“3+3” platforması niyə gecikir?- Millət vəkilindən AÇIQLAMAbackend

“3+3” platforması niyə gecikir?- Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdıqdan sonra artıq bölgəmizdə yeni  siyasi arxitektura qurulur. Bu yeni siyasi konfiqurasiyada əsas diktə edən ölkə Azərbaycandır. Azərbaycan bu gün Türkiyə və Rusiya ilə müttəfiqlik müqaviləsi imzalayıb, digər qonşu  dövlətlər, İran, Gürcüstanla isə yüksək səviyyəli münasibətlərimiz mövcuddur. Regionda bizim problemimiz yalnız Ermənistanladır”.

Bu sözləri Editor.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkilinin sözlərinə görə, bu gün məğlub Ermənistanda hələ bəzi revanşist qüvvələr tərəfindən yeni müharibə ilə bağlı fikirlər səsləndirilir: ” Bu, yolverilməzdir. Azərbaycan 44 gündə olduğu kimi qısa vaxt ərzində problemlərin həllini tam təmin edə bilər, necə ki, doğulub böyüməkdə olan faşizmin başını əzdik. Yəni, bu tipli bəyanatlara tutarlı cavabların verilməsi birbaşa rəsmi Bakının öhdəliyindədir”.

V. İskəndərov onu da diqqətə çatdırıb ki, Azərbaycanın Qarabağ Zəfərindən sonra Türkiyə respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə hazırladıqları Cənubi Qafqazın üç ölkəsi,Türkiyə, Rusiya və İrandan ibarət altılıq, yaxud da “3+3” əməkdaşlıq platforması regionda sülhün dayanıqlığı baxımından xüsusi qiymətləndirilməlidir:

” Platformanın yaxın zamanlarda yaradılacağı deyilir. Lakin Gürcüstan hələ də bu platformaya qoşulmaq məsələsinə isti baxmır. Lakin Azərbaycan, Türkiyə, Rusiya prezidentləri dəfələrlə Gürcüstanın da bu formata qoşulmasının vacibliyini dilə gətiriblər. Bu platforma çərçivəsində yeni yaranmış siyasi-iqtisadi mənzərədə hər bir ölkə böyük qazanclar əldə edə bilər. Bu, Cənubi Qafqazda sülhün bərqərar olması, iqtisadi rıçaqların işə düşməsidir.  “3+3″ platformasına Ermənistanın da mövqeyi hələ tam aydın deyil. Rəsmi İrəvan da reallıqları anlayaraq yeni çağırışlara adekvat cavab verməlidir”.

//Gülnarə Abasova, Editor.az