Xaricdə yaşayan azərbaycanlıların HƏMRƏYLİK GÜCÜ: “Hər kəs bir amal uğrunda səfərbər olub”backend

Xaricdə yaşayan azərbaycanlıların HƏMRƏYLİK GÜCÜ: “Hər kəs bir amal uğrunda səfərbər olub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

Ukraynadakı hadisələr bir daha Azərbaycan xalqının milli birliyini ortaya qoydu.  Müharibənin yaratdığı olduqca gərgin vəziyyətdə dünyanın bir çox ölkələri öz vətəndaşlarını təxliyə edə bilməsə də Azərbaycanın xaricdəki vətəndaşları, diaspor təmsilçiləri  operativ şəkildə Xarici İşlər Nazirliyi ilə birlikdə bu prosesi uğurla həyata keçirirlər.

Biz Ukrayna hadisələri fonunda xaricdəki azərbaycanlıların milli birliyinə şahidlik etdik. Ukrayna hadisələri  bir daha xaricdəki azərbaycanlıların, Azərbaycan diasporunun gücünü və rolunu ortaya qoydu. Xaricdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları nəinki öz həmvətənlərini tək qoymadılar,  həm də ukrayna xalqının, oradakı soydaşlarımızın  zəruri qidalarnan təminatına əlindən gələn köməyi etdilər və etməkdə davam edirlər. Azərbaycan xalqının tarixdən süzülüb gələn Vətən müharibəsində də nümayiş etdirdiyi bu milli birliyinin gücü başımıza gələn çətinliklərdən bizim üzü ağ çıxmağımıza kömək olur.

Mövzu ilə bağlı Editor.az-a danışan Milli Məclisin deputatı Nəsib Məhəmməliyev bildirib ki, Azərbaycan cəmiyyəti kifayət qədər yetkin, siyasi prosesləri analiz etmək qabiliyyətinə malik, düzgün nəticə çıxara bilmək iqtidarında olan cəmiyyətdir:

“Bunun biz 44 günlük Vətən müharibəsində də şahidi olduq və 10 milyonluq azərbaycan xalqı, eyni zamanda dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımız kifayət qədər milli birlik nümayiş etdirərək Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdilər. Ona görə də 44 gün ərzində Müzəffər Azərbaycan Ordusunun səyi nəticəsində torpaqlarımızı azad etdik və 200 ildən bəri itirdiyimizi 44 gün ərzində geri qaytardıq. Bu, Azərbaycan xalqının mənəvi, fiziki, ideoloji bir məqsəd uğrunda birləşmək bacarığının göstəricisidir. Ukraynada baş verənlər də bizə yad deyil. Biz Ukrayna ilə ümumi tarixi bölüşmüş bir dövlətik. 70 il  Rusiya İmperiyasının tərkibində olmuşuq. Ona görə də Ukrayna ilə tarixi, mədəni, siyasi, iqtisadi əlaqələrimiz kifayət qədər güclüdür. 1991-ci ildən bu yana da ikitərəfli münasibətlərimiz olduqca yüksək templə inkişaf edir. Yəni, bir çox beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış edirik. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Ukraynada 600 minə yaxın soydaşımız yaşayır və sosial şəbəkələrdə, müxtəlif KİV-lərdə, Ukraynada yaşayan soydaşlarımızın bu münaqişədə öz dövlətinə yararlı olmasının şahidi olduq. Hesab edirəm ki, xüsusilə orada yaşayan azərbaycanlılar tərəfindən Ukrayna xalqına göstərilən dəstək normal qəbul olunmalıdır. Çünki onlar illərdir həyatlarını Ukraynada yaşayır, o dövlətin çörəyini, suyunu istifadə ediblər. Təbii ki, Azərbaycan cəmiyyəti siyasi cəhətdən də savadlı, dünyada və regionda gedən prosesləri yaxından izləyən bir cəmiyyətdir. Bu baxımdan cəmiyyətin Ukraynaya dəstək verməsi təbiidir. Uzun illər ərzində erməni işğalından əziyyət çəkən, erməni faşizmi nəticəsində bir milyona yaxın soydaşını itirən xalq kimi müharibədən əziyyət çəkən xalqlara bu əzab-əziyyəti yaşamağı arzulamırıq. Cəmiyyət olaraq Ukraynanın indiki halını başa düşür və yardımlar edirik. Bu, təbiidir. Azərbaycan xalqı şad günlərdə olduğu kimi çətin günlərdə də öz dostlarının yanında olmağı bacarmalıdır. Unutmaq olmaz ki, dünyada beynəlxalq hüququn norma və prinsiplərinin deqradasiyaya uğradığı, ikili standartların tüğyan etdiyi bir şəraitdə, qərəzli qərarların qəbul olunduğu bir dövrdə hər bir dövlət öz təhlükəsizlik sistemini qurmalıdır”.

