Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.
Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh sazişinin əsasını təşkil edəcək sənədin imzalanması məsələsi müzakirə olunub.
Milli Məclisin deputatı Müşfiq Cəfərov Editor.az-a bildirib ki, bu görüşü mahiyyət etibarilə bunu Brüssel və əvvəlki Soçi görüşlərinin təkrarı kimi qiymətləndirir:

“Lakin burada ən vacib məqam ölkə başçısının bütün hallarda “Qarabağ münaqişəsi tarix olub” ifadəsini vurğulamasıdır. Ölkə başçısı keçmiş münaqişənin iki il bundan əvvəl həll olunduğunu açıq və qəti şəkildə ifadə etdi. Ermənistan baş naziri Nikol Paşinyanın görüşdən əvvəlki publikaya oynayan “cəsarətli çıxışı” hər iki cəmiyyətdə müəyyən fikir qarışıqlığına səbəb olmuşdu. Lakin yenə də hər zamankı kimi Nikol Paşinyan sadəcə populist çıxışları ilə aranı qarışdırmağı hədəfləmişdi ki, buna nail ola bilmədi. Ermənistan hakimiyyəti tarix boyu asılı olmağa himayədarlar axtarışında olub. Bu 90-cı illərdə ondan əvvəl və bu gün də belədir. Təəssüf ki, bu günə kimi baş tutan görüşlərdə vasitəçi dövlətlə mövqelərinin üst-üstə düşdüyünü qeyd edən Paşinyan İrəvanda tam başqa çıxışlar edir. Bu da onun iradəsiz və mövqesiz siyasi xəttindən irəli gəlir”.
M. Cəfərov qeyd edib ki, görüş ərəfəsində Paşinyanın və Qarabağ separatçılarının verdiyi açıqlamalar, təşkil etdikləri mitinq təsadüfi deyil:
“Bu görüşdə də cənab Prezident İrəvanla münasibətlərin normallaşması üçün 5 əsas prinsip irəli sürüb, bunun əsasında normallaşmaya nail olacağını bildirib. Bu 5 prinsip Azərbaycan dövlətinin milli maraqlarının ifadəsidir. Bəzi siyasi ekspertlər görüşün çətin keçəcəyi ilə bağlı əvvəlcədən müxtəlif proqnozlar verirdilər. Azərbaycan cəmiyyətində də təbii olaraq müəyyən narahatlıqlar müşahidə olunurdu. Ermənistan rəhbərliyinin təxribat və pozuculuq cəhdlərinə baxmayaraq prezident İlham Əliyev Soçi görüşündə Azərbaycanın prinsipial və qətiyyətli mövqeyini növbəti dəfə uğurla müdafiə etdi. Ermənistan baş nazirinin bütün cəhdlərinə baxmayaraq Soçi görüşündə imzalanan yekun bəyanatda Qarabağla bağlı Ermənistanın istədiyi formada heç bir bənd öz əksini tapmadı. Qeyd edim ki, Qarabağla bağlı bütün məsələlər Azərbaycanın daxili işidir. Bütün vasitəçi dövlətlərin də buna hörmət etdiyi göz önündədir. İstər Qərbin, istərsə də Rusiyanın vasitəçiliyi bir məqama xidmət etməlidir – regionda sülh və sabitliyin təmin olunması…”.
