“Ermənistan baş naziri Nikol Paşinyan ciddi dövlət rəhbəri kimi davranmağı bacarmır. Ona görə də postmüharibə dövrünə keçilmiş 2 il ərzində ziddiyyətli bəyanatlar verməklə qeyri-ciddi siyasətçi olduğunu göstərir. Hal-hazırda isə regionda vəziyyət olduqca mürəkkəbdir”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Onun sözlərinə görə, “yeni dünya nizamı” kontekstində baş verən proseslər regional vəziyyətə təsir etməklə onu bir qədər də mürəkkəbləşdirir:
“Belə olan halda ciddi dövlətlər, dövlət adamları yalnız sülh haqqında düşünə bilərlər. Ancaq Ermənistan dövlət deyil, terror təşkilatı olduğuna görə Paşinyanın uğursuz siyasəti regionda sülh istiqamətində qərarlı addımlar atmağa icazə vermir. Sentyabr ayının 12-də törədilən sonuncu təxribatdan sonra Azərbaycan bir daha qətiyyətli addım ataraq Ermənistanda olan radikallara və revanşistlərə yeni bir dərs verdi. Artıq ilkin emosional vəziyyət keçdikdən sonra Ermənistan cəmiyyətində hamı başa düşəcək ki, hakimiyyətdə kim olursa olsun prosesi geri qaytarmaq iqtidarında ola bilməz”.
Hikmət Babaoğlu qeyd edir ki, Azərbaycan güclüdür və beynəlxalq hüquqa uyğun olaraq ərazisini təhdid edən hər hansı təxribatın qarşısını almağa qadirdir:
“ Müəyyən müddətdən sonra sonuncu təxribatdan dərs çıxaran Ermənistan cəmiyyəti sülhə daha çox meyl edə bilər. Ancaq xarici faktorlar olmasa bu proses reallaşa bilər. Çünki Ermənistanın sülhə gəlməməsi həm xarici, həm də daxili faktorlarla bağlıdır. Hal-hazırda Cənubi Qafqazdakı vəziyyəti özünün geosiyasi maraqları istiqamətində istifadə etməyə çalışan güc mərkəzləri var. Bunlara misal olaraq Minsk Qrupunun gündəmə gətirilməsi, Ermənistan addımlarının BMT Təhlükəsizlik Şurasının gündəliyinə çıxarılma cəhdlərini göstərə bilərik. Bütün bunlara görə Ermənistan baş naziri Nikol Paşinyan siyasi çapalama içərisində qalıb. Ermənilərin istər hərbi, istərsə də siyasi-diplomatik təxribatları nəticə vermədiyinə görə, önümüzdəki günlərdə daha real sülh üçün şərtlər formalaşa bilər. Azərbaycan əvvəlcədən qeyd edib ki, biz Ermənistanı sülhə məcbur edəcəyik, sülhə razı olmadıqda məcburetmə əməliyyatlarından istifadə edəcəyik. Önümüzdəki mərhələdə emosional vəziyyətdən keçdikdən sonra siyasi iqlim bir qədər yumşala və sülhə doğru dönüş yarada bilər”.
//Safura Bənnayeva, Editor.az

