“Bəzən tamaşaçıya nəyi göstərirsən ona baxmaq məcburiyyətində qalır”- Sosial verilişlərin REYTİNQİbackend

“Bəzən tamaşaçıya nəyi göstərirsən ona baxmaq məcburiyyətində qalır”- Sosial verilişlərin REYTİNQİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Televiziyalarda yayımlanan sosial verilişlər hər zaman tənqid hədəfi olsa da bəzən tamaşaçıya nəyi göstərirsən ona baxmaq məcburiyyətində qalır. Efirdə əvvəllər cəmiyyətə çox faydalı həm sosial, həm də intellektual verilişlər var idi. Bəlkə yüz minlərlə insan həmin verilişlərin efir vaxtını gözləyirdi ki, ona baxsın. İndi də həmin mövzularda verilişlər çəkilir, ancaq sosial tipli verilişlər “şou” qabiliyyəti ilə cəmiyyətə faydalı verilişləri kölgədə qoyur”.

Bu sözləri Editor.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.

Sosioloq bildirib ki, xalq olaraq “şou”ya, “qalmaqal”a meyilli olduğumuz üçün hal-hazırda bəyənməsək də həmin verilişlərin reytinqi çox yüksəkdir:

“Pessimistliyi sevdiyimizdən belə verilişlərə meyl göstəririk. Elə insanlar var ki, öz dərdini unudur, həmin efir proqramlarına çıxan insanların dərdinə yanır. Lakin məlum məsələdir ki, həmin verilişlərdə baş verənlərin çoxu real deyil. Bir müddət əvvəl məşhur verilişlərin birinin kadr arxası video yayılmışdı, o zaman biz bunun şahidi olduq. Əksəriyyəti isə sadəcə şoudur. Əlbəttə bəzən insanlara həqiqətən yardımlar edilir, bir çox insanın həyatı həmin verilişdə yığılan pullar sayəsində xilas olur . Amma hesab edirəm ki, bunları şouya çevirmək doğru deyil”.

Lalə Mehralı iddia edir ki, ölkəmizdə ciddi layihələrə vəsait ayrılmır:

” Elə insanlar var ki, həqiqətən çox ciddi və maraqlı layihələrlə televiziyalara müraciət edirlər. Lakin həmin layihələri baxışdan keçirtmək mümkün olmur, sponsor tapılmır, maliyyə ayrılmır. İntellektual verilişlərin sayı artırılmalıdır. Sosial verilişlər də şou proqrama çevrilməməli, yalnız ağlamaq- sızlamaqdan, insanlara mənfi enerji ötürməkdən ibarət olmamalıdır. Əgər maliyyə dəstəyi olarsa, çox maraqlı sosial motivli verilişlər hazırlamaq olar. Yaxşı verliş isə hər zaman cəmiyyət tərəfindən düzgün qiymətləndirilir”.

//Gülnarə Abasova, Editor.az