“Rusiya Qırmızı Xaç Cəmiyyətinin Ağdam-Xankəndi yolu ilə göndərdiyi humanitar yardım Azərbaycan ərazisindən keçərək son nöqtəyə çatıb”.
Bu fikirləri Editor.az-a Milli Məclisin deputatı Arzu Nağıyev Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu 1 TIR ərzaq yükü 2 gün Bərdə şəhərində saxlanıldıqdan sonra bu gün Xankəndiyə girişinə icazə verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, sözügedən məsələ dünyaya verilən ciddi mesajdır: ” Azərbaycan ərazisinə daxil olan hər bir yük gömrük və sərhəd prosedurlarını keçməklə hansısa məntəqəyə, subyektə çatdırıla bilər. Bu, birmənalı şəkildə Azərbaycanın qanunudur. İndi də Ağdam-Xankəndi yolu ilə yükün daşınması bütün prosedurlara tam uyğundur və müstəqilliyimizin ən ciddi atributlarından biridir. Ən əsası da odur ki, yük daşınması gələcəkdə də davam edə bilər. Laçın yolu ilə daşınacaq yüklər ikinci dövlətin ərazisindən Azərbaycana daxil olduğu üçün mütləq şəkildə gömrük və sərhəd prosedurlarından keçməlidir”.
Millət vəkili onu da vurğulayıb ki, Azərbaycana qarşı heç bir qüvvə beynəlxalq səviyyədə təzyiq edə bilməz: “Çünki öz qanunlarımız var, heç bir norma və qanunları da pozmuruq. 2020-ci ilin noyabr sazişinə uyğun olaraq ilk növbədə qanunsuz silahlı birləşmələr ərazilərimizdən çıxarılmalıdır. Eyni zamanda, ərazilərimizi tərk etdikləri zamanda da mütləq şəkildə yoxlama prosedurlarını keçəcəklər. Azərbaycanın daxili və xarici siyasəti var. Buna uyğun olaraq ərazi bütövlüyümüzü, suverenliyimizi, müstəqilliyimizi qoruyuruq”.
//Safura Bənnayeva, Editor.az

