“İrimiqyaslı savaşın alovlanma ehtimalı çox da real görünməsə də sülh müqaviləsi imzalanana qədər görünür, erməni tərəfinin təxribatları dayanmayacaq. Belə insidentlər iki ölkə arasında münasibətlərin normallaşması şəraitində sona çatacaq. Bu da yalnız Ermənistanın öz üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyi, faşist ideologiyasına son qoyacağı və müstəqil dövlət kimi müstəqil qərarlar verəcəyi təqdirdə baş tutacaq”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, rəsmi Bakı 44 günlük Vətən Müharibəsi və ondan sonrakı dövrdə izlədiyi siyasəti davam etdirməlidir:
“Öz maraqlarımızı qəti şəkildə ortaya qoymalı və bu istiqamətdə konkret addımlar atmalıyıq. Bunlardan birincisi, yaxın zamanda Laçın rayonu ərazisində sərhəd-keçid məntəqəsinin qurulması və Ermənistandan Qarabağdakı silahlı birləşmələrə logistik dəstəyin tamamilə kəsilməsi ola bilər. Bundan sonra isə şərti sərhədlərdə mövqelərimizi möhkəmləndirməli və “Böyük Qayıdış” planını mərhələli şəkildə həyata keçirərək öz ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımızı tezliklə geri qaytarmalıyıq. Yalnız bundan sonra sözügedən məsələlər öz həllini tez bir zamanda tapacaq”.
//Gülnarə Abasova, Editor.az

