“Öz dövlətində normal nizam-intizam yarada bilməyən molla rejimi Azərbaycanı ittiham edir”- ŞƏRHbackend

“Öz dövlətində normal nizam-intizam yarada bilməyən molla rejimi Azərbaycanı ittiham edir”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran Azərbaycanı ittiham edib bu cür absurd nota ilə çıxış etməkdənsə, gülünc doğuran hərəkətlərinə baxsa onun üçün daha əhəmiyyətli olar”.

Bu fikirləri Editor.az-a politoloq Natiq Miri İranın Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası təqdim etməsinə münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, Tehranın bütün media qurumları, eləcə də SEPAH kimi güc mərkəzinin bilavasitə maliyyələşdirdiyi telegram kanallarında hər gün ölkəmiz əleyhinə həddini aşan, böhtan xarakterli yazılar gedir:

“Azərbaycan SEPAH tərəfindən hazırlanan videolarla hədələnir. Rəsmi “Səhər kanalı”nda ölkəmizə qarşı ittihamlar səslədirilir. Bunun qarşılığında İran susmağımızı gözləyirdi? Nə vaxtdan həqiqətləri dilə gətirmək başqa bir dövləti təhqir etmək deməkdir? Təkcə Şimali Azərbaycanı deyil, öz ərazilərində yaşayan 35-40 milyona yaxın Azərbaycan türklərini həmişə mediada müxtəlif karikaturalar və digər vasitələrlə alçaldıblar. Bütün bunların müqavilində ölkəmiz səbr nümayiş etdirib”.

Politoloq qeyd edir ki, İran Azərbaycanı ittiham etməklə məşğul olmaqdansa, öz daxili siyasətinə vaxt ayırmalıdır:

“Tehran bu gün İslam şəriətini bərqərar edib. Bunun fonunda orada hansı eybəcərliklərin baş verdiyini, öz xalqını necə rahatlıqla qətlə yetirdiyini, həddi-bülluğa çatmamış şagirdləri həbs edib öldürdüyünü müşahidə edirik.
Ona görə də islam şəriətini bərqərar etməzdən əvvəl öz toplumunda islam əxlaqını formalaşdırmalı idi. İranda yaşayan bir qadın baş örtüsünü niyə taxdığını bilmir və nümayişkəranə şəkildə çıxardıb atırsa, bunun tək günahkarı İranın savadsız molla rejimidir. Əgər qadın və ya kişi hər hansı islam ibadətini niyə həyata keçirdiyini bilmirsə, əlbəttə ki, buna qarşı çıxacaq.Tehranda bu gün dəhşətli zülm mövcuddur. İnsanların etirazı da elə bu zülm sisteminə qarşıdır “.

Natiq Mirinin sözlərinə görə, öz dövlətində normal nizam-intizam yarada bilməyən molla rejimi Azərbaycanı ittiham edir, təzminat istəyir: “Bu, absurd bir yanaşmadır. Düşünürəm ki, Tehran öz güzgüsünə baxıb daxildəki vəziyyəti doğru-dürüst qiymətləndirməyincə bütün müsəlman ölkələrinə böhtan atmaqda davam edəcək. Buna görə də həmin müsəlman ölkələri ilə düşmən münasibətindədir. Bu necə islam ölkəsidir ki, yalnız müsəlman dövlətlərlə düşmənçilik edir? “İslam” sözünün kökü belə barış deməkdir. Bu yanaşmada barış haradadır? ”

//Safura Bənnayeva, Editor.az