Finlandiya və İsveç iki neytral Skandinaviya ölkəsi olsalar da Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra bu gün ciddi şəkildə NATO-ya daxil olmağı düşünürlər.
Editor.az xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya bu iki ölkəyə bununla bağlı xəbərdarlıq edib və hərbi-texniki vasitələrlə cavab veriləcəyi ilə hədələyib.
Beləliklə, bu kontekstdə “İsveç və Finlandiyanın NATO-ya daxil olması Avropanı daha təhlükəsiz və ya daha təhlükəli bir yerə çevirəcəkmi?” sualı hər kəsi düşündürür. Hər iki ölkə NATO-ya üzvlük meyarlarından biri olan demokratiklik kriteriyasını yerinə yetirir. NATO-nun baş katibi Yens Stoltenberq hər iki ölkəni böyük məmnuniyyətlə qarşılayacaqlarını bildirib.
ABŞ ordusunun istefada olan generalı Ben Hodges İsveç və Finlandiyanın bu qərarının müsbət olacağını düşünür:
“Hər iki ölkə güclü demokratiyadır, bacarıqlı, müasir orduları var və səfərbərlik sistemləri çox yüksək səviyyədədir. Həqiqətən də, Finlandiya timsalında hərbi inteqrasiya artıq gedir. Britaniya tank və Finlandiya zirehli qoşunları bu yaxınlarda Litva, Estoniya və ABŞ-ın iştirakı ilə birgə təlimlər həyata keçirib”.
Bəs iki ölkənin birliyə qoşulması hansı problem yarada bilər?
Rusiya, daha dəqiq desək, Putin NATO-nu müdafiə ittifaqı kimi görmür. Əksinə, onun fikrincə, təşkilat Rusiyanın təhlükəsizliyinə təhdiddir. O, KQB agenti olduğu müddətdə Sovet İttifaqının tərkibində olan Litva, Estoniya və Latviya kimi ölkələr indi ittifaqın bir hissəsidir. Sərhədlərinin cəmi 6 faizi NATO ölkələri ilə olsa da, Kreml özünü mühasirəyə alınmış və təhdid altında görür. Fevralın 24-də qoşunlarını Ukraynaya göndərməzdən bir müddət əvvəl Putin Avropanın təhlükəsizlik xəritəsinin yenidən cızılmasını tələb edib. O, NATO qoşunlarının Şərqi Avropadan çıxarılmasını istəyib və yeni ölkələrin qəbul edilməməsində təkid edib. Lakin Ukraynaya işğal əks effekt verdi. Onilliklər boyu bitərəf olan İsveç və Finlandiya bu maddə ilə müəyyən edilmiş birliyə qoşulmaqla daha təhlükəsiz olub-olmayacaqlarını yenidən düşünməyə başladılar. Finlandiyada aparılan araşdırma göstərib ki, ölkənin 62 faizi ittifaqa qoşulmağın tərəfdarıdır.
Sırf hərbi nöqteyi-nəzərdən, Finlandiya və İsveçin mümkün üzvlüyü NATO-nun Rusiyadan çox geridə qaldığı Şimali Avropa regionuna mühüm töhfə verə bilər. Coğrafi baxımdan Finlandiyanın mövqeyi NATO-nun müdafiəsində çox mühüm boşluğu doldurur və ittifaqın Rusiya ilə sərhədini ikiqat artırır. Siyasi baxımdan bu, Putinə siqnal göndərir ki, müstəqil bir ölkəyə hücum demək olar ki, bütün Avropanı birləşdirib.
Burada riskli vəziyyət odur ki, Rusiyanın dibindəki bu genişlənmə Kremli həyəcan vəziyyətinə salacaq və buna mütləq şəkildə cavab veriləcək. Kremlin sözçüsü Dmitri Peskov Finlandiya və İsveçin NATO-ya qoşulmasının Avropaya daha çox təhlükəsizlik gətirməyəcəyi ilə bağlı xəbərdarlıq edib. Şimal cəbhəsindəki bu genişlənməni Rusiya təhlükəsizliyinə təhdid hesab etsə də rəsmi Kremlin necə reaksiya verəcəyini bilmək həqiqətən mümkün deyil.
//Gülnarə Abasova, Editor.az

