“Azərbaycan gəncləri casus şəbəkələrinin alətinə çevrilməməlidir”- Könül Nurullayevabackend

“Azərbaycan gəncləri casus şəbəkələrinin alətinə çevrilməməlidir”- Könül Nurullayeva

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan gəncləri hər zaman dövlətimizin və xalqımızın milli maraqlarını ön planda saxlayıb. Bu sağlam mövqe heç vaxt dəyişməməlidir. 44 günlük Vətən müharibəsindən sonra regionda baş verən geosiyasi proseslər nəticəsində Azərbaycan daha güclü aktora çevrilib. Bu, bəzi ölkələr tərəfindən qısqanclıqla qarşılanır. İran da bu baxımdan öz aqressiyasını gizlədə bilmir. Əli müsəlmanların qanına batmış Ermənistanla isti münasibətlər, yeni konsulluğun açılması, Azərbaycanla sərhəddə təxribatçı təlimlər bunu bir daha təsdiqlədi. Amma təbii ki, bu davranışlar Azərbaycanı narahat etmir. Sadəcə, belə məqamlarda cəmiyyətin hər bir üzvü daha ayıq-sayıq olmalı, kənar təsirlər altına düşməməlidir”.

Editor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Millət vəkili bildirib ki, Azərbaycanda casus şəbəkəsi yetişdirmək iddiası olan İran həmişə bu istiqamətdə çalışır:

“Ümumiyyətlə, cənub qonşumuzun yüksək rütbəli məmurları Azərbaycanı İranın tərkib hissəsi kimi xəyal edirlər. İran tərəfindən Azərbaycanda xüsusi hazırlanmış, təlimatlandırılmış, təsir altında saxlanılan insanlardan da öz məqsədləri üçün istifadə ediblər. Bu ölkə Azərbaycandan müxtəlif yollarla çıxarmağa nail olduğu gənc insanları dövlətçiliyimizə qarşı yetişdirməkdə israr edir. Bu gün də hədəf Azərbaycan gəncliyidir. Bu da səbəbsiz deyil. Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsində elə bir tarix yazıb ki, bu qəhrəmanlıq tarixi hər kəsə nümunədir. Gənclərimizin vətənə bağlılığı həm də dövlət və xalq olaraq bizim gücümüzü artırır. Bu baxımdan İran başda olmaqla Cənubi Qafqazda marağı olan dairələr üçün Azərbaycan gənclərini təsir altına salmaq cəhdləri müşahidə olunmaqdadır. Vətən müharibəsi zamanı İranın molla rejiminin casus şəbəkəsinin Azərbaycandan topladığı məlumatları Ermənistana ötürməsi daha qabarıq özünü göstərdi. Burada məqsəd Azərbaycanın qələbəsinə mane olmaq idi. Amma Azərbaycan gəncləri “öldü var, döndü yox” deyərək, Vətənin bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Geniş planda baxsaq, molla rejiminə işləyənlərin əli həm də bəlkə özləri də bilmədən şəhidlərimizin qanına batıb. Bu, isə Vətənə xəyanətdir. Azərbaycan cəmiyyəti haqlı olaraq bu cür xəyanətkarların ifşasını tələb edir”.

K. Nurullayeva qeyd edib ki, təsadüfi deyil ki, bu günlərdə Dövlət Təhlükəsizlik Xidməti ölkədə dini şovinizim, anti-Azərbaycan mövqeyindən çıxış etmək üçün yetişdirilən, müxtəlif yerlərə hərbi təlimə göndərilən İranın himayəsində olan qruplaşmanın üzvlərinin həbsinə nail olub:

” Müxtəlif dizaynda və 313 rəqəmi ilə əsasən gənclərin geyindiyi üslubda köynəklər xüsusi diqqəti çəkir.
İranın dini fanatları 313 rəqəmini müqəddəs kitaba bağlayır. Təbii ki, buna ancaq dini fanatizmə meyilli psixoloji baxımdan zəif insanlar inanır. Molla rejimi isə bu inamdan öz ideoloji məqsədi üçün istifadə edir. Uzun illər Azərbaycanda iranyönümlü sosial bazanın yaradılması və ölkədəki ictimai-siyasi proseslərə təsir olunması yönündə fəal iş aparanlardan biri də ifşa olunduğu üçün ölkəmizdən qaçan Ocaqnejad idi. Ocaqnejad Azərbaycanda diplomatik statusla, İran səfirliyinin əməkdaşı kimi qeydiyyata düşsə
də öz statusuna uyğun fəaliyyət göstərmirdi. Onun ofisinin yerləşdiyi “İran Mədəniyyət Mərkəzi” isə mədəniyyət təbliği üçün deyil, Azərbaycana qarşı dini-ideoloji və siyasi mübarizə və gizli şəbəkənin yaradılması üçün istifadə olunurdu. Bu mənada Azərbaycan xalqı, xüsusən də gənclərimiz daha diqqətli olmalı, milli maraqlarımıza sadiqliyi davam etdirməli, vətənpərvərlik hissini heç vaxt arxa plana keçirməməlidir. Biz cəmiyyət olaraq bu təhlükələri öz əzmimiz və ayıq-sayıqlığımızla zərərsizləşdirə bilərik”.