“İran  bu siyasəti ilə özünə ziyan vurur”- ŞƏRHbackend

“İran  bu siyasəti ilə özünə ziyan vurur”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son dövrlərdə İran Azərbaycanın Cənubi Qafqazda bir çox istiqamətdə qazandığı uğurlarının qarşısını almağa və ölkəmizin güclənən mövqelərinə zərbələr vurmaq üçün açıq düşmənçilik fəaliyyətinə keçib”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Anar Əliyev bildirib.

Onun sözlərinə görə, Ermənistan bu prosesdə molla rejiminin əlaltısına çevrilib:

“Bununla da İran beynəlxalq hüququn prinsipləri ilə daban-dabana ziddiyyət təşkil edən,  islami dəyərlərə əks olan addımlar atır. Mütərəqqi dünya ictimaiyyəti İran molla rejimini açıq və sərt şəkildə qınamadığı, cavab tələb etmədiyi üçün özlərini daha rahat hiss etməyə başlayıblar. Rəsmi Bakıya qarşı həyata keçirdikləri qanuna zidd fəaliyyətlərin əhatə dairəsini də genişləndirməyə çalışırlar. Tehrandakı səfirliyimizə edilən terror hadisəsi araşdırılmadan hüquqi qiymət verilmədən eyni hadisəni millət vəkilimizə etməklə terroru Azərbaycan daxilinə keçirməyə başladılar”.

Politoloqun fikrincə, İranın özünə daha uyğun şərtlərin diqtə etdiyi şəraitin formalaşması üçün atdığı addımlar Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına pozucu təsir göstərməyə başlayıb:

“Bu gün İran 10 noyabr üçtərəfli bəyanatının denonsasiya edilməsi istiqamətində sərsəm fikirlər səsləndirir. Xüsusilə həmin bəyanatın 9-cu bəndində açıq şəkildə qeyd olunan Azərbaycan Qərb hissəsinin Naxçıvan bölgəsi ilə maneəsiz şəkildə birləşdirəcək Zəngəzur dəhlizinin hüquqi statusu ilə bağlı İrana heç bir aidiyyatı olmayan, reallığı əks etdirməyən fikirlər səsləndirilir. Rəsmi Tehran iddia edir ki, 10 noyabr bəyanatında Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yalnız əlaqələrin qurulması öz əksini tapdığı halda, Bakı daha ciddi tələblər irəli sürür. İran əgər məsələlərə belə dəqiqliklə yanaşırsa, eyni ilə Laçın dəhlizinə də münasibət bildirsin. Xatırladım ki,  Laçın dəhlizinin yalnız humanitar məqsədlər üçün istifadə olunması qeyd olunduğu halda Tehran uzun müddət nəqliyyat vasitələri ilə bölgəyə qanunsuz yük daşımaq üçün istifadə edib. Bir sözlə İranın apardığı bu siyasət onun özünə zərər verir “.

//Safura Bənnayeva, Editor.az