Millət vəkilinin sözlərinə görə,  Azərbaycan dövlətinin apardığı balanslaşdırılmış siyasət heç bir halda üçüncü dövlətin əleyhinə yönəlməyib, əksinə  barışdırıcı mövqedən çıxış edib:

” Bu da Azərbaycanın hər iki münaqişə tərəfinin etimadını qazanmasına səbəb olub. Azərbaycan dünyada bir sabitlik adasıdır. Təsadüfi deyil ki, bu yaxınlarda Ukrayna Prezidenti Volodimir Zelenski  Ukrayna-Rusiya danışıqlarının baş tutacağı şəhərlərin adını çəkərkən Bakını da qeyd edib. Bu da Azərbaycanın beynəlxalq imicinin, ölkəmizə olan inam etimadın göstəricisidir. Belə qərarlar təsadüfən qəbul olunmur, bu etimad beynəlxalq nüfuzu  olan neytrallığını, obyektivliyini qoruyub saxlayan, qərəzdən uzaq eyni zamanda münaqişə tərəfləri ilə müsbət əlaqələrə malik olan dövlətlərə göstərilir. Bu baxımdan hesab edirəm ki, Dövlət Başçımızın apardığı siyasət ən optimal, milli maraqlarımızın qorunmasına dayanıqlı təhlükəsizliyə xidmət edir”.

“Birlik” Odessa diaspor təşkilatının sədr müavini Anar Natiqoğlu isə Editor.az-a bildirib ki, Azərbaycan xalqının həmrəyliyindən doğan mənəvi güc hər zaman öz sözünü deyir:

” Ukrayna xalqı ilə Azərbaycan xalqı arasında oxşar müsbət cəhətlər çoxdur. Belə bir çətin müharibə şəraitində biz yalnız Ukraynada yaşayan soydaşlarımızın təxliyəsinə, qidalanmasına deyil, həm də Ukrayna dövlətinə humanitar cəhətdən də kömək etməyə çalışırıq. Biz də “Birlik” Diaspor təşkilatı olaraq müharibənin  ilk günlərindən xüsusi qaynar xətt yaratdıq. Bu proses mənə həvalə edilib. Gün ərzində təkcə Odessada deyil, başqa şəhərlərdən de minlərlə zənglər qəbul edir, qeydiyyata salıb onları müxtəlif yollarla təxliyyə edirik. Bu proseslərdə biz Diasporla İş üzrə Dövlət Komitəsindən də ciddi dəstək aldıq. Yardım proseslərində Azərbaycanın xaricdəki səfirliklərinin gördükləri işləri də göz ardı etmək olmaz. Moldovadakı səfirimiz Qüdsi Osmanov və onun komandasının göstərdikləri dəstəyi xüsusilə vurğulamaq istəyirəm. Onların gördükləri iş öz imkanlarının üzərindədir. Bir səfirliyin maksimum 8-10 əməkdaşı olur. Bu imkanlar çərçivəsində bir gün də onlar minlərlə insan qəbul edib hər birinə kömək edirlər. Proseslərdə səfirliklər, diaspor təşkilatları, hər bir azərbaycanlı səfərbər olub”.

Anar Ağazadə Ukraynadakı vətəndaşlarımızı səbrli olmağa çağırıb:

“Müharibənin yaratdığı çətinliklər hər kəsin psixologiyasına, əsəblərinə təsir etdiyi üçün insanlar çox səbrsizdirlər. Nəzərə almaq lazımdır ki, səfirliklərin də, təşkilatların da məqsədi onlara kömək etməkdir. Tək Rusiya-Ukrayna savaşında deyil, bizim təşkilat həm də Vətən müharibəsində də ön cəbhəyə əlindən gələn yardımı etdi. Azərbaycan xalqının tarixdən gələn Vətən müharibəsi dövründə möhkəmlənən milli birliyi Ukrayna-Rusiya savaşında  öz sözünü dedik”.

Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov (Kəsəmən) isə Editor.az-a açıqlamasında bildirib ki, xaricdə yaşayan azərbaycanlıların ən çox təşkilatlandığı yerlərdən biri Ukraynadır:

“Burada hər şəhərdə hər vilayətdə demək olar ki,  bir neçə diaspor təşkilatı, fərqli mədəniyyət birlikləri, Azərbaycan məktəbləri var. Bu gün də ağır müharibə şəraitində bizim regional təşkilatlarımızın hər biri Ukraynadadır. İnsanlara kömək olmaq üçün hər bir təşkilat sədri, əməkdaşları əlindən gələni, hətta artığını belə edirlər.  Burada yaşayan soydaşlarımız həm bir-birinə, həm Ukrayna xalqına, ordusuna dəstək olur. Müharibə vəziyyətində bir xalqın maddi köməkdən daha çox mənəvi dəstəyə ehtiyacı olur. Ukrayna Azərbaycanlıları Radasının Diasporla iş üzrə Dövlət Komitəsinin ortaya atdığı ideyaya söykənən koordinasiyalı işi çərçivəsində Ukrayna şəhərlərində hər bir təşkilat, birlik sədri  öz əməkdaşları ilə birlikdə öz güclərini səfərbər edib, insanlara lazımı köməklik göstərirlər. Əlimizdən gələn qədər çalışırıq ki, koordinasiyalı şəkildə təxliyyə işlərini həyata keçirək. Beləliklə, bu günlər ərzində iki kollektiv 1100 nəfərlik evakuasiyanı həyata keçirdik. Hal-hazırda ən vacib məsələ təxliyyə işlərinin operativ şəkildə həyata keçirilməsidir”.

Ceyhun Məmmədov xaricdə yaşayan vətəndaşların qeydiyyata alınması məsələsinə də öz münasibətini bildirib:

” Biz xaricdə qeydiyyata, siyahıya alma işini hələ də bacara bilmirik. Nə təşkilatlarda, nə də səfirliklərdə soydaşlarımızın qeydiyyat siyahısı yoxdur. Yalnız Kiyevdə yaşayan 1500 nəfər azərbaycanlı qeydiyyata alınıb. İnsanlarımız gəlib qeydiyyata düşmək istəmirlər. Bu problem həm pandemiya həm də müharibə dövründə bir sıra çətinliklərin yaranmasına gətirib çıxartdı. Bizim qaynat xəttə gün ərzində 150-200 nəfərdən zəng gəlir, amma biz həmin şəxslərin heç 3 faizini belə tanımırıq. Bu, isə insanların öz səhvidir. Onlar şüurlu şəkildə qeydiyyatdan keçməkdən imtina edirdilər.  Əgər soydaşlarımız olduqları bölgələrdə səfirlikdə, diaspor təşkilatlarında qeydiyyatdan keçsələr bizim işimiz belə çətin vaxtlarda asanlaşdırmış olarlar”.

Təşkilat sədri Ukraynada ehtiyacı olan hərkəsi Diaspor təşkilatları ilə əlaqə saxlamağa çağırıb:

” Bizimlə birlikdə hərəkət edən insanların gücünü gördük. İnsanlar başa düşməlidir ki, diaspor təşkilatları soydaşlarımıza tam təmannasız kömək edir. Ehtiyacı olanlar müraciət etsin, bir-birimizə daha artıq dəstək olar. Biz hamımız edə bilmədiyimiz yaxşılıqdan məsuluq. Həm Vətən mübaribəsində, həm də Rusiya-Ukrayna müharibəsində azərbaycan xalqı göstərdi ki, canlarından, pullarından keçib bir-birlərinə dəstək ola  bilirlər. Bu insanların ən böyük sınaqlarından biri idi. Raketlər altında bir-birinə dəstək olan insanları görmək, onların ağrı-acı, çarəsizliyini hiss etmək asan deyil”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.