“Təəssüf ki, ötən gün qardaş ölkə olan Türkiyədə itkilərlə nəticələnən terror aktı törədildi. Artıq uzun illərdir ki, dünya güc mərkəzlərindən birinə çevrilməkdə olan Türkiyə kimi güclü bir dövlət terrorla mübarizə aparır. Həm Azərbaycanın, həm də Türkiyənin bu sahədə illərə söykənən mübarizə tarixçəsi vardır. Bəli, tam əminliklə deyə bilərəm ki, Azərbaycan hər zaman erməni terroruna qarşı mübarizə aparıb. Türkiyədə bizdən fərqli olaraq ölkə daxilində də terror hadisələri olur. Bu terror cəhdləri güclənməkdə olan dövlətləri daxildən də zəiflətmək üçün həyata keçirilir”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Millət vəkili bildirib ki, Türkiyənin güclənib dünya idarəçilliyində əsas fiqurlardan biri olması başqa dövlətləri və ya onların dəstəyilə formalaşıb fəaliyyət göstərən terror qruplarını narahat edir:
“Lakin bu cəhdlər hər zaman nəticəsiz qalır və zəiflətməyə çalışdıqları xalq və dövlət daha da ayıq sayıq ölkəsinin müdafiəsinə qalxır. Türkiyənin tarixi böyük qəhrəmanlıq səhifələriylə doludur, bu günə kimi saysız- hesabsız terror aktları törədilsə də zəifləmə və ya geriləmədən söhbət belə gedə bilməz. Bu gün hər iki dost ölkəni hədəfə alan ASALA Sumqayıt hadisələrini, Xocalını və Gəncə teraktını törətmiş şəxslərin davamçılarıdır. Heç bir terroristik aktın cavabsız qalmayacağı da şübhəsizdir”.
//Gülnarə Abasova, Editor.az

