“2026-cı ilə qədər sülh sazişinin imzalanması gözlənilmir, çünki…”- ŞƏRHbackend

“2026-cı ilə qədər sülh sazişinin imzalanması gözlənilmir, çünki…”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İkinci Qarabağ müharibəsi və bir günlük antiterror əməliyyatları nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra Cənubi Qafqazda tamamilə yeni reallıqlar yarandı. Bu reallıqların müəllifi Azərbaycandır və bu reallıqlar Cənubi Qafqazda sülh və sabitliyin, əməkdaşlıq mühitinin təmin olunmasını zərurətə çevirir.

Bunu Editor.az-a açıqlamasında siyasi analitik Kənan Novruzov deyib.

O bildirib ki, Azərbaycan müharibədən sonra Ermənistana sülh təklifi etdi:

“Ancaq qarşı tərəf hələ də bu təklifi lazımi səviyyədə qiymətləndirmir. Danışıqlarla bağlı müsbət dinamika müşahidə olunsa və razılıq mətni tam hazır olsa da, ancaq Azərbaycanın əsas şərtləri hələ də yerinə yetirilmir. Bu şərtlərdən başlıcası odur ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından imtina etməli və bunu Konstitusiya səviyyəsində təsdiq etməlidir. İkincisi, ATƏT-in Minsk Qrupu ləğv olunmalıdır. Üçüncüsü, Azərbaycana qarşı hərbi təxribatlar dayandırılmalıdır. Dördüncüsü isə 9-10 noyabr üçtərəfli bəyanatının tələbləri yerinə yetirilməlidir. Ancaq rəsmi İrəvan hələ ki, bu şərtləri yerinə yetirmir və üstəlik sülh sazişi ilə bağlı qulağa xoş gələn bəyanatlar səsləndirir. Məsələn Ermənistan XİN rəhbəri Ararat Mirzoyan bildirir ki, artıq məsələ sülh sazişinin tarixini və yerini müəyyənləşdirməkdir. Əgər belədirsə, Ermənistan başa düşməlidir ki, Konstitusiya dəyişikliyinə getmədən bu, mümkün olmayacaq. Bu da Azərbaycanın kifayət qədər haqlı tələbidir. Məsələn, tutaq ki, iki ölkə arasında sülh sazişi imzalandı, problemlər həllini tapdı, 10 il regional əməkdaşlıq müşahidə olundu. Ancaq Ermənistanda siyasi və beynəlxalq konyunktura dəyişdikdə ölkənin gələcək siyasi hakimiyyəti yenidən Konstitusiyaya istinad edib Azərbaycana qarşı ərazi iddialarına qalxa bilər. Biz Ermənistanın məkirinə, hiyləgərliyinə bələdik. Bu baxımdan rəsmi Bakı məsələni kökündən həll etmək niyyətindədir.Ceyhun Bayramovun da səsləndirdiyi kimi biz Konstitusiya dəyişikliyini zəruri hesab edirik”.

K. Novruzov bildirib ki, Ermənistan Konstitusiyanı dəyişmədən sülh sazişi imzalanmayacaq:

“Ermənistan hələ ki, bununla bağlı müsbət mesajlar vermir. 2026-2027- ci illərdə Konstitusiya dəyişikliyi ilə bağlı məsələnin müzakirə olunacağı bildirilir. Bu da o deməkdir ki, həmin zamana qədər sülh sazişi imzalanmayacaq. Azərbaycan hər nə qədər sülh sazişinin imzalanmasında maraqlı olsa da öz ərazi bütövlüyünü təmin edib. Sülh sazişi Azərbaycandan daha çox Ermənistana lazımdır. Çünki Ermənistan Qərblə Rusiya arasında siyasi poliqona çevrilib. Gələcəkdə hərbi poliqona da çevrilməsi gözləniləndir. Bu baxımdan Ermənistan sülhə tələsməlidir. Konstitusiya məsələsi asan məsələ deyil, daxili gərginliyə səbəb olacaq, ancaq indiki halda Ermənistan iqtidarından tələb olunan siyasi iradə nümayiş etdirməkdir. Əks halda vaxt uzandıqca Ermənistan hakimiyyətinin işi çətinləşəcək”.

Siyasi analitik qeyd edib ki, ATƏT-in Minsk Qrupu 30 il ərzində heç bir əməli fəaliyyətlə məşğul olmayıb, bu gün də artıq onun fəaliyyətinə ehtiyac qalmayıb:

“Çünki Minsk Qrupunun məşğul olmalı iş artıq yoxdur. Bu da o deməkdir ki, ləğv olunmalıdır. Ermənistan Minsk Qrupunu reanimasiyada saxlamaqla gələcəkdə onların hansısa dekonstruktiv mövqeyinə ümid edir. Bu da erməni məkirinin təzahürüdür. Bunlar mənasızdır. Ermənistan şərtləri yerinə yetirməsə, sülh sazişi imzalanmayacaq. Qərb havadaları, Ermənistan daxilində faşistlər təxribatlara səbəb olduqca yeni gərginlik ehtimalı artacaq. Bu da yeni toqquşmaya səbəb ola bilər ki və bu, Ermənistan dövlətçiliyi üçün yaxşı nəsə vəd etmir”.

//Gülnarə Abasova, Editor.az