“22 ildir belə yaşayıram” – Könül Xasıyevabackend

“22 ildir belə yaşayıram” – Könül Xasıyeva

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Könül Xasıyeva Türkiyədəki təbii fəlakətinin fonunda 2000-ci il noyabrın 25-də Bakıda baş verən zəlzələdə yaşadıqları ilə bağlı paylaşım edib.

Editor.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə xanəndə sosial media hesabında yazıb.

“22 il öncə Bakıda heç 1 dəqiqə çəkməyən zəlzələ yaşadım. O anda yaşadığım qorxu və stres bütün həyatımı alt-üst etdi. Tam 22 ildir evdə tək qala bilmirəm. Yanımda tibb bacısı olmadan heç bir yerə gedə bilmirəm. Gecələr yatmaq istəyirəm, qorxu hissi gəlir, səhərə kimi dərmanlarla oyaq qalıram. Yuxunun nə olduğunu demək olar ki, unutmuşam. Getdiyim məclislərdə biri rəqs edərkən təngənəfəs oluram. İzlədiyim filmlərdə xəstəxana epizodlarına baxarkən ürəyim bərk, tez-tez döyünməyə başlayır və nəticədə havam çatmır, boğuluram. İndi bunları yazarkən keçirdiyim hislər belə çox dəhşətlidir. İnsan bir gündə neçə dəfə ölüb-dirilə bilər? 22 ildir belə yaşayıram. Bunun adı yaşamaqdırsa…

Bir zəlzələ insanı yalnız cismanı deyil, eyni zamanda mənəvi, ruhən də öldürür. Bütün həyatını, bütün düzənini alt-üst edir, sinirlərini çökdürür. Nəticədə zamanla əl-ayaq, nitqin tutulur, onurğada miyelit baş verir, çəliyə tutunursan. Sonda da hələlik müalicəsi davam edən problem. Daha dözülməz olanı isə təksən və himayəndə yetkinlik yaşına çatmayan narahat övlad… Qısacası həyatdasan, canlısan, amma bir ölüdən fərqin yox kimi.

Canımız Türkiyədədir. Baş vermiş zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfalar diləyirəm. Uca Rəbbim bir daha belə fəlakətlərlə imtahan etməsin. Amin” deyə, Xasıyeva paylaşımında bildirib.