Milli Məclisin deputatı Hikmət Babaoğlu isə Editor.az-a bildirib ki, Soçidə keçirilən üçtərəfli görüş Ermənistan diplomatiyasının tam fiaskosu ilə başa çatdı:

“Ona görə ki , Paşinyan ümid etdiyi heç nəyə nail ola bilmədi , hətta humanitar blokda müzakirələr zamanı ən azı bir neçə hərbi cinayətkarı geri almağa belə.. Ermənilər hesab edirdilər ki , Soçi görüşü postmüharibə dövrü diplomatiyasında dönüş nöqtəsi ola bilər. Necə ki, 12-14- sentyabr təxribatı zamanı döyüş meydanında dönüş yarada biləcəklərinə inanmışdılar. Ancaq Soçi fiaskosu 12-14 sentyabr fiaskosunun diplomatik variantı kimi yadda qaldı. Məsələ ondadır ki , ermənilər Soçi görüşü öncəsi üç əsas təzyiq mexanizmi əldə etdiklərinə inanırdılar. Bunlardan biri Praqa görüşündən sonra Ermənistana Aİ- nin sülhməramlı missiya göndərməsi , ikincisi Ermənistanın KTMK-dan çıxması ilə bağlı açıq mövqenin ortaya qoyuması və məsələnin ictimai müzakirəsinin təşkili, üçüncüsü isə Xankəndində dırnaqarası uğurlu mitinq təşkil edə bilmələri idi. Paşinyan hesab edirdi ki , bütün bunlar Putinin mövqeyinə təsir etmək üçün kifayət qədər güclü şantaj vasitələridir. Putin Paşinyanın Qərbə daha çox meyl etməsinin qarşısını almaq, Ermənistanın KTMK-da qalması üçün cəlbedici şərtlər formalaşdırmaq üçün Paşinyana müəyyən güzəştlər edilməsi məqsədilə Azərbaycana təzyiq edəcək”.
Deputat onu da qeyd edir ki, Xankəndində Rusiya və Ermənistanın birgə təşkil etdiyi mitinq isə bu mövqeyə ictimai dəstək kimi təqdim ediləcək:
“Belə olan halda bu dəfə Ermənistana zopa yox, kökə düşəcək .Ancaq bunların heç biri olmadı. Ona görə ki , Azərbaycan Prezidenti əvvəlcədən məsələni birdəfəlik və konkret olaraq irəli sürdü. Qarabağ problemi tarixə qovuşub , o iki il bundan əvvəl həll edilib .Əslində bu Azərbaycanın ikinci nidası idi. Birincinidadan sonra nələrin baş verdiyini ermənilər heç vaxt unutmayacaqlar. İkinci nidadan sonra isə yenə bənzər hadisələr bir qədər başqa formada ola bilər. Məsələn Azərbaycan Qarabağımızda müstəqilliyimizi və suverenliyimiz şübhə altına alan şüarlar səsləndirən mitinq iştirakçılarını hüquqi məsuliyyətə cəlb etmək üçün xüsusi əməliyyat keçirə bilər. Başqa ölkə yəni, Ermənistan vətəndaşlarının kütləvi şəkildə sərhədlərimizi pozaraq Qarabağa gəlib konstitusiyon quruluşumuza qarşı aksiya təşkil etdiklərinə görə Laçın yolunda nəzarət keçid məntəqəsi qurmaqla bu yoldan yalnız Qarabağda Azərbaycan qanunları ilə yaşayan ermənilərin keçidinə icazə verə bilər. Nəticə etibarilə axı bu yol humanitar yoldur və Azərbaycan vətəndaşlarının kommunikasiyası üçün nəzərdə tutulub .Üçüncü ölkələrin vətəndaşları isə Azərbaycana yalnız viza alaraq gələ bilərlər. Beləliklə, ermənilər 2020-ci ilə qədər onlara təklif edilənləri indi arzuladıqları kimi 2020-ci ildən sonra onlara verilənləri 2022-ci il 12-14 sentyabrdan sonra arzuladıqları kimi , indi təklif olunan sülhü də qısa müddətdən sonra əl-əl gəzməli olacaqlar. Ona görə də Ermənistan Soçi görüşü fiaskosundan yaxşıca dərs çıxarmalı, yeni reallığı qəbul etməlidirlər. Əks təqdirdə Azərbaycanın indi təklif etdiyi sülh şərtlərinin qısa bir müddət sonra arzu etsələr də tapa bilməzlər”.
//Gülnarə Abasova, Editor.az

