“G-20 sammiti çərçivəsində Cənubi Qafqazdakı vəziyyət Ərdoğan-Bayden, Ərdoğan-Makron görüşlərdə müzakirə olundu. Ərdoğan hər iki görüşdə altılıq platformanın vacibliyindən və Zəngəzur dəhlizindən danışıb. Ərdoğanın israrlı olduğu altılıq platforma Amerikanın bölgədə varlığını kölgə altına salır. Ona görə də ABŞ ciddi-cəhdlə Gürcüstanın platformadan kənar qalmasını təmin etməyə çalışır”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.
Politoloq bildirib ki, son dövrlər İsrail-Rusiya münasibətlərinin inkişafı timsalında düşünmək olar ki, ABŞ İranı da platformadan kənar salmağa çalışır:
“Bu baxımdan Türkiyə ilə münasibətlərin yumşaldılması da ABŞ üçün prioritet məsələ sayıla bilər. İstər altılıq platformanın əngəllənməsi, istər ABŞ-ın özünün də reallaşacağına heç bir şübhəsi olmadığı Zəngəzur dəhlizinin imkanlarından birgə istifadə, istər Türkiyənin yerləşdiyi geostrateji mövqe, Mərkəzi Asiyaya və Yaxın Şərqə təsir imkanlarının mövcud olması Ankaranı Vaşinqton üçün əhəmiyyətli edən səbəblər sırasındadır. Türkiyənin NATO üzvü olması da Amerikanı S-400 kimi məsələlərdən qaynaqlanan xoşagəlməz situasiyaları görməzdən gəlməyə vadar edə bilər. Bu baxımdan, Ərdoğanın görüşdən Baydenlə bağlı müsbət açıqlaması tərəflərin bir çox məsələdə olduğu kimi, Qafqazda da anlaşdığı fikrini gücləndirir. Fransa ilə danışıqlarda Qarabağ məsələsi, xüsusilə Minsk qrupunun yenidən dirçəldilməsi masaya gətirilsə də, Paris də Vaşinqton kimi reallıqları qəbul etmiş kimi görünür. “3+3″ formatının Makronla müzakirəsi də göstərir ki, Fransa “bükə bilmədiyi əli öpməli olduğunu anlayıb”.
//Gülnarə Abasova, Editor.az

