İSTİQAMƏT: 6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı.
Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir.
Azərbaycanda 2 fevral- Gənclər Gününün 25 illiyi tamam olur. Dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğının nəticəsidir ki, Ulu öndər Heydər Əliyevin gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Azərbaycanın dinamik inkişafında gənclər siyasətinin inamla həyata keçirilməsinin də payı çoxdur.
İkinci Vətən müharibəsində qazandığımız tarixi qələbənin arxasında isə biz Azərbaycan Gəncliyinin gücünü gördük.
44 günlük Vətən müharibəsində Azərbaycan gənci ön cəbhədə əsgər kimi, arxa cəbhədə isə informasiya savaşçısı döyüşürdü.
Mövzu ilə bağlı Editor.az-a danışan Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, Azərbaycanda müstəqillik illərindən sonra həyata keçirilən gənclər və idman siyasətinin prioritet istiqaməti gənc nəslin fiziki-mənəvi potensialının möhkəmləndirilməsinə xidmət edən kompleks tədbirlərin gerçəkləşdirilməsidir:

“Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu strateji xətti uğurla davam etdirən Prezident İlham Əliyev daim gənclərə imkanları çərçivəsində geniş meydan verilməsinə, gənc nəslin zəruri tələbat və ehtiyaclarının ödənilməsinə çalışmışdır. Dövlət başçısının bu çevik sosial zümrəyə diqqət və qayğısı ümummilli lider Heydər Əliyevin möhkəm təməllərlə əsasını qoyduğu gənclər siyasətinin məntiqi davamıdır. Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2007-ci ilin “Gənclər İli” elan olunması da ölkəmizdə gənclər siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını təsdiqləyir. Bu, bir tərəfdən gənclərə daha geniş şərait yaratmaq, digər tərəfdən onların potensialından dövlət quruculuğu prosesində maksimum istifadə etmək məqsədi daşıyır. Xüsusi olaraq qeyd edim ki, bir çox MDB və dünya dövlətlərində Gənclər və İdman Nazirliyi adlı hansısa qurum yoxdur. Azərbaycanda 1994-cü ildən belə bir nazirliyin mövcud olması və gənclərlə iş sahəsində uğurla fəaliyyət göstərməsi təsdiqləyir ki, respublikamızda gənclər və idman siyasəti daim diqqət mərkəzindədir”.
Millət vəkilinin sözlərinə görə, dövlət strukturunda rəhbər vəzifələrin təxminən 70 faizini gənclər təşkil edir:
” Hazırda daha çox müasir bilikləri və yeni informasiya texnologiyalarını mənimsəmiş gənclərə ehtiyac var. Mən deyə bilərəm ki, sevindirici haldır ki, müasir Azərbaycan gəncliyi beynəlxalq aləmdə layiqincə təmsil olunur, Respublikamız getdikcə beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilir. Gənclik millətin gələcəyinin, inkişafının təməl daşıdır. Millətin mövcudluğu üçün sağlam gənclik vacib şərtdir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların hazırlığından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Ölkə başçısının gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsini hər zaman əsas hesab edib. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində zəruri tədbirlər həyata keçirilir. Gənclər dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışıblar. Bunun ən gözəl nümunəsi olan 44 günlük Vətən müharibəsini qeyd edə bilərik. Gəncliyimiz düşmən qarşısında canını sipər etdi, torpaqlarımızı əsarətdən qurtardı. Onu da qeyd edim ki, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət də öz növbəsində sağlam və intellektual nəslin formalaşmasına xidmət edir”.
“Bizim Gənclik” İctimai Birliyinin icraçı direktoru, “GUYS” təşkilatının sədri Mübariz Quluzadə Editor.az-a bildirib ki, bu gün Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğı təqdirəlayiqdir:

“Xüsusilə qeyd etmək istərdim ki, gənclərin dəstəklənməsinə və inkişafına yönəlmiş təsisatların və keçirilən layihələrin sayına görə Azərbaycan lider ölkələrdəndir. Bəs bu qədər diqqət və qayğı nə üçün önəmlidir? Belə baxaq məsələn bir bina inşa edilir və o binanın tamamlanması üçün hər bir kərpicin öz yerinə düzgün qoyulması, yerinin boş qalmaması çox önəmlidir əks halda bina keyfiyyətsiz ola və uça bilər. Mən də ölkənin gələcəyini inşa edilməkdə olan bir binaya, ölkə gənclərini isə o binanın kərpiclərinə bənzədirəm. Əgər o kərpicləri(gəncləri) düzgün istifadə etməsək, necə gəldi kənara atsaq ölkənin gələcəyi necə olar? Təbii ki, yaşayış üçün təhlükəli bir binaya bənzər. Ölkə gənclərinin inkişafı, düzgün idarə edilməsi dövlət üçün təhlükəsizlik qədər prioritet məsələ hesab olunur. O kərpiclər sağlam və istifadəyə yararlı olmalıdır və sırf sağlam və məqsədyönlü gənclik bina misalında göstərdiyimiz kərpic rolunu üstlənməklə təməli və dayaqları möhkəm olan bir gələcək inşa etməmizi qarantiləyə bilər. Çünki düzgün idarə edilməyən gənclik dövlət üçün ən böyük təhdiddir. Məsələn oğrular, narkotik istifadə edənlər və satanlar düzgün idarə edilməyən gənclər kateqoriyasına aiddir. Cənab prezident İlham Əliyev də bütün çıxışlarında gəncliyə səslənir onların daha aktiv olmasını, sosial-ictimai fəallıqlarını artırmalarını istəyir cənab prezidentin necə müdrik şəxsiyyət olması primitiv görsənən amma çox böyük nəticələrə səbəb ola biləcək bu çağırışından məlum olur. Ümumiyyətlə hamı anlamalıdır ki, gənclik hər bir ölkənin ən əsas aparıcı qüvvəsidir. Dövlət gənclər siyasətinin uğurlu icrası nəticəsində biz gəncləri ölkənin sosial, ictimai və siyasi həyatında yer almağa təşviq edə bilmişik”.
M. Quluzadə qeyd edib ki, Azərbaycan Gəncliyinin bir fərd, əsl vətəndaş kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri mövcuddur:
” Ulu Öndərin zəngin və ideal dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Heydər Əliyevin gənclərə necə diqqət və qayğı göstərməsi öz təzahürünü SSRİ Azərbaycanında rəhbərlik etdiyi ilk günlərdən göstərmişdir. Yalnız 70-80-ci illərində Ulu öndərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin Moskva da daxil olmaqla aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi.
Ulu öndər Heydər Əliyev hakimiyyətə ikinci dəfə gələndən sonra dövlətin əsas prioritet istiqamətlərini gənclər təsisatlarını yaratmağa yönəltdi. Beləliklə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyən Ulu Öndər sözügedən nazirliyin əsasını qoydu. Bu siyasi dövlət institutu qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı.1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə də, 2 fevral 1996-ci ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. Yeri gəlmişkən qeyd edək ki, dünya üzrə gənclər günü yalnız 1999-cu ildə BMT-nin qərarı ilə elan edildi. Ulu öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək söyləyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


