27 SENTYABR yeni əsrin ilk günü!backend

27 SENTYABR yeni əsrin ilk günü!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məncə 2020-ci il 27 sentyabr tarixi Azərbaycan dövləti üçün bir yüz ilin başa çatması, yeni yüz ilin başlanğıc günüdür. Bu yeni yüz ili Azərbaycan xalqı şərəfi və qüruru ilə yeni bir tarixlə başladı. Bəli, bizim üçün əslində tarix və şərəf saatı məhz 1-ci Qarabağ müharibəsindəki məğlubiyyətlə dayanmışdı və yalnız torpaqlar işğaldan azad edildikdən sonra bizim tariximiz yenidən başladı. Bəli etiraf etməliyik ki, Qarabağ Azərbaycanla və hər bir azərbaycanlı ilə bütünləşmiş bir milli ideya idi və bu hər birimizi evimizdə, ürəyimizdə, düşüncələrimizdə, nəfəsimizdə belə daima izləyirdi. Bir haşiyəyə çıxmaq istərdim. Azərbaycanın mədəniyyətinin qorunması və müdafiəsində ön cəbhələrdə savaşdığımız zaman bir çox beynəlxalq təşkilatların toplantılarında böyük uğurlar əldə etsək də, işğalçı ölkənin nümayəndələrinin gözlərinin içinə baxmaqdan utanırdıq. Çünki, onların baxışları qələbəni simvolizə edirdi və bir Azərbaycanlı olaraq bu bizi çox incidirdi və bu duyğuların necə də ağrılı olduğunu xarici siyasətlə məşğul olan insanlar çox yaxşı bilir. Ta ki,2020-ci il və 2023-cü ildəki ədalətin qələbəsinə kimi.

Azərbaycan xalqının, qəhrəman Azərbaycan ordusunun bu zəfəri təkcə işğalçı Ermənistan üzərində deyildi, bu eyni zamanda və əslində “Şimal və Cənub İmperalizmi” üzərində bir qələbəsi idi. Bu keçmişdəki imperalizmləri xatırladan və onun varlığını başqa bir ad altında diriltməyə çalışan məhz keçmiş yüz ilin, bəlkə də iki yüz ilin Yeni Azərbaycan qarşısında birdəfəlik məğlubiyyəti idi.

Bu qələbə haqlılıq mədəniyyətinin haqsızlıq mədəniyyəti üzərində, sahiblik mədəniyyətinin sahib olmamaq mədəniyyəti üzərində, həqiqətin yalan üzərində, günahsızların günahkarlar üzərində, yurd-yuvasından illərlə didərgin düşmüş yüzminlərlə insanın onların bədbəxtliyi naminə özünə xoşbəxt həyat qurmaq istəyənlər üzərində qələbəsi idi.

Bu eyni zamanda Ermənistan üçün işğalçı olaraq işğalçılıq və onun haqsız həzzinin əsarətindən xilas olması üçün tarixi bir şansdır. Həmçinin, müasir beynəlxalq sistemin və dövlətlərin öz sərhədləri çərçivəsində var oluşunu inkar edən və reallıqdan uzaq tarixi iddialar ilə kodlaşdırılan erməni xalqının daha sivil və daha fərqli dünya baxışı ilə oyanmasına səbəb ola biləcək tarixi imkandır. Əgər bunu dərk etsələr və öz səhvlərindən nəticə çıxarsalar biz Cənubi Qafqazda yeni inkişafın və müsbət geosiyasi dəyişikliklərin şahidi olacağıq.

Bir faktı və həqiqəti də unutmaq olmaz. Son 300 illik tariximizdə həmişə torpağı itirən tərəf olaraq heç bir zaman Azərbaycan xalqı öz taleyi ilə bağlı qərarları bu qədər yüksək inam və cəsarətlə verə bilməmişdir.

Bunun mənə görə iki səbəbi var:

Birincisi, tarixin heç bir dövründə Azərbaycana rəhbərlik edən şəxslər beynəlxalq geosiyasi proseslərdə və özünün milli dövlətçilik maraqlarının müdafiəsində bugünki qədər peşəkar və qətiyyətli olmamışdır. Xüsusilə, Qafqaz coğrafiyasının mədəniyyətində olduğu kimi təkcə bir rəhbər olaraq deyil, həm də bir savaş və sülh lideri olaraq bunun öhdəsindən Azərbaycan Prezidentinin timsalında beynəlxalq siyasi-diplomatik, hərbi və milli mübarizə ideologiyası mənasında yüksək səviyyədə gəlindiyinin şahidiyik.

İkincisi, Azərbaycan xalqının özünün cəsarət və qorxmazlığını, şərəfi, torpağı, keçmişi və gələcəyi uğrunda mübarizə qətiyyətini bugünkü kimi nümayiş etdirə biləcək meydanı olmamışdır və ya bu meydanı qazana biləcək gücdə olmamışdır. Bəzi insanlar İkinci Dünya müharibəsini, Cumhuriyyət dövrünü, və ya 80-ci illərin sonlarındakı mübarizə hərakatlarını misal gətirə bilər, ancaq 27 Sentyabrda başlayan son üç ildəki mübarizə şərəf, torpaq, keçmiş və gələcək kimi dörd amilin tamını özündə birləşdirən yeganə savaş meydanı olmuşdur. Bu savaş sözün əsl mənasında SÜLH uğrunda bir savaşdır. Mən artıq Azərbaycan xalqının öz dastanlarındakı igidləri ilə deyil, real həyatımızda gördüyümüz, acısını yaşadığımız, bugünkü və bundan sonrakı nəsillərin bir ömür borclu olduğu müzəffər oğulları ilə fəxr etməli olduğu qənaətindəyəm. Bunu onları böyüdən analara, bir ömür atasızlıq duyğusu və əziyyəti ilə yaşayacaq övladlara, həyat yoldaşlarını itirməklə həyatlarını arzulanmayan bir yolla davam etməyə məcbur qalan xanımlara və daha bir çox kimlərə borcluyuq. Sözün əsl mənasında borcluyuq, sizinlə sadəcə fəxr etmirik, sizinlə fəxr etməyə bir ömür borcluyuq!

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm!

Bütövlüyün, suverenliyin mübarək Azərbaycan!

Hörmətlə,

Vasif Eyvazzadə
İnsan Təhlükəsizliyi üçün Qlobal Sülh Şurasının təsisçi prezidenti
Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri

27 Sentyabr, 2023-cü il
McLean, Virginia, ABŞ