“Rusiya sülhməramlılarının Qarabağdakı bəzi hərəkətləri bir çox hallarda bizi narahat edir, düşündürür, eyni zamanda, gərginlik yaradır. Bu məsələlərə isə ötəri yanaşa bilmərik. Rusiyanın daxilində qatı ermənipərəst qüvvələr də mövcuddur. Baş verənləri bilavasitə rəsmi Moskvanın hərəkətləri ilə əlaqələndirmək də doğru deyil. Çünki Rusiyada Zatulin, Melonivə bənzər idbar adamlar var və onlar hər zaman ermənilərin arxasında olub və olacaq. Çox güman ki, hal-hazırda baş verənlər göstərir ki, onların da səyləri özünü birüzə verir”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Politoloq bildirib ki, son hadisələrdə Rəsmi Moskvanın mövqeyinə şübhə etmir:
“Çünki Prezident İlham Əliyev və Vladimir Putin arasındakı münasibətlərə əsasən demək olar ki, hər iki ölkə Prezidenti bir- birinə güvənir. Azərbaycan da hər zaman Rusiyanın problemli vəziyyətləri ilə bağlı yaxşı tövsiyyələr verib. Ən azından 1915-ci ildə təyyarə qəzasını xatırlasaq, Moskva ilə Ankara arasındakı münasibətlərin bərpa olunmasında Azərbaycanın misilsiz rolu olub. Hər zaman şahidi oluruq ki, böhranlı vəziyyətlərdə diplomatiya çox güclü rola sahibdir. Rusiya sülhməramlarının əksəriyyəti gənclərdir və onların böyük təcrübəsi yoxdur. Orada yüksək rütbəli zabitlər bəzən prosesləri anormal şəkildə tərtib edib lazımsız bəyanatlar verirlər. Eləcə də erməni yaraqlıları, bandit dəstələri, cinayətkarlara əməllərini törətmək üçün şərait yaradırlar. Bu proseslərin hər biri Azərbaycan dövlətinin diqqətindədir. Prezident İlham Əliyev dəfələrlə Rusiya sülhməramlıları barədə öz fikirlərini açıqlayıb. Azərbaycanın kifayət qədər, mənəvi, fiziki, psixoloji hazırlığı var ki, bu proseslərdə birdəfəlik sər-səhman yaratsın. Bu, bizim suveren haqqımızdır”.
Tofiq Abbasov Qarabağda Rusiya sülhməramlı qüvvələrinin rəsmi mandatının olmaması məsələsini də diqqətə çəkib:
“Onlar Azərbaycanın rəhbərinin icazəsi ilə oradadır. Əgər öz səlahiyyətlərini aşacaq davranışlara yol verəcəklərsə, Azərbaycanın buna reaksiyası çox sərt olacaq. Ermənistan Azərbaycan torpaqlarında sabitliyi pozmağa çalışır, öz maraqlarını Qarabağda yenidən təmin etmək istəyir. Bu, mümkün olan deyil. Çünki artıq Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bizim artıq alternativ variantlarımız var. Belə olduqda orada qabaqlayıcı, preventiv tədbirlər görüləcək.Heç kəs deyə bilməz ki, rus sülhməramlıları Azərbaycanın xəbəri olmadan orada nəsə etməyə çalışır. Əminəm ki, lazım gəlsə Azərbaycan Ordusu orada tərk-silah edilməsi lazım olan hərkəsi tərk-silah edəcək. Bu hətta rus sülhməramlılarına da aiddir. Odur ki, Qarabağda heç kəs həddini aşmamalı, ən əsas erməni terrorçularının oradan çıxarılmasına maneçilik törətməməlidir. Bu, Azərbaycan tərəfinin tələbidir. Erməni silahlı birləşmələri oradan birdəfəlik çıxarılmalıdır. Çünki orada qalan erməni əsilli şəxslər Azərbaycan vətəndaşlarıdır. Cinayətkarlar, separatçılar oradan təmizlənməlidir ki, bu insanlar artıq qorxmadan Azərbaycan Konstitusiyasına pənah gətirsinlər və özlərini bizim dövlətin vətəndaşları kimi təsdiqləsinlər. Bunun üçün Azərbaycanın maddi, mənəvi, fiziki bütün imkanları var”.
//Gülnarə Abasova, Editor.az

