Rusiyadan Ermənistana “ŞİLLƏ”: Həlqə daralırbackend

Rusiyadan Ermənistana “ŞİLLƏ”: Həlqə daralır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi Ermənistana növbəti dəfə siyasi “şapalaq vurub”. Dünən XİN- in İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev bildirib ki, Ermənistana verilən nota ilə əlaqədar cavab gözləyirik.Bir gün əvvəl Rusiya Ermənistana nota vermişdi. Buna səbəb kimi ölkədə “Surmalı” ticarət mərkəzində baş verən partlayışda qeyri – rəsmi olsa belə, Rusiyanın ittiham olunması idi.

Siyasi şərhçi Kənan Novruzov Editor.az-a bildirib ki, partlayışda bu və ya digər formada Moskvanın iştirakı istisna deyil:

“Ermənistana nota verilməsi münasibətlərdə çatlar olduğunu göstərir. Bu da gözləniləndir. Çünki İrəvanın Qərbə meyilli siyasəti, Avropa İttifaqının Cənubi Qafqazda fəallaşması, Ermənistanla- Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin davam etməsi, Laçın və ətraf kəndlərin boşaldılması şimal qonşumuzu qıcıqlandırır. Notaya cavab tələb olunması isə göstərir ki, Kreml Ermənistanı “küncə sıxışdırmaqda” israrlıdır. İndi İrəvanın üç yolu var. Birincisi, notaya cavab verməmək, məsələni unutdurmağa çalışmaqdır. Belə olsa, yəqin, Rusiyanın Ermənistana təzyiqləri daha da artacaq, daxildəki müxalifətin “əli güclənəcək”. İkincisi, Ermənistan rəsmiləri məsələnin yanlış anlaşıldığını deyə bilərlər. Bu da daxildə hakimiyyətə olan etimadı azaldacaq. Hətta müəyyən etirazlara, mitinqlərə səbəb olar. Çünki Ermənistan xalqının xeyli hissəsi artıq Rusiyanı istəmir. Üçüncüsü, rəsmi İrəvan geri çəkilməyəcək və Moskva ilə “kəllə kəlləyə gələcək”. Bu isə Rusiyanın daha ciddi addımlar atması üçün bəhanə ola bilər”.

K. Novruzov qeyd edtdiyi ssenarilərdən heç birinin Ermənistan üçün arzuolunan olmadığını vurğulayıb:

“Üçü də mənfi nəticələrə səbəb olacaq. Ermənistanda hakimiyyətin dəyişməsi hələ ki, müzakirə mövzusu deyil. Bunu Kreml də istəmir. Amma Rusiya Ermənistana təzyiqləri artıracaq. Prezident Vladimir Putin baş nazir Nikol Paşinyanın tamamilə özündən asılı olmasını arzulayır. Və artıq bunun üçün növbəti təsir mexanizmi var.
Çox güman, yaxın vaxtlarda digər rəsmilər, o cümlədən Rusiya XİN sözçüsü Mariya Zaxarova da sözügedən məsələ barədə bəyanat verəcək. Moskva məsələnin yaddan çıxmasına icazə verməyəcək. Rusiya elə edəcək ki, Ermənistan açıqlama verməyə məcbur qalsın. Sonra isə həmin açıqlamadan növbəti “rıçaq” kimi istifadə ediləcək.
Ermənistan Baş nazirinin məsələyə münasibət bildirməsi və üzrxahlıq motivli açıqlama verməsi istisna deyil”.

//Gülnarə Abasova, Editor.az