23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı Günüdürbackend

23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür

Ölkəmizdə dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə ali hakimiyyətə qayıdışı ilə ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edilmiş, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılmış və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuşdur. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi prosesinə başlanılmış, dövlət qulluğu sahəsində islahatlar həyata keçirilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ulu öndərimizin təşəbbüsü və müəllifliyi ilə hazırlanan Konstitusiyamız müasir dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi bazası rolunu oynamış, 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. “Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilib, Prezident cənab İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır.Bu islahatların davamı olaraq Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə Dövlət qulluqçularının peşə bayramı təsis edilib.Prezident cənab İlham Əliyevin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” qəbul olunmuşdur. Bu strategiyaya əsasında müvafiq dövlət qurumları tərəfindən dövlət orqanlarının kateqoriya və iyerarxiyasının müəyyən edilməsi, bu orqanların struktur bölmələrinin növləri və yaradılması qaydası, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları və vəzifə adları, rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə təlim modullarının və proqramlarının hazırlanması, kadr qurumlarının işçilərin sayına mütənasib olaraq təşkili, bu qurumların nümunəvi əsasnaməsinin hazırlanması, dövlət qulluqçularının peşəkar inkişafı və təhsili, onların məlumat bazalarının və reyestrinin yaradılması, dövlət qulluqçularına bərabər tutulan publik hüquqi şəxslərin əməkdaşlarının, statusunun müəyyən edilməsi və digər məsələlər öz həllini tapır və tapacaq. Ölkəmizdə dövlət qulluqçularının sayı hər il daha da artır ki, bu da yeni idarəetmə strukturlarının yaradılması və bəzi qurumların yenidən təşkil olunması ilə bağlıdır. Azərbaycanda dövlət qulluqçularının yaş tərkibi cavanlaşır, daha da təcrübəli işçilərlə yanaşı, gənclərə də geniş yer verilir ki, bu da özünün müsbət nəticəsini göstərir.
Göstərilən qayğının müqabilində hər bir dövlət qulluqçusu bundan sonra da səylə çalışmalı, Respublikamızın inkişafı və tərəqqisinə öz töhfəsini vargücü ilə verməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “…Müstəqil Azərbaycan Respublikasında dövlət qulluğunda çalışmaq hər bir insan üçün son dərəcə şərəfli işdir. Bu o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır”.

Həmid Nəsirov

2-ci dərəcə dövlət qulluqçusu,

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi