“Dekabrın 23-də Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşü keçirilməli idi, amma Ermənistan heç bir ciddi əsas gətirmədən bu görüşdən imtina etdi”.
Bu fikirləri Editor.az-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov bildirib.

Onun sözlərinə görə, ermənilərin məkrli fikirləri hərkəsə məlumdur:
“Bunun əsas səbəblərindən biri 31 avqust tarixində keçirilən dördüncü Brüssel görüşündə qəbul olunmuş qərara əsasən növbəti görüşün noyabr ayında keçirilməsinə razılıq verilməsi, amma, bunun da reallaşmamasıdır. Baştutmamasının əsas səbəblərindən biri Ermənistanın Fransanın iştirakını istəməsi idi. Bununla da Brüssel platformasını pozmağa cəhd etdilər. Kapitulyasiyaya uğramış Ermənistan şərt qoyur ki, növbəti Brüssel görüşündə 4 tərəfli qaydada Fransa Prezidenti də iştirak etməlidir. Çexiyanın Praqa şəhərində Avropa Siyasi Birliyinin Zirvə toplantısı çərçivəsində keçirilən 4 tərəfli görüşdən sonra prezident İlham Əliyev müsahibə verib. Brüssel formatını dəstəkləməyimizə baxmayaraq, Ermənistan və Fransa bu platformanın iflic olmasına səbəb oldular”.
Politoloq qeyd edir ki, Azərbaycanın Fransanın iştirakı ilə baş tutması planlaşdırılan Brüssel görüşündən imtina etməsinə cavab olaraq Ermənistan da bu görüşdən imtina etdi:
“Bu gün QHT-lərin ekofəalların Laçın yolunda təşkil etdiyi aksiyalar nəticəsində həmin yolun bağlanması ilə bağlı görüntü yaratmağa çalışan Ermənistandan da belə hərəkət gözləmək olardı. Sülh danışıqlarına hazır olmayan Ermənistan bu addımları ilə sanki Azərbaycanın sülhü dəstəkləmədiyini göstərməyə çalışır. Amma bu da uğursuz addımdır.
Azərbaycan həmin ərazilərdə quruculuq işləri həyata keçirir. Ölkəmiz sülh prosesinə hazırdır və bunun üçün əlindən gələn bütün işləri görür. Amma Ermənistan hər vəchlə sülh istiqamətində fəaliyyət göstərmək əvəzinə Azərbaycanı günahkar göstərməyə cəhd edir. Ermənistan heç vaxt dəyərlərə qiymət verən, dövlətlərarası münasibətlərə sadiqlik göstərən dövlət olmayıb. Onlar istənilən an müttəfiq gördükləri ölkələrə də qarşı çıxa bilərlər”.
X.Bəşirovun fikrincə, Paşinyanın hakimiyyətə gəldiyi ilk gündən Rusiyaya qarşı münasibət bu formada olub: “2018-ci ildə hakimiyyətə gəldikdən bir neçə ay sonra KTMT-nin baş katibini həbs etdi. Bu, Rusiyaya qarşı atılmış ən böyük addımlardan biri idi. Hətta zaman-zaman rəsmi Moskvaya qarşı Qərb ölkələri ilə də əməkdaşlığa girib. Bu hərəkətləri ilə öz ölkəsini ciddi təhdid altında qoyur”.
//Safura Bənnayeva, Editor.az

