm ABŞ, həm də Avropa Birliyindən aldığı dəstək ciddi şəkildə zəifləyir. Bu baxımdan İrəvan hakimiyyəti əvvəl-axır Azərbaycanla sülh sazişini imzalamaq məcburiyyətində qalacaq. Bəzi ehtimallar var ki, sülh sazişinin imzalanmasına qarşı olan qüvvələr Ermənistanda hakimiyyəti dəyişdirməklə, Paşinyan hakimiyyətinin əvəzinə radikal qüvvələri hakimiyyətə gətirməklə sülh prosesinin pozulmasına nail ola bilərlər. Bu variantın reallaşması isə 2026-cı ilin parlament seçkiləri zamanı məlum olacaq. Məhz həmin parlament seçkiləri böyük ölçüdə Ermənistanın gələcək taleyini müəyyən edəcək”.
//Gülnarə Abasova, Editor.az